Soçi Olimpiadası Putinin Rusiyada reytinqini artırıb

Putin
Şəklin alt yazısı, Putinin reytinqi artıb.
Çap edildi

Soçidə keçirilmiş Qış Olimpiya oyunları rusiyalıların Vladimir Putinə etimadının düşməsi tendensiyasını dəyişərək ilk dəfə olaraq prezidentin reytinqinin artmasına səbəb olub.

Rəy sorğusunu keçirən Moskvadakı "Levada-sentr" sosioloji araşdırmalar mərkəzinin direktoru Lev Qudkovun sözlərinə görə, 2008-ci ildən başlayaraq Putinə rusiyalıların dəstəyi getdikcə azalırdı, Soçi Olimpiadası nəticəsində isə ilk dəfə olaraq onun reytinqi artmağa başlayıb.

Sorğunun nəticələrinə əsasən Rusiya əhalisinin 67%-i Putinin fəaliyyətini müsbət qiymətləndirir (2013-cü ildə belələrinin sayı 60% olub).

Putinin fəaliyyətindən narazı qalanlar isə 27% təşkil edir.

"Levada–sentr" mərkəzi rəhbərinin sözlərinə görə, sorğu Ukraynada hadisələrin ən son və gərgin mərhələsindən əvvəl keçirildiyindən indi ictimai rəyin hansı tərəfə dəyişəcəyini demək çətindir.

Lakin Lev Qudkov 7% artımın ciddi göstərici olduğunu qeyd edib.

Bu dəfə müstəqil "Levada–sentr" mərkəzinin keçirdiyi sorğunun nəticələri dövlət sosiloji sorğu təşkilatı olan VSİOM apardığı analoji araşdırmanın nəticələri üst-üstə düşüb.

VSİOM sorğunu mart ayının əvvəlində keçirib. Sorğunun nəticələrinə əsasən Olimpiada keçdiyi və Kiyevdə Maydan ətrafında vəziyyətin gərginləşdiyi dövr ərzində prezident Putinin hərəkətlərini dəstəkləyənlər 68% təşkil edib.

Bu rəqəmlər ikinci həftədir ki, eyni səviyyədə qamaqdadır və son 2 ilin maksimum göstəricisi sayılır.