Berliozun başı: niyə filmlərdən epizodlar yoxa çıxır?

Vladimir Bortko deyir ki, "Rossiya-1" kanalı onunla razılaşmanı pozub
Şəklin alt yazısı, Vladimir Bortko deyir ki, "Rossiya-1" kanalı onunla razılaşmanı pozub
Çap edildi

Sosial media istifadəçiləri "Rossiya-1" kanalının Vladimir Bortkonun "Ustad və Marqarita" serialından epizodun çıxarılması qərarına görə çaş-baş qalıb və narahat olublar.

Bu, artıq ilk belə hal deyil ki, populyar film və seriallar Rusiya televiziyalarında ixtisar olunur.

Auditoriya sosial mediada yazır ki, filmin 2005-ci ildə çəkilmiş ilk hissəsində belə bir epizod var ki, filmin personajı olan Mixail Berlioz tramvayın altında qalıb ölür. Lakin kadrda onun kəsilmiş başı nümayiş etdirilmir.

Telekanaldan isə belə izah ediblər ki, serial gündüz vaxtı nümayiş olunub, hansı ki, qanunlara görə zorakı səhnələri göstərmək qadağandır.

Sosial media istifadəçilərinin diqqətini bir şey də çəkib: serialda digər epizodlar da var ki, görünür, növbəti hissənin nümayişi zamanı kəsiləcək.

"Mənim söz azadlığı qışqıran şəxslərə bir sualım var: niyə Berliozun başını kəsirlər, lakin Variete aparıcısının başının kəsildiyi səhnə yoxdur? Senzuradır, deyilmi? "Həqiqət" nazirliyi, elə deyilmi?" – İvan Erdnev VKontakte-də yazıb.

"Mimino"dan tutmuş "Qardaş"a qədər

Bu artıq ilk hal deyil ki, Rusiya televiziyası populyar film və televiziya seriallarından əvvəllər nümayiş etdirilmiş səhnələri kəsir.

Keçən ilin noyabr ayında internetdə Aleksey Balabanovun “Qardaş” (1997) filminin TV-1000 kanalında nümayişi ətrafında qalmaqal yaşanıb. İzləyicilərin diqqətini çəkib ki, filmdən epizod silinib, hansı ki, filmin qəhrəmanı Sergey Bodrov sərt şəkildə biletsiz qafqazlılardan tramvayda gediş haqqlarını ödəmələrini tələb edir.

İstifadəçilər görüblər ki, rus auditoriyası filmi çoxdan seyr etdiyi üçün, “qeyri-tolerant” səhnəni kəsməyin heç bir mənası yoxdur.

Eyni filmin may ayında Ren TV-də nümayişi zamanı izləyicilər başqa bir epizodun kəsildiyini müşahidə ediblər. Orada quldurlar baş qəhrəmanın qız dostu – tramvay sürücüsü Svetanı zorlayırlar.

2009-cu ildə blogerlər etiraz ediblər ki, Rusiyanın 2x2 kanalında məşhur animasiya filmi olan "South Park" (Cənubi Park) filmindən həmin vaxt ölkənin baş naziri olmuş Vladimir Putinin olduğu epizod kəsilib.

Kəsilmiş epizodda çizgi filminin personajlarından biri Kyle Putinə zəng edərək Aya balina göndərməkdə ona kömək etməsini xahiş edir, lakin Putin qərara gəlir ki, bu, ABŞ prezidenti George Bush-un xeyrinədir.

Müxtəlif vaxtlarda "Mimino" filmindən müxtəlif səhnələr silinib
Şəklin alt yazısı, Müxtəlif vaxtlarda "Mimino" filmindən müxtəlif səhnələr silinib

Əvvəl nümayiş etdirilmiş epizodların filmlərdən silinməsi təcrübəsi Sovet dövründə aktiv şəkildə həyata keçirilib. Misal üçün, 1980-ci illərin antialkoqol kampaniyası dövründə, bir çox səhnə "qayçılanıb".

1950-60 –cı illərdə, Nikita Xruşovun hakimiyyəti zamanı Sovet filmlərindən Stalinin olduğu bütün səhnələr silinib, ölkədə isə şəxsiyyətə pərəstiş pislənib. Xüsusilə, Stalin personajı Mixail Rommun "Lenin oktyabrda" (1937) filmindən çıxarılıb.

"Lenin Oktyabrda" filmindən Stalinin iştirak etdiyi səhnə silinib
Şəklin alt yazısı, "Lenin Oktyabrda" filmindən Stalinin iştirak etdiyi səhnə silinib

Müxtəlif vaxtlarda ən çox kəsilməyə məruz qalmış film, Georgi Daneliyanın "Mimino" (1977) komediyasıdır. Film bir neçə dəfə senzuraya məruz qalıb, lakin demək olar ki, bütün səhnələr sonradan filmə geri qaytarılıb.

Leonid Brejnev zamanı filmdən baş qəhrəmanların (erməni və gürcü) iki yaponlar liftdə hərəkət etdiyi və bir yaponun digərinə: "Niyə bütün rusların üzləri bir-birinə oxşayır!" dediyi epizod kəsilib.

Sonra filmdə Almaniyadan Telaviyə zəng edib Tel-Əvivə düşmək səhnəsi yoxa çıxıb.

Nəhayət Mixail Qorbaçov dövründə (antialkoqol kampaniyası çərçivəsində) "Rossiya" mehmanxanasındakı yeyib-içmək səhnəsi yoxa çıxıb.