Rusiya: əsas ərzaq məhsullarına qiymətlər dondurula bilər

Şəklin mənbəyi, BBC World Service
Rusiyanın ən iri pərakəndə satış şəbəkələri iki ay müddətinə əhali üçün vacib sayılan ərzaq məhsullarının qiymətini dondurmaq qərarına gəliblər.
Rusiyanın Federal antiinhisarçılıq xidməti satıcıların təşəbbüsünü artıq cümə axşamı günü rəsmiləşdirə bilər.
Qiymətin dondurulması razılığına gələnlər arasında "Aşan", "Diksi", "Lenta", "Maqnit", Metro Cash & Carry, X5 Retail Group ("Karusel", "Kopeyka", "Perekrestok") kimi spermarket şəbəkələrinin adları var.
Rusiyada əhali üçün vacib sayılan qida məhsulları siyahısına 20-ə yaxın ərzaq növü aid edilib.
Onların arasında, mal, donuz və qoyun əti, toyuq, dondurulmuş balıq, süd və əsas süd məhsulları, şəkər və duz, çörək və bulka məhsulları və bir sıra digər məhsulların adı var.
Meyvə-tərəvəzə həmin siyahıda beş yer ayrılıb: kartof, kələm, soğan, kök və alma.
Pəhriz mövsümü
Aqrar Marketinq institunun direktoru Yelena Tyurinanın qənaətincə, qiymətlərin məhz indi dondurulması barədə qərarın verilməsi Rusiyada Pasxa bayramı ərəfəsi Böyük pəhriz mövsümünün başlaması ilə bağlı ola bilər.

Şəklin mənbəyi, BBC World Service
Onun sözlərinə görə, "fevral-mart ayları Böyük pəhriz dövrünə düşdüyündən, alıcılıq fəallığının zəifləməsi və ilk növbədə ət-süd məhsullarına tələbatın azalacağı gözlənilir".
Yelena Tyurina hesab edir ki, iki aydan sonra, pəhriz mövsümü "kabab mövsümü" ilə əvəzlənəndə, marketlər "böyük ehtimalla" yenidən əvvəlki iş qaydasına qayıdacaq.
























