Marqvelaşvili Yerevanda: fərqli xarici prioritetlər əməkdaşlığa maneə deyil

georgi margvelashvili yerevan
Şəklin alt yazısı, Bu, Georgi Marqelaşvilinin prezident vəzifəsində Ermənistana ilk dəfə səfəridir
Çap edildi

Ermənistanın Gömrük İttifaqına daxil olması Avropa İttifaqı ilə azad ticarət haqqında saziş imzalamış Gürcüstanla münasibətlərə maneə olmayacaq, Yerevanda səfərdə olan Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə birgə brifinq zamanı Ermənistan prezidenti Serj Sarkisyan deyib.

Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin Ermənistana ikigünlük səfəri cümə axşamı başlayıb. İki ölkə başçılarının görüşündən sonra nümayəndə heyətləri arasında geniş tərkibli danışıqlar keçirilib.

Margvelaşvili və Sarkisyan Ermənistanın Gömrük İttifaqına daxil olması, Gürcüstanın Avropa İttifaqı ilə azad ticarət haqqında saziş imzalaması ölkələr arasında münasibətlərə maneə olmayacağını bəyan ediblər
Şəklin alt yazısı, Margvelaşvili və Sarkisyan Ermənistanın Gömrük İttifaqına daxil olması, Gürcüstanın Avropa İttifaqı ilə azad ticarət haqqında saziş imzalaması ölkələr arasında münasibətlərə maneə olmayacağını bəyan ediblər

“Ermənistanın Gömrük İttifaqına birləşməsi qərarı və Gürcüstanın Avropa İttifaqı ilə azad ticarət haqqında saziş imzalamaq qərarı, bizim ümumi fikrimizcə, ölkələrimiz arasında iqtisadi münasibətlərə maneə olmayacaq. Əksinə, bu qərarlar bizim iş adamları üçün yeni imkanlar açır”, - birgə brifinq zamanı Serj Sarkisyan deyib.

Ermənistanla Gürcüstanın müxtəlif iqtisadi inkişaf istiqamətləri seçdikləri məsələsinə toxunan Georgi Marqvelaşvili deyib ki, “ölkələrin müxtəlif siyasi vektorlarına baxmayaraq, dəyişiklər müsbət olacaq”.

“Biz münasibətlərimizin inkişafı və dərinləşməsi üçün əlimizdən gələni edəcəyik”, - Marqvelaşvili bildirib.

georgi margelashvili yerevan
Şəklin alt yazısı, Gürcüstan prezidenti Yerevandakı "Erməni soyqırımı" abidəsi önünə əklil qoyub.

İki ölkə rəhbərləri regional infrastruktur layihələrini, “beynəlxalq arenada hər iki ölkə üçün həssas məsələlərə dair tarazlaşdırılmış və konstruktiv mövqenin qorunub saxlanmasının vacibliyini qeyd ediblər”, Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Georgi Marqvelaşvili Gürcüstan erməni icmasının ölkənin iqtisadi, siyasi və mədəni həyatında “əhəmiyyətli rolunu” qeyd edib.

Gürcüstan prezidenti Eçmiadzin Baş Kilsəsində Bütün Ermənilərin Katolikosu II Qareginlə görüşüb, “Erməni soyqırımı” xatirə kompleksinə baş çəkib, abidə önünə Gürcüstan dövləti adından əklil qoyub, xatirə xiyabanında, ənənəvi olaraq, küknar ağacı əkib.