Türkiyə-PKK sülh prosesi “dönüş nöqtəsi”ndə

    • Müəllif, Güney Yıldız
    • Vəzifə, BBC News
  • Çap edildi

Türkiyə ilə həmsərhəd Suriya kürd şəhəri Kobanidə gedən döyüşlər Türkiyə hökuməti ilə Kürdüstan İşçi Partiyası (PKK) arasında sülh prosesini pozulma həddinə çatdırıb.

Türkiyə hökumətinin İslam Dövlətinə (İD) qarşı vuruşan və pis silahlanmış kürdlərə kömək etmək istəməməsi oktyabrın əvvəllərində Türkiyə şəhərləri boyunca onlarla insanın ölümü ilə nəticələnmiş etirazlara səbəb olmuşdu.

Türkiyə döyüş təyyarələrinin PKK mövqelərini bombardman etməsi və ölkənin cənub-şərqindəki Diyarbakır və Hakkaridə Türkiyə əsgərlərinin naməlum basqınçılar tərəfindən öldürülməsi zorakılığın şiddətlənməsi ilə nəticələnmişdi.

Bütün bunlara baxmayaraq, həm hakim Ədalət və İnkişaf Partiyası, həm də PKK BBC-ə müsahibələrində sülh prosesinin davam etdirilməsi üçün güclü siyasi istək ifadə ediblər.

Kobani böhranı Türkiyə hökumətinin və bütövlükdə kürd hərəkatının yaxınmüddətli məqsədlərinin haçalandığını nümayiş etdirib.

Kobani, xüsusən də blokadanın əvvəllərində, kürdlərə göstərib ki, hökumətin PKK-ya bağlı kürdləri İslam Dövlətindən daha böyük təhlükə hesab etməsi kimi qavraması siyasəti dəyişməyib.

Zorakı nümayişlər bir daha göstərdi ki, PKK zorakılığa əl ata və ətrafında çox sayda insanı səfərbər edə bilər.
Şəklin alt yazısı, Zorakı nümayişlər bir daha göstərdi ki, PKK zorakılığa əl ata və ətrafında çox sayda insanı səfərbər edə bilər.

Zorakı nümayişlər Ankara hökumətinə bir daha göstərdi ki, PKK asanlıqla zorakılığa əl ata və ətrafında çox sayda insanı səfərbər edə bilər. Türkiyə, bir neçə Qərb ölkəsi kimi PKK-nı terrorçu təşkilat elan edib.

Peşmərqə döyüşçülərinin Türkiyə üzərindən Kobaniyə keçməsi kürdlər arasında alqışla qarşılanıb.
Şəklin alt yazısı, Peşmərqə döyüşçülərinin Türkiyə üzərindən Kobaniyə keçməsi kürdlər arasında alqışla qarşılanıb.

Bu arada Türkiyə daxilində PKK-ya bağlı gənclər qruplaşmaları yolları bağlamaq və kənd yerlərini və şəhər ətraflarını nəzarət altına keçirmək cəhdləri ilə dövlətin hakimiyyətinə meydan oxuyur.

Qiyamçı komandirlərdən Cemil Bayık BBC-nin suallarına İraqdakı Qəndil dağlarında yerləşən bazasından cavab verib. O, Türkiyəni atəşkəsin son iki ili ərzində müharibə zamanı olduğundan daha çox hərbi baza yaratmaqda ittham edir.

“Biz inanmırıq ki, Türkiyə kürd hərəkatını ləğv etmək siyasətindən əl çəkib. Onlar bizim üstümüzə hər an hücum edə bilərlər” – Bayık bildirir.

“Odur ki, biz dönüş nöqtəsindəyik, - deyir komandir. – Burada üçüncü yol yoxdur”.

Lakin bir Türkiyə rəsmisinin fikrincə, PKK liderləri hazırkı hadisələrdən Türkiyədə də sərhədin o tayındakı Kobanidə olduğu kimi özünü idarə edən şəhərlər modelini yaratmağa çalışırlar.

