Ermənistan parlamenti Qarabağın tanınması layihəsini qəbul etməyib

Şəklin mənbəyi, BBC World Service
Ermənistan Milli Məclisi çərşənbə günü “Dağlıq Qarabağ və Ermənistan respublikalarının təhlükəsizlik təminatının hərbi-siyasi prinsipləri haqqında” qanun layihəsini qəbul etməyib.
Müxalif Jaranqutyun (İrs) fraksiyasının təmsilçisi Zaruhi Postancyanın hazırlayıb Milli Məclisə təqdim etdiyi layihə həmçinin Ermənistan tərəfindən Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını nəzərdə tutulur.
131 nəfərlik parlament üzvlərinin 8 nəfəri qanun layihəsinin lehinə səs verib, bir nəfər bitərəf qalıb. Hakim Respublikaçılar Partiyası fraksiyası səsvermədə iştirak etməyib.
Təxminən iki ay bundan əvvəl Ermənistan parlamenti səs çoxluğu ilə İrs fraksiyasının eyni məzmunlu qanun layihəsinin müzakirəsini bir il müddətinə təxirə salmışdı. Milli Məclisin Xarici Əlaqələr Komissiyası qanun layihəsinin parlamentin plenar iclasının gündəliyinə daxil edilməsini məqsədəuyğun bilməmişdi.
Xanım Postancyan sözügedən məsələnin aktuallaşmasını Ermənistanın gələn ildən Avrasiya İqtisadi Əməkdaşlıq İttifaqına (AİƏİ) daxil olması ehtimalı ilə əlaqələndirir.
“Ona kimi Ermənistan Dağlıq Qarabağın statusuna dair öz mövqeyini rəsmən təsbit etməlidir. Çünki Ermənistan Respublikasının AİƏİ-yə üzv olması haqqında müqavilə üzrə, çox güman ki, Ermənistanla Qarabağ arasında başqa dövlət nümayəndələri tərəfindən idarə edilən gömrük məntəqələrini qurmaq nəzərdə tutulur”, - millət vəkili deyir.

Şəklin mənbəyi, BBC World Service
Zaruhi Postancyanın sözlərinə görə, xarici diplomatlarla söhbət zamanı Qarabağın tanınması məsələsini qaldıranda, “onlar birmənalı olaraq, bunun əvvəlcə Qarabağın Ermənistan tərəfindən tanınmasından sonra mümkün olduğunu bildirirlər”.
“Əgər Yerevan Dağlıq Qarabağın beynəlxalq aləmdə tanınması məsələsini məqsəd qoyursa, DQR-in təhlükəsizliyi naminə bunu ilk növbədə, beynəlxalq hüquq subyekti olaraq, Ermənistan etməlidir”, - o deyib.
“Vaxtı deyil”
İrs parlament fraksiyası bu məsələni ilk dəfə deyil ki, gündəmə gətirir, lakin o, parlament çoxluğunun mənfi reaksiyasıyla qarşılaşır.
Daha əvvəl parlamentin sədri Qalust Sahakyan “vaxtlı-vaxtsız Qarabağın müstəqilliyinin Ermənistan tərəfindən tanınmasını tələb etməyi provokasiya və siyasi tərslik” adlandırıb.
Parlament sədrinin müavini Eduard Şarmazanov hakim Respublikaçılar Partiyasının mövqeyinin indi də dəyişmədiyini bildirib.
“Qarabağ münaqişəsinin yeganə ədalətli həlli Dağlıq Qarabağın beynəlxalq aləmdə tanınması ola bilər. Lakin onun Ermənistan tərəfindən tanınması bu işi əngəlləyər. İndiyə qədər biz bu istiqamətdə çox iş görmüşük, hərçənd geosiyasi proseslər də dünyada xalqların öz müqəddəratını təyin etmək hüququ prinsipinə üstünlük verildiyini göstərir”, - Şarmazanov deyib.

Şəklin mənbəyi, BBC World Service
İrs partiyasının təşəbbüsünü parlamentin digər müxalif fraksiyaları da dəstəkləməyib.
Erməni Milli Konqresi fraksiyasının rəhbəri Levon Zurabyan Dağlıq Qarabağın statusu məsələsi ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların mövzusu olduğunu xatırladır.
“Belə bir addım Ermənistanın birtərəfli surətdə danışıqlardan çıxması deməkdir və danışıqların tam pozulmasına səbəb ola bilər, Ermənistanın təcrid olunmasına gətirər və hərbi əməliyyatların yenidən başlanması təhlükəsi üçün məsuliyyət Ermənistanın üzərinə düşər“, - Zurabyan qeyd edib və fraksiyasının səsvermədə iştirak etməyəcəyini bəyan edib.
Daşnaksutyun fraksiyası qanun layihəsinin lehinə səs versə də, hesab edir ki, “bu kimi təşəbbüslər dövlət tərəfindən dəstəklənmək şərtilə konsensus əsasında“ irəli sürülməlidir.
“Biz belə sənədlərə bitərəf ya əleyhinə səs verəndə, bu, ölkə xaricində spekulyasiyalara səbəb olur və səhv təfsir olunaraq, Dağlıq Qarabağın müstəqilliyini tanımaq istəmədiyimiz kimi yozulur”, - Daşnaksutyun fraksiyasının rəhbəri Armen Rustamyan bəyan edib.
























