Sorğu iştirakçılarının 70 faizdən çoxu Qərbi Rusiyanın düşməni sayır

Rusiya
Şəklin alt yazısı, Rusiyalıların 70%-dən çoxu Qərb ölkələri və ABŞ-da düşmən görür
Çap edildi

Levada mərkəzinin keçirdiyi sorğunun nəticələrinə əsasən respondentlərin 70 faizdən çoxu Qərbi Rusiyanın düşməni sayır.

Sorğuda iştirak edənlərin 79 faiz ABŞ, Almaniya, Yaponiya, Britaniya və bu kimi Qərbin digər aparıcı ölkələrini Rusiyanın düşməni adlandırıb.

Respondentlər həmin ölkələrin öz problemlərini Rusiyanın hesabına həll etməyə çalışdığı deyib. Sorğu iştirakçıları fürsət düşən kimi onların Rusiya maraqlarına zərbə vuracağını hesab edirlər, Levada-mərkəzi keçirdiyi sorğunun nəticələrində qeyd edib.

Respondentlərin yalnız 8 faizi ABŞ və Avropa ölkələrinin Rusiyanın maraqları ilə hesablaşdığını zənn edir.

Sosioloqların qeyd etdiyi kimi, əhalinin ABŞ və Avropa İttifaqına neqativ hissləri sorğuların keçirilməyə başlanmasından bəri ən zirvə nöqtəsinə çatıb.

Çinə münasibətdə isə bunun tam əksi müşahidə edilməkdədir.

Sorğu iştirakçılarının 19 faizi Rusiya ilə Çin arasında münasibətləri dostluq münasibətləri, 25 faizi - qonşuluq münasibətləri, 35 faizi isə normal münasibətlər kimi səciyyələndirib.

Buna baxmayaraq respondentlərin 66 faizi Rusiya ilə ABŞ və digər Qərb ölkələri arasında münasibətlərin yaxşılaşmasının tərəfdarı olduqlarını bildiriblər.

Rusiya ilə Qərb ölkələri arasında münasibətlər Krımın ilhaqı və Ukraynanın şərqində hərbi münaqişə başladıqdan sonra pisləşib.