Ermənistan Avropa Birliyi ilə əməkdaşlığa ümid edir

Şəklin mənbəyi, BBC World Service
Ermənistan gələn həftə Riqada “Şərq tərəfdaşlığı” sammitində proqramı çərçivəsində Avropa İttifaqı ölkələri ilə əməkdaşlıq haqqında saziş imzalamaq niyyətindədir, Ermənistan XİN rəhbəri Edvard Nalbandyan bəyan edib.
Ermənistan xarici işlər naziri 21-22 tarixində Riqada keçiriləcək sammit ərəfəsində Yerevanda Polşa və İsveç XİN siyasi direktorları Yaroslav Bratkevich və Torbjörn Sohlström-lə konsultasiya aparıb, BBC Azərbaycancaya Ermənistan XİN mətbuat xidmətinin məlumatında deyilir.
Məlumata görə, “tərəflər arasında Ermənistan-Aİ münasibətlərinə, yeni hüquqi baza işlənib hazırlanmasına dair fikir mübadiləsi aparılıb, Riqa sammitinə hazırlıqla bağlı məsələlər müzakirə olunub”.
Edvard Nalbandyan Ermənistanın “başqa beynəlxalq inteqrasiya formatlarında” öhdəlikləri nəzərə alınmaq şərtiylə Avropa İttifaqı ilə “müxtəlif istiqamətlərdə əməkdaşlığının inkişafı və dərinləşməsindən ibarət olan“ mövqeyini təsdiq edib.
Söhbət Ermənistanın cari il yanvarın 2-dən Rusiya, Belarus, Qazaxıstan, mayın 8-dən isə Qırğızıstan da daxil olduğu <link type="page"><caption> Avrasiya İqtisadi İttifaq üzvü</caption><url href="http://www.bbc.co.uk/azeri/region/2015/01/150102_armenia_eurasian_union" platform="highweb"/></link> kimi öhdəliklərindən gedir.
Dörd ilə yaxın “Şərq tərəfdaşlığı” proqramı üzrə Aİ ilə danışıqlar aparan və, o cümlədən azad ticarət şəraitləri nəzərdə tutan, assosiasiya müqaviləsini imzalamağa hazırlaşan Ermənistanın prezidenti Serj Sarkisyan 2013-cü il 3 sentyabrda Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra Ermənistanın Gömrük İttifaqına daxil olmaq və təsis ediləcək Avrasiya İqtisadi İttifaqının üzvü olmaq niyyətini bəyan edib.
Hazırda Ermənistanın “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində yalnız siyasi sahədə mümkün əməkdaşlıq formatları müzakirə olunmaqdadır.
Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramında Ermənistan, Azərbaycan Belarus, Gürcüstan, Moldova və Ukrayna iştirak edir.
Təhlilçilər Riqa sammitinin Rusiya ilə Qərb arasında “iti gərginlik” şəraitində keçəcəyini qeyd edirlər.
Daha əvvəl, hələ aprelin sonunda Rusiya XİN rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç “Şərq tərəfdaşlığı” Riqa sammitinə Moskvanın reaksiyası sərt və prinsipial olacağını bəyan edib və qeyd etmişdi ki, “Rusiya Riqa sammitinin necə keçdiyini izləyəcək”. Rusiya KİV-ləri həmçinin Lukaşeviçin “tərəfdaşlığın mənası açıq-aydın Rusiya əleyhinə yönümlüdür” sözlərini iqtibas etmişdi.
























