Suruç qırğını: bombalı hücumda şübhəli şəxs “müəyyənləşib”

Şəklin mənbəyi, BBC World Service
Türkiyədə 32 gənc fəalın ölümü ilə nəticələnmiş bombalı intihar hücumunda şübhəli şəxsin kimliyi müəyyənləşib, Türkiyənin baş naziri Ahmet Davutoğlu bildirib.
Suriya ilə sərhədə yaxın Suruç qəsəbəsindəki partalyış yerinə səfər edəcək Ahmet Davutoğlu bildirib ki, şübhəli şəxsin beynəlxalq və yerli bağlantıları araşdırılır.
Cənab Davutoğlu "böyük ehtimalla" hadisənin İslam Dövləti (İD) qruplaşması tərəfindən törədildiyini bildirib.
İD hücumun arxasında dayandıqları ilə bağlı iddialara hələ ki, cavab verməyib.
Baş nazir, Ankarada keçirdiyi mətbuat konfransında Türkiyənin İD-ə qarşı bütün lazımi tədbirlərin görülməsinə davam edəcəyini deyib.
"Terrorizm hadisəsi ilə üz-üzəyik. Bizdə günahkarların tapılması və cəzalandırılması üçün iradə var", cənab Davutoğlu bildirib.

Şəklin mənbəyi, BBC World Service
Prezident Recep Tayyip Erdoğan da Kipr ziyarəti zamanı çıxışında hücumu pisləyib.
"Xalqımın adından bu qəddarlığı törədənləri lənətləyirəm. Terror haradan gəlirsə gəlsin, qarşısı alınmalıdır," prezident bildirib.
Amerika Mədəniyyət Mərkəzində baş vermiş partlatyış zamanı, əsasən universitet tələbələrindən ibarət gənc fəallar mətbuat konfransı keçiriblər.
Onlar Suriyaya səfər edərək Kobani şəhərini yenidən qurmağa kömək etməyi planlaşdırırdılar.
Həyatını itirmiş bəzi gənclərin dəfn mərasimi artıq həyata keçirilib.
Cənab Davutoğlu Suriya ilə sərhəd boyunca təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini deyib.
Partlayışda 100-dən çox insan yaralanıb.
Küçələrdə qəzəb

Şəklin mənbəyi, EPA
Hadisədən sonra İstanbulda və Ankarada etiraz aksiyaları baş tutub. Etirazçılar prezident Recep Tayyip Erdoğanı ittiham edən şüarlar səsləndiriblər.
Polis etirazçılara qarşı su şırnaqlarından, göz yaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.
Ağ Evin mətbuat katibi də hücumu pisləyərək, "Türkiyə dövləti və türk xalqı ilə həmrəyliyini" ifadə edib.
Qərb dövlətləri də Türkiyəni yetərli tədbirlər görməməkdə günahlandırıb.
Müstəntiqlər hesab edirlər ki, partlayışı İD-dən olan qadın intiharçı törədib.
BBC-nin Yaxın Şərq üzrə müxbiri Jim Muirin sözlərinə görə Türkiyə İD qruplaşmasının fəaliyyətinə göz yummaqda günahlandırılırdı.
Amma son zamanlar yaraqlılara qarşı etdiyi güclü basqılar bu partlayışın baş verməsinə səbəb ola bilər.
Suriyanın sərhədyanı Kobani şəhəri Türkiyədəki Suruç qəsəbəsinin yaxınlığında yerləşir.
Ötən ilin sentyabr ayından Kobani şəhəri İD qurumu silahlıları ilə kürd əsgərləri arasında döyüş meydanına çevrilib. Yanvar ayında isə kürd qruplaşmaları Kobanini geri ala bilib.
























