Ermənistan: Rusiya hərbçisini “əsgər yoldaşı öldürüb”

Çap edildi

Ermənistanın Gümri şəhərində yerləşən 102 saylı Rusiya hərbi bazasında qulluq edən İvan Novikovun qətlində həmin bazada müqavilə əsasında xidmət keçən İvan Bosxomciyev ittiham olunur.

Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti tərəfindən yayılan məlumata görə, Bosxomciyev həbs olunub və artıq qətli törətməkdə etiraf edib.

19 yaşlı İvan Novikovun cəsədi iyunun 15-də Gümridə “Ana Ermənistan” <link type="page"><caption> xatirə kompleksi yaxınlığında aşkar edilib</caption><url href="http://www.bbc.com/azeri/region/2015/06/150615_murder_armenia_russian_soldier" platform="highweb"/></link>. Bu ərazi 102 saylı hərbi bazadan təxminən 2 kilometr aralı yerləşir.

Hadisə yerində ən azı üç nəfərin iştirakı ilə mübahisə baş verdiyi bildirilir. Rusiya informasiya agentliklərinin məlumatına görə, insidentdə iştirak etdiyi bildirilən daha bir nəfər yaralanıb və hal hazırda Rusiya hərbi bazasının hospitalında müalicə olunur.

İvan Novikovun qətlində ittiham olunan İvan Bosxomciyevin 21 yaşı var. “Odnoklassniki” sosial şəbəkəsindəki şəxsi səhifəsindən onun Həştərxan şəhərindən olduğu məlum olur.

Hadisə ilə bağlı həm Ermənistan, həm Rusiya hüquq mühafizə orqanları tərəfindən qətl maddəsi üzrə cinayət işi açılıb. Cinayəti törətməkdə şübhəli bilinən İvan Bosxomciyev 102 saylı Rusiya hərbi bazasında saxlanılır.

Erməni tərəfin cinayət işi açması hadisənin hərbi bazadan kənar – Ermənistan ərazisində baş verməsi ilə bağlıdır.