Xodorkovskinin nümayəndəsi İnterpol sorğusu barədə məlumatı saxta sayır

Mixail Xodorkovski hazırda xaricdə yaşayır.
Şəklin alt yazısı, Mixail Xodorkovski hazırda xaricdə yaşayır.
Çap edildi

Mixail Xodorkovskinin mətbuat katibi Kulle Pispanen İnterpol tərəfindən YUKOS şirkətinin keçmiş başçısı barədə Rusiyadan əlavə məlumat istənilməsinə dair xəbəri şübhə altına alıb.

Bundan əvvəl İnterfax agentliyi İnterpol-un Rusiyadan YUKOS-un keçmiş başçısı Mixail Xodorkovski barədə əlavə sənədlər istədiyini bildirmişdi.

İnterfax istintaqa yaxın mənbələrə istinadən həmin sənədlərin Mixail Xodorkovski barəsində beynəlxalq axtarış elan edilməsi üçün istənildiyini qeyd edib.

“Bu, saxta məlumata bənzəyir. Bu barədə mənbələr yox, İnterpol-un özü bildirsə, onda danışarıq”, mətbuat katibi "Danışır Moskva" radiosuna deyib.

Fevralın 11-də İnterpol-un Rusiya bürosu təşkilatın baş ofisinə Xodorkovski barəsində beynəlxalq axtarış elan edilməsilə bağlı müraciət etmişdi.

Lakin İnterpolun həmin müraciəti rədd edilmişdi, Rusiya isə rədd qərarından şikayət verməyə hazırlaşırdı.

Rusiya Xodorkovskiyə axtarışı 1998-ci ildə Nefteyuqanskın keçmiş rəhbəri Vladimir Petuxovun qətlə yetirilməsilə bağlı elan etmək istəyir.

Hazırda xaricdə yaşayan Xodorkovskiyə Rusiya İstintaq komitəsi tərəfindən bir müddət əvvəl beynəlxlaq axtarış elan edilmişdi.

Dekabrın 11-də Rusiya İstintaq komitəsi qiyabi olaraq YUKOS şirkətinin keçmiş rəhbərini Vladimir Petuxovun qətlində ittiham edib.