"Guevedoces" – oğlana çevrilən qızlar

Dominikan Respublikasında kiçik bir icma var. Bu kiçik icmanı fövqəladə edən budur ki, burada oğlan uşaqları qız kimi doğulurlar.
Onların xarici cinsi orqanları, tibbi dildə deyilsə, penisləri yalnız həddi-büluğa çatanda inkişaf etməyə başlayır. Michael Mosley yazır ki, bu icmanın elmi cəhətdən araşdırılması milyonlarla insanı iztirabdan qurtarmış dərman preparatının kəşfinə səbəb olub.
Johnny Dominikan Respublikasının kiçik bir şəhərində yaşayır. Burada onun kimilərini “Guevedoces” adlandırırlar. Sadə bir tərcüməsi var: “12 yaşında penis”. Mən Johnny ilə BBC 2 kanalı üçün “Dünyaya gələnədək” (Countdown to Life) silsiləsindən növbəti filmi çəkərkən rastlaşdım. Bu proqram bizim ana bətnində keçdiyimiz normal və anormal dəyişikliklərdən və bunların bizim sonrakı həyatımızda necə bir iz buraxmasından bəhs edir.
Bütün başqa “Guevedoces”lər kimi Johnny də qız kimi böyüyüb, çünki doğulanda onun gözə dəyən penisi və xayaları olmayıb. Əvəzində, nə isə qadın xarici oqranına bənzər bir şey olub. O yalnız yetkinlik yaşına çatanda kişi orqanı böyüməyə başlayıb, xayaları xaya kisəsinə enib.
Həm də Feliçita kimi tanınan Johnny əynində qırmızı don məktəbə getdiyi günləri də xatırlayır. Amma deyir ki, qız kimi özünü heç vaxt xoşbəxt saymayıb. "Mən qız kimi geyinməyi heç vaxt xoşlamamışam. Mənə qız oyuncaqları alınanda, mən onlarla oynamırdım. Amma küçədə fotbol oynayan oğlanları görəndə ayaq saxlayıb, onlara qoşulurdum” – deyir Johnny.
Sonra isə, artıq “kişiyə çevriləndə”, bəzən onu məktəbdə lağa qoyurdular. Bu halda Johnny yumruqlarını işə salırdı.

Şəklin mənbəyi, Science photo library
“Onlar deyirdilər ki, mən cinəm…Nə bilim, min cür pis sözlər deyirdilər. Mənimsə dalaşmaqdan başqa çarəm qalmırdı. Hədlərini aşırdılar axı…” Biz filmi çəkərkən Carla ilə də tanış olduq. O az sonra “Carlos”a çevrilmək ərəfəsində idi. Anası hiss edirdi ki, uşaqda dəyişmə prosesi gedir.
"Qızım beş yaşına çatanda hiss elədim ki, o, oğlan dostlarını görən kimi onlarla dalaşmağa çalışır. Onun əzələləri və sinəsi bərkiyirdi. Başa düşürdüm ki, bu getdikcə oğlana çevrilir. Necə olursa olsun, mən onu bala kimi sevirəm. Oğlan, ya qız, mənim üçün heç bir fərqi yoxdur” – deyir ana.
Yaxşı, bəs bunlar niyə baş verir?
Bu suala ilk dəfə cavab axtarmağa çalışan Nyu Yorkdakı Cornell Tibb Kollecindən doktor Julianne Imperato-McGinley olub.
Qızların oğlanlara çevrilməsi barədə fövqəladə xəbərlər onu 1970-ci illərdə Dominikan Respublikasının bu guşəsinə çəkib gətirib. Bura gəlib çıxanda xəbər və şayiələrin doğru olduğunu görüb.
O burada “Guevedoces”lər üzərində xeyli tədqiqat aparıb (bunların bəzilərinə xayaların biopsiyası kimi ağrılı əməliyyatlatr da daxil idi) və nəhayət bu sirli proses üzərindəki müəmmanı qaldırıb.
Biz ana bətnində mayalanarkən normal halda bir cüt X xromosomuna malik oluruq. Əgər qız doğulmalıyıqsa xromosomların ikisi də X olur, yəni XX. Lakin əgər oğlan kimi dünyaya gəlməliyiksə xromosom XY şəklində olmalıdır.
Bətndə keçən ilk bir neçə həftədə hansından olduğumuz bilinmir, hərçənd hər iki halda döş əmcəkləri yaranır.
