Böyük Britaniyanın Tehrandakı səfirliyi açılacaq

Şəklin mənbəyi, AFP
Britaniya dörd illik fasilədən sonra özünün Tehrandakı səfirliyinin qapılarını yenidən açacaq.
Ölkənin xarici işlər naziri Philip Hammond biznes liderlərindən ibarət nümayəndə heyəti ilə bu həftəsonu Tehrana səfər edəcək.
İran paytaxtındakı Britaniya səfirliyi, 2011-ci ildə Tehrana qarşı Qərb sanksiyalarına etiraz edən kütlə tərəfindən hücuma məruz qaldıqdan sonra bağlanmışdı.
Bu səfərdən bir neçə həftə əvvəl Tehran və dünyanın 6 gücü arasında İranın nüvə fəaliyyətini məhdudlaşdıran tarixi saziş əldə edilib.
Səfirliyin təkrar açılması təklifi ilə hələ ötən ilin iyununda keçmiş xarici işlər naziri William Hague çıxış etmişdi, lakin məsələ texniki problemlərlə bağlı təxirə salınmışdı.
İranın öz idxal qanunlarını yumşaltmaqdan imtina etməsi səfirlik binası üçün yeni kommunikasiya avadanlığının gətirilməsini çətinləşdirmişdi.

Şəklin mənbəyi, AFP
BBC-nin diplomatik məsələlər üzrə müxbiri Jonathan Marcus yazır ki, səfirliyin yenidən açılması iki ölkə arasında təlatümlü münasibətlər dövründən sonra əlaqələrin yaxşılaşdırılmasına kömək edəcək.
Britaniya 2011-ci ilin noyabrında öz səfirliyinə basqın və onun talan edilməsinə görə acıqlı idi və bu qənaətdə idi ki, İran hökuməti missiyanın binasını qorumalıydı.
Hadisə nəticəsində əlaqələr tamamilə qırılmasa da, son dərəcə aşağı səviyəyyəyə düşmüşdü.
Marcus yazır ki, səfirliyin təkrar açılmasında heç şübhəsiz İranla Qərb arasında bağlanmış sazişin həlledici rolu olub.
Müxbir həmçinin qeyd edir ki, başqa Avropa ölkələri sazişin dərhal ardınca İrana öz nazir və ticarət heyətlərini göndəriblər və bu mənada Britaniya bir qədər ləngiyib.
İndi ümid bunadır ki, daha sıx diplomatic bağlar və daha güclü iqtidsadi münasibətlər İran liderliyindəki islahatpərəstlərin mövqeyini gücləndirə və İran cəmiyyətinin dəyişikliklər üçün təzyiqinin artmasına səbəb ola bilər.
























