Hərbi maşının dəstəyi Putinin gözü qarşısında sındırıldı

Şəklin mənbəyi, RIA Novosti
Cümə axşamı günü prezident Putin yeni UAZ markalı avtomobilə baxış keçirərkən rusiyalı general maşın qapısının dəstəyini təsadüfən qırıb.
Həmin tipli avtomobillər üzərində iriçaplı silahların quraşdırılması üçün istehsal olunur.
Avtomobilə baxış zamanı Rusiya prezidentini Müdafiə Nazirliyinin Baş idarəsinin rəisi general Aleksandr Şevçenko müşayiət edib.
İnternetdə yerləşdirilmış videoda görünür ki, Putin və Şevçenko “Patriot” markalı avtomobilə yaxınlaşından sonra Rusiya prezidenti maşının qapısını açmaq üçün cəhdlər etsə də, buna nail ola bilmir.
Prezidentin köməyinə gələn general qapının dəstəyindən yapışıb güclə özünə doğru çəkəndə isə, dəstək onun əlində qalır.
Son nəticədə Putin üçün maşının arxa qapısını açırlar və o, nəhayət, avtomobilin içərisini nəzərdən keçirə bilir.
Şevçenkonun sözlərinə görə, “Patriot” avtomobillərində 12 millimetrlik pulyemyot və tank əleyhinə qumbaratan quraşdırmaq mümkündür.




