Nəhayət hamiləliyin səkkizinci həftəsində cinsi hormonlar işə düşür. Əgər oğlan olmalıyıqsa Y xromosom bizim cinsi vəzimizə xayaya çevrilmək komandası verir və testosteronu tuberkul adlanan orqana göndərir.
Burada testosteron daha güclü hormon olan dihidro-testosterona çevrilir. Bu hormon tuberkulun penisə çevrilməsinə səbəb olur. Əgər taleyinizə qız doğulmaq yazılıbsa, siz dihidro-testosteron istehsal etmirsiniz və tuberkul klitor olaraq qalır.
Imperato-McGinley “Guevedoces”lər üzərində təhqiqat apararaq, onların doğulanda nə üçün kişi cinsiyyət orqanlarına malik olmadıqlarının səbəbini aşkar edib. Səbəb onlarda 5-alfa-reduktaz adlanan fermentin çatışmazlığı idi. Bu ferment testosteronu – dihidro-testosterona çevirir.
Anomaliyanın fəsadları
Bu çatışmazlığın genetik-irsi xəstəlik olduğu düşünülür və bu hal Dominikan Respublikasında bir sıra yerlər üçün xarakterikdir. Başqa yerlərdə bu tibbi durum yoxa çıxmaqdadır. Buna görə də oğlanlar XY xromosomuna malik olmalarına baxmayaraq, doğularkən qıza oxşayırlar. Yetkinlik yaşına çatanda oğlanlarda testosteronun, necə deyərlər ki, ikinci yüksəlişi baş verir. Bu həmin vaxtdır ki, orqanizm testosteron yüksəlişinə penisin və xayaların böyüməsi ilə reaksiya verir.
Imperato-McGinley özünün tibbi araşdırmalarında göstərirdi ki, əksər hallarda, yeni kişi cinsiyyəti orqanları normal işləyir və “Guevedoces”lərin əksəriyyəti həyatlarını kişi olaraq davam etdirir. Hərçənd bəziləri cərrahiyyə əməliyyatından keçir və qadın olaraq qalırlar.
Imperato-McGinley-nin aşkar etdiyi başqa bir məqam isə bütün dünya boyunca bir çox kişilərin taleyini təsirləndirəcəkdi. Bu, ondan ibarət idi ki, “Guevedoces”lərin çox kiçik prostat vəzinə malik olduqları kəşf edilmişdi.
1974-cü ildə aşkar olunmuş bu tapıntı transmilli əczaçılıq nəhəngi Merck-də tədqiqat bölümünün başçısı olan Roy Vagelosun diqqətini cəlb etmişdi. Onun bu tapıntı üzərində qurduğu araşdıma bütün dünyada bestseller olan “finasteride” preparatının yaradılması ilə nəticələndi. Bu preparat 5-alfa reduktazın fəaliyyətini bloklayaraq “Guevedoces”lərdə olduğu kimi dihidro-testosteron qıtlığını “imitasiya” edir.
Sahə həkimləri “finasteride” preparatını prostat vəzinin böyüməsinin qarşısını alan və ya ləngidən dərman kimi yazırlar. Kişilər yaşlaşdıqca prostat vəzin böyüməsi təbii hal sayılır. Lakin maraqlı bir də budur ki, “finasteride”in yan effektindən dazbaşlığın qarşısını almaq üçün istifadə edirlər.
Və nəhayət Imperato-McGinleynin aşkar etdiyi maraqlı cəhətlərdən biri də bu idi ki, oğlan uşaqları qız kimi böyüdülsələr də, demək olar, hamısı güclü heteroseksual meyllərə malik olurlar. Alim özünün rüşeymin inkişafına dair araşdırma nəticələrində yazırdı ki, seksual oriyentasiyada ana bətnində alınmış hormonlar, başqa faktorlarla müqayisədə daha həlledici rol oynayır.
Bu hələ də çox ziddiyyətli məqamdır və mən bunu filmin davamını çəkərkən Mati ilə görüşəndə araşdıracağam. Mati doğulandan oğlana oxşamasına baxmayaraq, qız olacağı barədə qəti qərar qəbul edib.
Johnny-yə gəlincə isə, onun kişilik orqanları inkişaf edəndən bəri bir neçə qızla qısamüddətli sevgilər yaşayıb. Amma hələ də əsl sevgi axtarır. “Evlənmək, oğul-uşaq sahibi olmaq istəyirəm, pis gündə, yaxşı gündə həmişə mənimlə olacaq həyat yoldaşı istəyirəm” – deyə ümidli bir ah çəkir.
























