Ukrayna: separatçılar Slovyanskdan Donetska qaçıb

ukraine
Şəklin alt yazısı, Separatçılar Sloyansk, Kramatorsk və digər məntəqələrdən çıxaraq Donetsk şəhərinə yollanıblar.
Çap edildi

Ukraynanın şərqində separatçılar bir neçə yaşayış məntəqəsini tərk edərək Donetsk şəhərinə yollanıblar.

Prezident Petr Poroşenko Sloyvansk şəhərinin Ukrayna ordusu tərəfindən alınmasını "mühüm nəticə" adlandıraraq eyni zamanda bunun hələ tam qələbə olmadığını da qeyd edib.

Onun sözlərinə görə 2 ay ərzində separatçıların ixtiyarında olduqdan sonra şəhərin Kiyevin nəzarəti altına keçməsi ölkənin ərazi uğrunda mübarizədə həlledici nəticə əldə etməsi deməkdir.

Slovyansk, Kramatorsk və bir neçə digər yaşayaış məntəqələrini tərk edən separatçılar öz hərəkətini "hesablanmış geriçəkilmə" adlandırıblar.

Slovyansk şəhərinə Ukrayna ordu hissələri daxil olduqdan sonra şəhər üzərində Ukrayna milli bayrağı qaldırılıb.

Məlumatlara görə, rusiyapərəst separatçılar Slovyansk, Kramatorsk və bir neçə digər məntəqəni tərk edərək Donetsk şəhərinə gəliblər.

Tanınmamış "Donetsk xalq respublikasının Baş naziri" Aleksandr Borodayın sözlərinə görə separatçılar "şimal sektoru taktiki məqsədlə tərk ediblər".

Ötən bazar ertəsi prezident Poroşenko 10 gün davam etmiş atəşkəsi uzatmamaq qərarı verdikdən sonra, Ukrayna silahlı qüvvələri ölkənin cənub-şərqində hərbi əməliyyatı bərpa edib.