Moldovada böyük anti-korrupsiya mitinqi keçirilir

Moldovanın paytaxtı Kişinyovda minlərlə insanın korrupsiya əleyhinə təşkil edilmiş böyük mitinqdə iştirak etdiyi bildirilir.
Xəbər verildiyinə görə, nümayş zamanı əks qruplar arasında qarşıdurma yaşanıb.
Etirazçılar hökumətin istefasını və erkən seçkilərin keçirilməsini tələb edir.
Keçən həftə on minlərlə insan ölkənin banklarından bir milyard dollardan çox pulun yoxa çıxmasıyla bağlı rəsmilərin heç bir tədbir görməməsinə etiraz edib.
Etirazçıların fikrincə, baş vermiş fırıldaqçılıq hadisəsi onların həyatına mənfi təsir göstərib.
Keçən il pulun kassalardan yoxa çıxmasının ardından, dövlət üç bankı xilas etməyə məcbur olub.
Müxbirlərin bildirdiyinə görə, şəhərin mərkəzindəki küçələr mühasirəyə alınıb və ərazidə çoxlu sayda polis var.
Özəl televiziya kanalı olan Publika TV-nin verdiyi məlumata görə, nümayiş zamanı Ləyaqət və Ədalət vətəndaş platformasının tərəfdarları ilə Moldovanın Rumıniya ilə birləşməsi tərəfdarları arasında qarşıdurma olub.
Moldova Avropanın ən kasıb ölkələrindən biridir və baş vermiş fırıldaqçılıq milli valyutanın dəyərdən düşməsinə səbəb olub.
Keçən həftə yayılmış məlumata görə, 28 yaşlı iş adamı İlan Shor hadisənin əsas əlaqələndiricisi və gəlir götürənidir. Lakin BBC-ə müsahibəsi zamanı o, günahsız olduğunu bildirib.
Banklardan yoxa çıxmış pulun əksəriyyəti Britaniya şirkətləri vasitəsilə qəbul edilib.
Keçən bazar günü baş vermiş oxşar nümayiş zamanı bir çox etirazçı şəhərin mərkəzində çadır qurmuşdu.
Ləyaqət və Ədalət hərəkatından olan təşkilatçılar bildirmişdi ki, onların tərəfdarları tələblərinin yerinə yetirilməsinə qədər Kişinyovun əsas meydanında qalacaqlar.
Rumıniya ilə Ukraynanın arasında yerləşən Moldova, Moskvanın etirazlarına baxmayaraq, Avropa İttifaqı üzvlüyünə yaxınlaşdıran assosiasiya sazişini imzalayıb.

























