İranlı "volleybol fəalı" Ghoncheh Ghavami həbsxanadan buraxılıb

Şəklin mənbəyi, AP
İranda kişilərin volleybol matçını izləməyə cəhd edəndən sonra həbs olunan britaniyalı-iranlı fəal Ghoncheh Ghavami zaminə buraxılıb, onun ailəsi deyir.
Ailəsinin sözlərinə görə, Apellyasiya Məhkəməsinin qərarını gözləyən xanım Ghavami sağlamlıq problemlərinə görə azad edilib və hazırda Tehranda ailəsi ilə qalır.
25 yaşlı Ghoncheh Ghavami iyunun 20-də volleybol matçını izləməyə cəhd edən bir qrup qadından biri idi.
Bundan sonra İran prokurorluğu onu müxalifətlə əlaqəli olmaqda da suçlayıb.
Ghavami öz həbsinə qarşı aclıq aksiyaları keçirib. Yüzminlərlə adam isə onun azadlığa buraxılmasını tələb edən petisiyanı imzalayıb.
Onun qardaşı İman Ghavami BBC-nin Newshour proqramına bildirib ki, İranda olan valideynləri xahiş ediblər ki, Ghoncheh tibbi müayinədən keçsin, çünki onun "bağırsaq problemləri" var.
Cənab Ghavami deyib ki, onun bacısı bir illik həbs cəzasının beş ayını çəkib və onun azadlığa buraxılması "kifayət qədər gözlənilməz amma xoş addımdır".
"Hamı sevinir - valideynlərim də, bacım da. Bir çox variant var, tam əmin deyilik nə baş verəcək. Amma ən yaxşı nəticə üçün ümidvarıq".
"Sabah [noyabrın 24-də] onun 26-cı ad günüdür deyə məncə onlar bütün günü bunu qeyd edəcəklər", qardaşı əlavə edib.
İranın Şərq qəzetinin Twitter səhifəsində yazılıb ki, Ghoncheh Ghavami $38 000 (30 000 AZN) zəmanəti ödəyəndən sonra buraxılıb.
Ghoncheh Ghavami iyunun 20-də İran-İtaliya matçını izləməyə cəhd edən qadınlardan biri idi.
2012-ci ildən İranda qadınlara voleybol oyunlarını izləmək yasaqlanıb. Eyni zamanda futbol matçlarının izlənilməsinə qoyulan qadağanın müddəti uzadılıb.
İran hakimiyyəti deyir ki, qadınlar kişi pərəstişkarlarının kobud hərəkətlərindən qorunmalıdır.
Xanım Ghavami Britaniya və İran vətəndaşlığına malikdir. Hərçənd ki, Britaniyadan fəqrli olaraq İran qanunvericiliyi ikili vətəndaşlığı tanımır.

























