İran: Rohani universitetlərdə akademik azadlıq istəyir

Şəklin mənbəyi, Reuters
İran prezidenti Həsən Rohani ölkənin universitetlərində daha çox akademik azadlığa çağırış edib.
Tehran Universitetində tələbələrin qarşısında çıxış edən islahatçı prezident deyib ki, məhdudiyyətlər innovasiyaya hüdud qoyur.
"Yersiz məhdudiyyətlər tolerantlığın olmamasına [və] vicdanlı, bilikli şəxslərin uzaqlaşmasına səbəb olur", Prezident Rohani əlavə edib.
İranda islahatlara qarşı olanlar cənab Rohaniyə etiraz edib.
Dövlət televiziyasında yayımlanan çıxışında cənab Rohani deyib: "Biz universitet professorlarının müxtəlif fikirlərini səsləməsi barədə narahat olmamalıyıq".
Prezident həmçinin xarici professorların cəsus olması barədə narahatlıqları rədd edib, bu cür bəyanatları "bəhanə" adlandırıb.
Tədris ilinin başlanğıcı ilə bağlı tələbələrə müraciət edən ölkə prezidenti həmçinin tələbələrin tədbirdə çıxış etməməsi barədə narazılığını ifadə edib.
"Mən danışmaq üçün deyil, dinləmək üçün bura gəlmişəm", o deyib. "Təəssüflər olsun ki, bu günkü proqramda tələbələr assosiasiyasının nümayəndəsi çıxış etməyib".
Cənab Rohani əlavə edib ki, İslamın elmə yanaşması o demək deyil ki, bu fənnə əhəmiyyət verilməməlidir.
Müxbirlər deyirlər ki, prezidentin çərşənbə axşamı etdiyi müraciət, onun seçkilər zamanı İranda daha çox açıqlıq barədə etdiyi vədinə əməl etmək istəyini göstərir. Amma ölkədə yüksək vəzifələr tutan mühafizəçilər razı olmayacaqlar.
























