Türkiyə: baş nazir koalisiya höküməti yarada bilmədi

Erdogan ilə Davutoglu arasında görüş keçirilib.
Şəklin alt yazısı, Erdogan ilə Davutoglu arasında görüş keçirilib.
Çap edildi

Türkiyə baş naziri Ahmet Davutoglu, koalisiya höküməti yaratmağa nail ola bilmədiyini etiraf edib.

Baş nazir Davutoğlu millətçi MHP partiyasının rəhbərliyilə keçirdiyi danışıqlardan sonra koalisiya höküməti yaratmaq istiqamətində görülmüş bütün səylərin nəticəsiz bitdiyini bildirib.

İyun ayında keçirilmiş parlament seçkilərində baş nazir Davutoğlunun Ədalət və İnkişaf Partiyası (AKP) son 13 ildə ilk dəfə olaraq parlamentdə nümayəndələrinin mütləq çoxluğunu təmin etmək üçün lazım olan sayda səs toplaya bilməyib.

MHP lideri Bahceli sözlərinə görə baş nazir Davutoglu ilə danışıqlar nəticə verməyib
Şəklin alt yazısı, MHP lideri Bahceli sözlərinə görə baş nazir Davutoglu ilə danışıqlar nəticə verməyib

Türkiyə mətbuatının yazdığına görə, baş nazir Davutoğlu koalisiya hökümətini yarada bilmədiyini prezident Erdoğana ötən gün çatdıraraq hökümətin formalaşdırılması üçün ona verilmiş mandatı geri qaytarıb.

Türkiyənin aparıcı müxalifət partiyası CHP bu arada bildirib ki, yeni höküməti formalaşdırmaq şansı indi bu partiyaya verilməlidir.

Bazar gününədək hökümət yaradılmasa, prezident Recep Tayyip Erdoğan hazırkı höküməti buraxıb yeni seçkilər keçirilənədək müvəqqəti keçid höküməti təyin etməlidir.

Türkiyənin müxalif partiyaları isə iki lideri AKP-nin maraqlarına cavab verən təkrar seçki keçirmək üçün siyasi manipulyasiyalara əl atmaqda ittiham ediblər.

Hökümətyönlü qəzetlərin proqnozlarına görə, təkrar seçkidə AKP tələb olunan sayda səs toplaya biləcək.

Bu nəticəyə hakim partiya iyun ayında nail ola bilməmişdi.

İyun seçkilərinin nəticələri Erdoğanın prezidentlik səlahiyyətlərini genişləndirmək ambisiyalarına ciddi zərbə vurmuşdu.