Moskva dəfn xidməti rəhbərlərindən biri həbs olunub

Moskvanın Xovanski qəbiristanlığında mayın 14-də toqquşma baş verib
Şəklin alt yazısı, Moskvanın Xovanski qəbiristanlığında mayın 14-də toqquşma baş verib
Çap edildi

Moskvada "Ritual" dövlət büdcə idarəsinin 3 nömrəli ərazi şöbəsinin rəhbəri Yuri Çabuyev Xovanski qəbiristanlığında kütləvi dava təşkil etməkdə şübhəli bilinərək iyulun 14-dək həbs olunub.

Həbs qərarı Moskvanın Presnenski məhkəməsi tərəfindən çıxarılıb.

İşin materiallarına hadisə baş verən gün Çabuyevin qəbirstanlıqda görüntüsünü əks etdirən fotolar əlavə olunub.

Müstəntiq eləcə də polis əməkdaşlarının dindirilməsinin nəticələrini məhkəməyə təqdim edib.

Polis əməkdaşlarının iddia etdiklərinə görə, Çabuyev onlara bildirmişdi ki, “miqrantları qovmaq üçün qafqazllıları dəvət edib”.

Bundan əvvəl Çabuyev özünü təqsirli bilmədiyini bəyan etmişdi.

Rusiya İstintaq komitəsində Çubayevi davanın təşkilatçısı hesab etdiklərini bildiriblər.

Cümə axşamı məhkəmə eləcə də bu işlə bağlı saxlanmış 14 şübhəlinin hamısını həbs altına alınmasına sanksiya verib.

Ötən şənbə günü Moskvanın Xovanski qəbiristanlığında baş verən kütləvi toqquşamada 3 nəfər həlak olub, 30-dan çox adam yaralanıb.

Toqquşmada iştirak edənlər dəyənək, armatura parçaları və odlu silahdan istifadə ediblər.

Rusiya İstintaq komitəsinin məlumatına görə, davada 200-dən çox adam iştirak edib.