İran hökuməti Urmiyə Gölü üçün "vəsait ayırıb"

Urmiyə Gölü
Şəklin alt yazısı, Ekoloji ekspertlərə əsasən Urmiyə Gölü bir neçə il ərzində tamamilə quruya bilər
Çap edildi

İran hökumətinin sözçüsü Urmiyə Gölünün bərpa edilməsi üçün vəsait ayırdığını bəyan edib, Fars xəbər agentliyi məlumat verir.

Çərşənbə günü keçirdiyi mətbuat konfransında Mohammad Baqer Nowbakht deyib ki, hökumət Urmiyə Gölünü bərpa etmək üçün 729 milyard tümən (214 milyon AZN) ayırmağı təsdiq edib, məlumatlarda deyilir.

"Bu vəsait Urmiyə Gölünün Bərpası qərargahının [problemin həlli üzrə] təkliflərini həyata keçirmək üçün ayrılıb", cənab Nowbakhtdan sitat gətirilir.

Orta Şərqdə ən böyük göl olan Urmiyə Gölü İranda, Şərqi və Qərbi Azərbaycan vilayətlərinin arasında yerləşir.

Urmiyə və Təbriz rəsmiləri gölün qurumasına görə yaranacaq ekoloji fəlakət barədə narahatlıqlarını bildiriblər. Gölün yaxınlığında məskunlaşan azərbaycanlılar, göl quruyarsa, onun ətrafında yaşayan insanlara zərər dəyəcəyindən qorxduqlarını bildirirlər.

UNESCO-nun Biosfer Qoruğu adlandırdığı Urmiyə Gölünün ərazisi quraqlığa və bəndlərin çəkilməsinə görə son 20 il ərzində böyük hissəsini itirib. Ekoloji ekspertlərə əsasən göl bir neçə il ərzində tamamilə quruya bilər, bu isə ekoloji fəlakət gətirə bilər.