Türkiyə: İstanbul və Şırnakda zorakı hücumlar

Şəhərin Sultanbeyli ərazisində partlayış zamanı bir neçə polis əməkdaşı yaralanıb
Şəklin alt yazısı, Şəhərin Sultanbeyli ərazisində partlayış zamanı bir neçə polis əməkdaşı yaralanıb
Çap edildi

Bazar ertəsi Türkiyədə baş vermiş zorakı hücumlar nəticəsində təhlükəsizlik qüvvələrinin altı əməkdaşı həlak olub.

Cənub şərqi Şırnak əyalətində bomba partlayışı nəticəsində dörd polis əməkdaşı ölüb və silahlı şəxsin helikopterə atəş açması nəticəsində bir əsgər həlak olub.

Bundan başqa iki nəfər İstanbuldakı ABŞ konsulluğu yanında atəş açıb, heç kimin xəsarət almadığı deyilir.

İstanbulda polis bölməsinə bombalı hücum nəticəsində ən azı 10 nəfər yaralanıb.

ABŞ konsulluğuna hücumun ifrat solçu qruplaşmaya bağlı iki qadın tərəfindən həyata keçirildiyi bildirilir.

Qanunsuz elan edilmiş İnqilabi Xalq Azadlıq Ordusu Cəbhəsi (DHKP-C) bəyanat yayıb.

Konsulluğa hücum etmiş qadınlardan biri yaralanaraq həbs edilib.

Hadisə yerindən tüfəng və digər silahlar götürülüb, İstanbul valisi bildirir.

DHKP-C saxlanılan qadının Hatice Asik olduğunu bildirib.

Hücumlar Türkiyə ilə üsyançı Kürdüstan İşçı Partiyası (PKK) arasında gərginliyin artdığı ərəfədə baş verib.

Türkiyə həmçinin bu yaxınlarda İslam Dövləti (İD) qruplaşmasına qarşı daha aktiv mübarizə aparacağını elan edib.

Hücum etmiş şəxslərin İD ilə əlaqəsinin olub-olmadığı məlum deyil.

ABŞ konsulluğuna hücum təşkil edən şəxslər polisin cavab atəşi ilə qaçmağa məcbur olub, lakin qadın olduğu güman edilən şəxsin yaxalandığı deyilir.

İstanbuldakı ABŞ konsulluq fəaliyyətini dayandırıb.

Polis bölməsinə hücumun baş verdiyi ərazidə polislə atışmada iki şübhəli silahlının öldürüldüyü bildirilir.

Qarşıdurma zamanı bir polis əməkdaşı da öldürülüb, məlumatda deyilir.