“PKK düşünür ki, Yaxın Şərqdəki köhnə status quo-nun dağılması ilə yaranmış hazırkı qarışıqlıqdan bəzi fürsətlər əldə edə bilər” – hakim partiyanın sədr müavini Yasin Aktay deyir.

Cihadçıların İraq və Suriyada böyük torpaq ərazilərini zəbt etdikləri bir vaxtda PKK-nın vuruşmalarda bərkə-boşa düşmüş döyüşçüləri və onların YPG-dən olan suriyalı kürd müttəfiqləri İD-ə qarşı səmərəli döyüşən qüvvə və potensial partnyor olduqlarını isbat etmişlər.

Prezident Recep Tayyip Erdoğan (sağda) həbsdə olan PKK liderilə danışıqlarda aparıcı rol oynayır.
Şəklin alt yazısı, Prezident Recep Tayyip Erdoğan (sağda) həbsdə olan PKK liderilə danışıqlarda aparıcı rol oynayır.

ABŞ Kobanini qoruyan kürd qüvvələri ilə birbaşa əlaqələrə daxil olub.

PKK komandiri Cemil Bayık inanır ki, ABŞ və Avropa İttifaqı PKK və Türkiyə arasındakı sülh prosesində müsbət rol oynaya bilər.

“Hazırda vasitəçilik yoxdur. PKK həmişə inanıb ki, başqa ölkə və təsisatlar da sülh prosesində iştirak edə bilər. Odur ki, vasitəçilərin dəvət edilməsi üçün əsl vaxtdır” – deyir PKK komandiri.

Buna baxmayaraq, AK partiyanın sədr müavini əmin deyil. Yasin Aktayın sözlərinə görə, bundan əvvəlki səylər “vasitəçilərin prosesə yardımdan daha çox əngəl törətməsi ilə nəticələnib”.

Vasitəçiliyin olmadığı bir şəraitdə sülh danışıqlarında PKK-nın tərəfindən həbsdə olan lider Öcalan, Türkiyə tərəfindən isə prezident Recep Tayyip Erdoğanı təmsil edən təhlükəsizlik xidmətlərinin rəsmiləri dominantlıq edirlər.

PKK ilə birbaşa kommunikasiyası olmayan Öcalanın mesajları onun İmralı adasında saxlandığı həbsxanadan Qəndil dağlarına kürd millət vəkilləri tərəfindən çatdırılır. Burada Cemil Bayık və yoldaşları silahlı və siyasi mübarizə aparırlar.

Sülh prosesi kifayət qədər şəffaf deyil və bu proses yalnız həm cənab Erdoğanın, həm də PKK liderinin malik olduqları nüfuzun hesabına ayaqda qalıb.

Cənab Erdoğan Türkiyə millətçilərinin geniş dəstəyinə malik olsa da, Öcalan da 15 ildir ki, təkadamlıq kamerada saxlanmasına baxmayaraq, özünün silahlı hərəkatı və bütövlükdə kürdlər üzərində nüfuza malikdir.

Sülh prosesinin davam etdirilməsi zərurəti barədə tez-tez səs-küy qaldırılsa da, istər dövlət, istərsə də PKK kəskin xəbərdarlıqlarla çıxış edirlər.

Cənab Aktay deyir ki, Türkiyə qüvvələri “qarşıdan gələn həftələr və aylarda PKK-nın bir neçə şəhər və ərazidə de facto hakimiyyəti qəsb etməsinin qarşısını almaqda daha fəal olacaq”.

Və üsyançı komandirlərdən Cemil Bayık bildirir ki, Ankara hökumətindən tərəqqi olmazsa, silahlı mübarizə davam edəcək.

“Türkiyə dövləti düşünür ki, biz iki cəbhədə döyüşə bilmərik. Lakin lazım gələrsə, kürdlər həm İslam Dövlətinə, həm də Türkiyə ordusuna qarşı döyüşə bilərlər” – deyib Bayık.