Amerikalı həmsədrin Qarabağ tənzimlənməsi üzrə təklifləri şərh olunur

Şəklin mənbəyi, BBC World Service
Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri James Warlick-in münaqişənin həlli üzrə açıqladığı prinsipləri şərh edən Azərbaycan rəsmisi Dağlıq Qarabağa sülhməramlı qoşunların yerləşdirilməsinə tərəfdar olduğunu deyib.
"Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində sülhməramlı qoşunlar həmin əraziyə yerləşdirilməlidir. Çünki münaqişə tərəfləri arasında inam yoxdur və məcburi köçkünlərin təhlükəsizliyi üçün sülhməramlılar yerləşdirilməlidir", - Azərbaycan XİN rəhbəri Elmar Abdullayev deyib.
James Warlick-in çərşənbə günü Karneqi Fondunda çıxışı zamanı açıqladığı 6 prinsip haqqında danışan cənab Məmmədyarov deyib ki, mövcud status-kvo qəbuledilməzdir.
"Status-kvo ermənilər üçün də qəbuledilməzdir, ölkədə inkişaf getmir, demoqrafik problemlər var. Biz erməni tərəfinə çağırış edirik ki, bu məsələni həll edək”, - Elmar Məmmədyarov deyib.
Azərbaycan xarici işlər naziri bəyan edib ki, “Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz”.
“Bütün problemlər ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması təqdirdə həll oluna bilər”, - Trend agentliyinin məlumatına görə, Elmar Məmmədyarov deyib.
“Mövcud reallıq nəzərə alınmalıdır”

Şəklin mənbəyi, BBC World Service
Rəsmi Yerevan Minsk Qrupunun amerikalı təmsilçisi James Warlick-in bəyanatına hələ münasibət bildirməyib.
Tanınmamış Dağlıq Qarabağ Respublikası XİN-i isə məsələyə dair xüsusi bəyanat yayıb və öz növbəsində, “tənzimləmə perspektivlərinə dair DQR-in mövqeyi dəyişməz” qaldığını bildirib.
“DQR-in müstəqilliyi və təhlükəsizliyi hər hansı möhtəkirlik obyekti ola bilməz və bu, müstəsna dəyərdir. Dağlıq Qarabağın taleyi onun xalqının azad və legitim iradə israr etmək yolu ilə 1991-ci il müstəqillik haqqında referendum nəticəsində təyin edilib”, - bəyanatda deyilir.
Bəyanat müəllifləri Minsk Qrupu həmsədrlərini “birgə səylərlə” elə tənzimləmə mexanizmləri hazırlamağa çağırırlar ki, “Sovet İttifaqının parçalanması və Azərbaycan tərəfinin təhrik etdiyi müharibə nəticəsində yaranmış reallıqlar nəzərə alınaraq, iki müstəqil dövlətin – Ermənistan Respublikası və DQR – dinc yaşama şəraitləri təmin olunsun”.
“Madrid prinsipləri rəhbər tutulur”
James Warlick-in bəyan etdiyi 6 tənzimlənə elementi, “Xarici siyasət və təhlükəsizlik üzrə ictimai şura” təşkilatının sədri Masis Mailyanın sözlərinə görə, bir əsas mesaj ehtiva edir.
"Səfir Warlick beynəlxalq müşahidəçilərin Qarabağ prosesində daha əvvəl bəyan edilmiş Madrid prinsiplərinə əməl edildiyini anlatmaq istəyir", - deyir Mailyan.
Təhlilçi son 5 il ərzində “Madrid prinsiplərinin qəbul olunması və tətbiq edilməsinin bölgə sabitliyini pozmaq təhlükəsi kəsb etdiyi haqqında ciddi arqumentlər” gətirildiyini bildirir.
“Erməni diplomatlar güclü qeyri-konstruktiv potensiala malik olan, erməni tərəfin maraqlarına zidd çoxsaylı element ehtiva edən bu sənəd layihəsini müzakirə etməkdən imtina etməlidilər”, - Mailyan təklif edir.
James Warlick-in təklifləri
“Sülh yaxındır. Tərəflər elə bir məqama yetişib ki, gələcəyə yönəlik mövqeləri çox da fərqli deyil”.
Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri James Warlick Karneqi Fondunda Dağlıq Qarabağ münaqişəsinin həllinə dair çıxışında deyib.
O, razılaşma üçün prinsip, anlaşma və sənədlərin artıq danışıqlar masasında olduğunu və onlardan heç kim imtina etmədiyini bəyan edib.
“Çətini... fikir ayrılıqlarını aradan qaldırmaq üçün son və cəsarətli addımı atmaqda tərəflərə kömək etməyin yolunu tapmaqdır”, - deyə James Warlick 20 ildə sülhə nail olunmadığını, tərəflərin bir-birinə inanmsdığını, Azərbaycanda və Ermənistanda “bir-birini tanımayan nəsil” yetişdiyini qeyd edib.
Həmsədrin fikrincə, ATƏT müşahidəçiləri kövrək sülhə nəzarət üçün 20 ildir fəaliyyət göstərirlər. Lakin tez-tez baş verən itkilərə son qoymaq, hətta bunun üçün məsul olanları müəyyən etmək üçün onların nə mandatı, nə də resursları var.
James Warlick çıxışının sonunda sülh sazişinin tərkib hissəsi ola biləcək altı elementə toxunub:
1. Dağlıq Qarabağın mürəkkəb tarixini nəzərə alınmaqla... yekun status gələcəkdə tərəflərin qarşılıqlı surətdə razılaşdırılmış rəy ifadəsi əsasında müəyyənləşdirilməlidir. Aralıq variantlar müvəqqəti olacaq.
2. Bakının nəzarətində olmayan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinə elə bir müvəqqəti status verilməlidir ki, minimum təhlükəsizlik və özünüidarəyə zəmanət olsun.
3. Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Azərbaycanın suverenliyinə hörmət olunmadan tənzimlənmə mümkün deyil, və bu ərazilər üzərində Azərbaycanın suverenliyi bərpa olunmalıdır.
4. Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz olmalıdır. Dəhlizin eni təhlükəsiz keçid təmin etmək üçün kifayət qədər enli olmalıdır, lakin Laçın rayonunu bütünlüklə əhatə edə bilməz.
5. Uzunmüddətli tənzimləmə çərçivəsində qaçqın və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtmaq hüquqları tanınmalıdır.
6. Tənzimlənmənin sülhyaratma əməliyyatı da daxil, beynəlxalq təhlükəsizlik təminatı olmalıdır. Bütün tərəflərin etimad etdiyi, yaxşı düşünülmüş sülhyaratma əməliyyatı olmadan sülhə təminat variantı yoxdur.
























