Medvedev: Ukraynadan gələn qaçqınların sayı 4 minə çatıb

Şəklin mənbəyi, AP
Baş nazir Dmitri Medvedevin sözlərinə görə son günlərdə Ukrayanadan Rusiyaya qaçqın axını ilə bağlı "görünməmiş" vəziyyət yaranıb.
Onun sözlərinə görə, artıq 4 min adam Ukraynanın cənub-şərqində evlərini tərk edərək Rusiya ərazisinə keçib.
Eyni zamanda Rostov vilayətinin rəsmiləri BBC-ə bildiriblər ki, iyunun 5-də bu bölgəyə Ukrayna sərhədini keçərək 7 min adam daxil olub.
Vilayət rəsmilərinin sözlərinə görə, ukraynalılar Rostova Rusiyadakı yaxınlarına baş çəkmək və istirahət etmək məqsədilə gəliblər.
Xəbər verildiyinə görə, ötən gün, Ukrayna ilə həmsərhəd Rostov quberniyasının 15 rayonunda Fövqəladə Vəziyyət rejimi elan edilib.
Elə həmin gün Ukrayna Dövlət Sərhəd Xidməti Rusiya ilə sərhəddə heç bir Ukrayna vətəndaşının Rusiyadan qaçqın statusu almaq niyyətini bildirmədiyini qeyd edib.
Sərhəd Xidmətinin məlumatına görə, Rusiya istiqamətində Ukrayna sərhədini hər gün orta hesabla 11,5 min vətəndaş keçir, və təxminən o qədər də adam Rusiyadan Ukraynaya əks istiqamətdə gəlir.




















