Saxalinin qubernatoru saxlanılaraq Moskvaya çatdırılıb

Aleksandr Xoroşavin (sağda) prezident administrasiyasının rəhbəri Sergey İvanovla birlikdə, sentyabr 2014-cü il.
Şəklin alt yazısı, Aleksandr Xoroşavin (sağda) prezident administrasiyasının rəhbəri Sergey İvanovla birlikdə, sentyabr 2014-cü il.
Çap edildi

Saxalin administrasiyasının rəhbəri Aleksandr Xoroşavin Rusiya İstintaq Komitəsinin yoxlamasından sonra saxlanılaraq Moskvaya aparılıb.

FSB-nin direktoru Аleksandr Bortnikov həbsin “adi korrupsiya tərkibli” işlə əlaqəli olduğunu bildirib.

İnterfax agentliyi region rəhbəri ilə yanaşı onun müşaviri və katibliyinin başçısının saxlanıldığını bildirir.

Sakhalin.info saytına əsasən müstəntiqlər və kriminalistika üzrə ekspertlər vilayət administrasiyasında səhərə kimi işləyib, qubernator, onun köməkçisi və administrasiya katibliyi rəhbərinin kabinetlərində axtarışlar aparıb.

Versiyalar

İnformasiya saytı böyük məbləğdə pulun müsadirə olunduğunu xəbər verir.

Kivlər qubernatorun saxlanılmasını onun müşaviri və “Saxalin” futbol klubunun prezidenti Andrey İkramova qarşı bu yaxınlarda qaldırılmış cinayət işilə əlaqələndirirlər.

Bu səpkidə həmçinin “Rosstroy” şirkətinin adı çəkilir.

Ötən ilin sonunda bələdiyyə sazişlərinin bağlanılması və büdcə mənimsəmələri ilə bağlı şirkətə qarşı 10-dan artıq cinayət işi açılıb.

Daha bir versiya yerli Elektrik Stansiyasını inşa edən “Energostroy” şirkətində aşkar edilmiş pozuntularla əlaqələndirilir.

Ötən ilin sentyabr ayında həbs edilib Moskvaya aparılan şirkət rəhbərinin istintaqla əməkdaşlığa başlamasından sonra onun türmədən ev həbsinə keçirildiyi bildirilir.

55 yaşlı Aleksandr Xoroşavin Saxalinə 2007-ci ildən bəri rəhbərlik edir.

Yerli administrasiyanın saytında deyilir ki, yeni qubernator təyin olunanadək bölgəyə Xoroşavinin müavini Sergey Karaqanov rəhbərlik edəcək.