Rusiya: Ayıları qorxutmaq üçün rezin güllələr veriləcək

Qütb ayıları
Şəklin alt yazısı, Qütb ayıları Rusiyanın Arktik regionları üçün ənənəvi təhlükədir
Çap edildi

Qütb ayılarını qorxutmaq üçün Sibirin ucqar ərazilərində yaşayan sakinlərinə rezin güllələr veriləcək.

Yamalo-Nenets Muxtar Dairəsinin qubernatorunun dediyinə görə, güllələr xüsusən qütb ayısı təhlükəsi ilə üz-üzə olan Arktika sahili ərazilərində paylanacaq. Bənzər tədbirlər keçən il Beynəlxalq Təbiəti Mühafizə Fondunun (WWF) köməkliyi ilə həyata keçirilmişdi, lakin onlardan gələn aramsız təhlükə göstərir ki, çox işlər görülməlidir.

Ayının aqressiyasına səbəb olan bütün amillər qəsdən törədilmir. Qubernator deyir ki, "bədbəxtlikdən, camaat bəzən Arktika sahillərində yaşadığını unudur və meqapolisdə yaşadığını zənn edir", Nenets informasiya agentliyi xəbər verir.

Qütb ayıları bölgə üçün ənənəvi təhlükə mənbəyidir. 350 nəfər əhalisi olan Amderma kəndinin əhalisi bir aydan çoxdur ki, bir zəhlətökən qütb ayısını ərazidən uzaqlaşdırmağa çalışır, lakin heyvan hər dəfə yenidən qayıdır.

Yamalo-Nenets regionunda, ucqarda yerləşən hava proqnozu idarəsinin işçiləri də bildirir ki, onlar özlərini 5 aqressiv ayının mühasirəsinə düşmüş kimi hiss edir. "Onlar hətta bizim binanın çölündə yatır və öz aralarında dava edirlər", işçilərdən biri söyləyib.

Qütb ayıları quruda yaşayan ən böyük yırtıcı heyvan hesab olunur. Onların uzunluğu 2,5 metr, çəkisi isə 700 kiloqrama çatır. Bəzən qütb ayılarının insana hücum etməklərinə baxmayaraq, onların növləri Rusiyada qorunur və onlara qarşı adi silah-sursatdan istifadə edilə bilməz.

Sibir
Şəklin alt yazısı, Qubernator bildirir ki, yerli camaat “bəzən özlərinin böyük şəhərdə yaşamadığını yaddan çıxarır,” bu da qütb ayılarını qızışdıran səbəblərdəndir.

Xəbəri BBC Monitoring hazırlayıb.