Ukrayna münaqişəsi : Separatçılarn "tez-bazar" zorlama məhkəməsi

    • Müəllif, Dina Newman
    • Vəzifə, BBC News
  • Çap edildi

Urkaynanın separatçı şərqində zorlama törətməkdə şübhəli bilinən iki şəxsin taleyi əl qaldıraraq səs verilməsi yolu ilə həll olunub.

Luhansk bölgəsi, Alçevsk şəhərinin sakinləri oktyabrın 25-də keçirilmiş "ilk xalq məhkəməsinin" iclasında iştirak etməyə dəvət edilmişdilər.

Həmin əraziyə nəzarət edən separatçıların "Prizrak" (kabus) adlı batalyonu iddia olunan cinayətləri araşdırıb başa vurduğunu bildirərək, sakinləri hökmün çıxarılmasında iştirak etməyə çağırmışdı.

Alçevskdən telefonla mənimlə danışan "Qaçaqmalçı" ləqəbli döyüşçü həmin məhkəmədən fərəhləndiyini bildirdi.

"Çinayətkarları yer üzündən silmək lazımdır", o dedi.

"Biz hamımız belə hesab edirik", telefonun mikrofonuna həmsöhbətimin ətrafında duranın da səsi də gəlib çatdı.

"Onların cinayətinə məruz qalan qurbanlarla görüşmüşəm", qaçaqmalçı davam etdi. "Onlar pis vəziyyətdədir. Biz fövqəladə qanunlar rejimində yaşayırıq, cinayətkarlıq baş alıb gedir, məhkəmələr işləmir, bu səbəbdən "xalq məhkəməsi" yaratmaq qərarına gəldik. Ümid edirəm ki, seçkidən sonra hökümətimiz də, qanunlarımız da, məhkəmələrimiz də olacaq".

Separatçıları dəstəkləyən və bir ara həmin batalyona ezam olunmuş junalist Tanay Çolxanov sözü gedən məhkəmə prosesinin şahidi olub. Onun təbirincə, həmin məhkəmə "başdan-ayağa fars olub".

"Orada olan insanların əksəriyyəti nəyin baş verdiyini anlamırdı. Bu, faciədir", o, deyir.

Ukrayna
Şəklin alt yazısı, Ölümə məhkum olunmuş müttəhimin anasına məhkəmə qərarı çıxarıldıqdan sonra yardım göstərmək lazım gəlib.

Batalyon tərəfindən internetə yerləşdirilmiş videoda məhkəmə iclasında 340 adamın iştirak etdiyi görünür.

Videoda batalyon komandiri Aleksey Mozqovoy fürsətdən istifadə edərək əhaliyə xəbərdarlıq da ünvanlayır.

"Restoranlarda qadınların sayı artıb," o deyir. "Onlardan uşaqları nə nümunə götürəcək? Bundan sonra restoran və kafelərdə vaxt keçirən qadınları həbs edəcəyik".

Videoda şübhəlilərin ikisinin də batalyon müstəntiqlərinin təqdim etdiyi dəlillər əsasında təqsirli sayıldığı göstərilib.

Müttəhimlərdən birinə "günahını qanla yuması" üçün ölüm hökmü əvəzinə cəbhə xəttinə göndərilməsi barədə qərar çıxarılıb.

Ukrayna
Şəklin alt yazısı, Məhkməmə qərarı əlqaldırma səsverməsilə çıxarılıb.

İkinci müttəhim, anasının yalvarışlarına baxmayaraq, güllələnməyə məhkum olunub.

Səs çoxluğu ilə ona ölüm hökmü çıxarılıb.

"Ona yazığınız gəlsin. Günah məndədir, məni edam edin", nalə çəkən ananın səsinə fikir verən olmadı.

Batalyondan BBC-ə bildirilib ki, hər iki məhkum hazırda həbs altındadır və çıxarılmış hökmlər yaxın həftələrdə icra ediləcək.

"Prizrak" batalyonunda 1500-dək döyüşçü var, onlar 100,000 əhalisi olan əraziyə nəzarət edirlər.

"Onlar vətəndaşları hədələyir", Tanay Çolxanov deyir, onun qənaətincə komandir Aleksey Mozqovoy özü məhkəməlikdir.

Lakin Ukraynanın şərgində məhkəmələrdə bu gün hakimlik edən separatçılardır.