Cəbhə xətti: hər iki tərəfdən "yaralılar var"

Çap edildi

Azərbaycan və Ermənistan arasında cəbhə xəttində atəşkəsin pozulmasından sonra hər iki tərəf yaralıların olması barədə məlumatlar paylaşıb.

Sentyabrın 3-ə keçən gecə Azərbaycanın Tovuz rayonunda sərhəd Əlibəyli və Ağdam kəndlərinin atəşə tutulması nəticəsində bir nəfər yaralanıb, iki ev yanıb, APA TV yaralanmış şəxsin görüntülərini paylaşıb.

1952-ci il təvəllüdlü Tofiq Kazımov isə qarın boşluğundan güllə ilə yaralanıb. O, Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və vəziyyəti "orta-ağırdır".

Azərbaycanın Müdafiə Nazirliyi BBC Azərbaycancaya bildirib ki, ötən axşam Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində .. yerləşən mövqelər atəşə tutulub.

Ermənistanın Tavuş rayonunun Koti kəndində isə iki nəfər yaralanıb.

Nazik Tumanyan adlı qadın və onun oğlu Razmik Tumanyan hazırda Noemberyan rayonunun xəstəxanasındadır, vəziyyətləri "stabildir".

Ermənistanın müdafiə nazirliyinin sözçüsü Artsrun Hovhannisyan qeyd edib ki, ötən gecə cəhbə xəttində vəziyyət "gərgin olub".

"Azərbaycan tərəfi 20-ə yaxın kəndi atəşə tutub, amma günortaya yaxın vəziyyət stabilləşib", cənab Hovhannisyan qeyd edib.

Bu, eyni həftədə yaralanma ilə nəticələnən ikinci hadisədir. Sentyabrın 1-də Azərbaycan tərəfdən Tərtər rayonu sakini qadın yaralanıb.

Səfir Warlick
Şəklin alt yazısı, ATƏT Minsk Qrupunun amerikalı həmsədri James Warlick tvitləyib: "Həm Ermənistan, həm də Azərbaycan [tərəfləri] ağır silah və minaatandan istifadə olunduğunu deyir. Əgər düzgündürsə, bu, təhlükəli gərginləşmədir. Biz Dağlıq Qarabağda sülh üçün çalışmalıyıq"

ATƏT Minsk Qrupunun amerikalı həmsədri Səfir James Warlick məlumatları öz Twitter hesabında şərh edib.

Əgər məlumatlar düzgündürsə "bu, təhlükəli gərginləşmədir", cənab Warlick yazıb. "Biz Dağlıq Qarabağda sülh üçün çalışmalıyıq".

Ermənistanla Azərbaycan arasında 20 ildən çoxdur ki, beynəlxalq birliklər tərəfindən Azərbaycan ərazisi kimi tanınan Dağlıq Qarabağ uğrunda münaqişə davam edir.