Türkiyə seçkiləri: Nəyi bilməliyik?

Şəklin mənbəyi, AFP
Türkiyədə bu bazar günü parlament seçkiləri keçirilir. Bu seçkidə hakim Ədalət və İnkişaf Partiyası (Türkiyədə AK partiya kimi tanınır) ona parlament çoxluğu qazandıracaq qədər mandat əldə etməyə çalışacaq ki, ölkə prezidentinə böyük səlahiyyətlər verən konstitusiya dəyişikliklərini milli məclisdən keçirə bilsin.
Lakin proqnozlara görə sol təmayüllü Xalq Demokratik Partiyası (HDP) nəinki bu planları poza, hətta AKP-nin 13 illik hakimiyyətini ciddi şəkildə zəiflədə bilər.
Ədalət və İnkişaf Partiyası nəyə nail olmağa çalışır?
AKP 2011-ci il seçkisində hazırkı prezident Recep Tayyip Erdoğanın başçılığı altında parlamentdəki 550 yerdən 327-ni qazanaraq böyük səs çoxluğu əldə etmişdi. Cənab Erdoğan ötən il prezident seçkisində qalib gələnədək 2003-cü ildən bəri ölkənin baş naziri idi.
Əgər bu seçkidə partiya öz deputatlarının sayını 330-a çatdıra bilsə, onda prezident səlahiyyətləri məsələsinə dair referendum çağıra biləcək.

Şəklin mənbəyi, BBC World Service
Lakin əgər hakim partiya mandatların 367-ni (yəni bütün mandatların üçdə ikisini) əldə edə bilsə, hazırkı Konstitusiyaya görə ona heç referendum da gərək olmayacaq.
Bu məsələdə prezident Erdoğanın rolu nədən ibarətdir?
Müxalifət partiyaları şikayətlənirlər ki, cənab Erdoğan hakim AK partiya üçün seçki kampaniyası aparmaqla qanununu pozub, çünki bir dövlət başçısı kimi o, parlament seçkilərində neytral mövqe tutmalıdır.
O hətta hökumət kabinetinin iclaslarını da keçirir. Bunu prezidentlər çox nadir hallarda edirlər.
Rəy sorğuları hakim partiyanın öz elektoratı da daxil əksəriyyətin hazırkı parlament sisteminin dəyişmədən saxlanmasına tərəfdardırlar.
Prezident Erdoğanın getdikcə avtoritarlaşan davranışı isə hazırkı sistemin həqiqətən də düzgün olduğunu göstərir.
Başqa siyasi partiyaların proqramlarında nə var?

Şəklin mənbəyi, Getty Images
Əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kemal Kılıcdaroğlu öz partiyasının mövqeyini mərkəzdən bir az sola doğru dəyişdirib.
Lakin onun, ölkənin axsamağa başlayan iqtisadiyyatından fürsətlənməyə çalışdığı bir vaxtda CHP soldan HDP tərəfindən sıxışdırılır.
İfrat sağçı Milliyyətçi Hərəkat Partiyasının parlamentdə sayca üçüncü partiya olaraq qalacağı gözlənilir.
Onun qocaman lideri Devlet Bahceli azlıqlara münasibətini bir qədər yumşaltsa da, hökumətin kürdlərlə yaxınlaşması siyasətinin əleyhinədir.
Məhz kürd icması HDP-nin əsas elektoratını təşkil edir. Bu partiya həmçinin işçi və peşakar elektoratda da çox populyardır.
Özünün qoşa qadın-kişi liderliyi - Selahattin Demirtaş və Figen Yüksekdağla birlikdə bu partiya həmçinin qadın və vətəndaş haqları məsələsini gündəmə gətirərək gənc və ucqar elektorata güclü impuls verib.
Seçki sonrası mümkün ssenarilər necə ola bilər?

Şəklin mənbəyi, AFP
Seçki kampaniyasının son on günü ərzində rəy sorğularının keçirilməsi qadağandır, odur ki ən son vəziyyət üçün proqnoz vermək çətindir.
Bununla belə, son rəy sorğuları hakim Ədalət və İnkişaf Partiyasının səslərin 40-44 faizinə sahib olacağını göstərir. HDP-nin 10 faizlik həddi aşaraq parlamentə daxil olması da gözlənilir.
Əgər belə olarsa, hakim partiyanın konstitusiya dəyişikliyi etmək üçün kifayət qədər mandat çoxluğu olmayacaq. Referendum çağırılması üçünsə bundan da az imkan olacaq.
Əgər AK Partiya seçkilərdə yaxşı göstəricilər əldə edərsə, lakin HDP də parlamentə düşərsə, onda Erdoğanın partiyası əvvəlki kimi yenə də hakimiyyətdə olacaq, lakin referendum məsələsi həll olunmayacaq.
Digər tərəfdən HDP gözlənildiyindən pis nəticə göstərərsə, onda hakim AK partiya çox güman, lazım olan 330 mandatı əldə edəcək və referendum keçirmək üçün şans qazanmış olacaq.
Seçkilərin ədalətli keçiriləcəyinə seçicilərin inamı varmı?
Belə görünmür. Son rəy sorğuları göstərib ki, ictimaiyyətin son parlament seçkilərindən bəri saxtakarlıqdan olan narahatlığı artıb. Öz növbəsində müxalifət partiyalarıl hakimiyyəti ötən mart ayında keçirilmiş bələdiyyə seçkilərində saxtgakarlığa əl atmaqda ittiham ediblər.
Məhz buna görə də hazırda vətəndaş qrupları seçkilərdə öz monitorinqlərini keçirmək istəyirlər.
























