Şimali Afrika Rusiyanın yeni silah bazarı kimi

Şəklin mənbəyi, Getty
- Müəllif, Fuad Şahbazov
- Vəzifə, siyasi təhlilçi, BBC Azərbaycanca üçün
- Çap edildi
Avropa İttifaqı və ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaların daha da sərtləşdirilməsinə baxmayaraq, rəsmi Moskva bu reallıqla hələ də tam barışmaq niyyətində deyil.
Rusiya dövlət rəsmilərininin son açıqlamalarından bəlli olur ki, Rusiya silah alıcılarının siyahısını artırmaq niyyətindədir. Yeni silah alıcıları siyahısında Mərakeş krallığı, Tunis və Əlcəzair kimi dövlətlər var.
Rusiyanın Suriyadakı BƏƏS rejimini dəstəkləməsinə baxmayaraq, ekstremist İslam qruplaşmalarının hədə-qorxusu ilə üz-üzə qalan bu ölkələr özlərinin sərhəd təhlükəsizliyini təmin etmək üçün yeni növ silahların alınmasında maraqlıdırlar.
Rusiya ilə daha sıx əlaqə yaradan əsas ölkə Mərakeş Krallığıdır. Bu ilin mart ayında Moskvaya rəsmi səfərə gedən Kral Abdullah və Rusiya prezidenti Vladimir Putin iki ölkə arasında strateji əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yeni müqavilələr imzaladılar.
Bundan bir qədər öncə isə, 2014-cü ildə Mərakeşi Rusiyanın energetika nazirinin birinci müavini ziyarət etmiş və bu da öz növbəsində ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoymasına səbəb olmuşdu.
Rusiya Şimali Afrika regionunun ən stabil ölkəsi hesab edilən Mərakeşə yatırdığı investisiyaları hər il daha da artırmaqda davam edir. Mərakeşin yerli bazarında Rusiyanın əsas rəqibləri ABŞ, Çin və Avropa İttifaqıdır.
Unutmaq lazım deyil ki, siyasi baxımdan Rusiya və Mərakeş Şərq cəbhəsinin əks tərəflərində dayanır. Mərakeş rəsmi olaraq həm anti – Əsəd koalisiyasının həm də Yəmən münaqişəsində iştirak edən birləşmiş ərəb koalisiyasının üzvüdür.
Lakin bölgədə getdikcə şiddətlənən radikal İslam dalğası Mərakeşi rəsmi Moskva ilə hərbi əməkdaşlığa getməyə məcbur etdi.
Öz növbəsində regionun digər ölkəsi Tunis də daxili stabilliyinin terror aktları nəticəsində pozulmasından sonra təhlükəsizlik barəsində Rusiya ilə əməkdaşlığı dərinləşdirdi.
Ərəb baharından sonra yeni demokratik seçkilər keçirən Tunis siyasi böhranın qarşısını ala bilmişdisə də ölkədə tüğyan edən iqtisadi böhran və ölkənin cənubunda getdikcə güclənən Hizbut-Tahrir radikal İslamçı təşkilatının qarşısını almaqda olduqca çətinlik çəkir.
Tunislə yanaşı Şimali Afrikanın “son” sekulyar dövlətlərindən biri olan Əlcəzair də qonşu ölkələrdən nümunə götürərək Rusiya ilə əməkdaşlığı dərinləşdirməkdə davam edir. Keçən əsrin 80-ci illərində qanlı vətəndaş müharibəsinin meydanına çevrilən Əlcəzairdə İslamçı partiyalar və təşkilatlar qadağan olunmuşdu.
Buteflika rejimi dövründə isə İslamçı partiyalar və tərəfdarları amansızlıqla təqib edilirlər. Mətbuatın açıqlamasına əsasən 2015-ci ildə Əlcəzair Rusiyadan 20 ədəd SU-34 qırıcı təyyarəsi satın alıb. Bundan əlavə isə rus mətbuatı yenicə satın alınan hərbi texnika arasında Mİ-28 helikopterlərinin də olduğunu qeyd edir.
Bu ölkələrdə mövcud olan siyasi rejimlərin Qərb yönümlü olmasına baxmayaraq nə Tunis, nə Əlcəzair, nə də Mərakeş bundan heç bir mənfəət əldə edə bilmirlər.
Qərb ölkələri yeni istehsal etdiyi hərbi texnikanı və silah – sursatı bu ölkələrə satmaqda elə də həvəsli görünmürlər. Məhz bu səbəbdən ötrü adı çəkilən ölkələr onlarla daha sıx əməkdaşlıq edən Rusiya ilə müqavilə imzalamaqda daha həvəslidirlər.
RAND Corporation araşdırmaçılarının hesablamalarına görə, son 3 ildə Afrika qitəsinə satılan silah-sursatın 56%-i Tunis, Mərakeş və Əlcəzairin payına düşür.
Hesablamardan belə qənaətə gəlmək olar ki, 3 il ərzində “Rosoboroneksport” şirkətinin qazancı 20 milyard dollar təşkil edib. Rusiyanın bölgədə öz təsirini gücləndirməsi Qərb müttəfiqlərinin narazılığına səbəb olsa da, görünür bu ölkələr Rusiyanın Yaxın Şərqdə, xüsusilə də Suriyada hərbi əməliyyatlar keçirməsindən narahatlıq hiss keçirmirlər.
Radikal İslam təhlükəsinin hər gün daha da gücləndiyi bir vaxtda Əlcəzair və Mərakeş kimi ölkələrdə mövcud olan siyasi rejimlər özlərini təhlükədə hiss etməkdə davam edirlər.
Bu fonda rəsmi Kremlin Suriyada radikal terrorçulara qarşı mübarizə aparması bu siyasi rejimlərin də gələcəyi baxımından böyük əhəmiyyət kəsb edir.
























