Pərviz Həşimlinin atası oğlunun vəziyyətindən narahatdır

Çap edildi

Silah qaçaqmalçılığında ittiham olunan jurnalist Pərviz Həşimlinin atası Kamran Həşimov iddia edir ki, oğlunu "hər gün başına torba keçirib sorğu-suala aparırlar".

"Tələb edirlər ki, Əli Kərimliyə hansısa məmurların hesablarından pul köçürülməsi haqda ifadə versin. Üstəlik otağında olan yeganə pəncərəni də rəngləyiblər", cənab Həşimov çərşənbə günü mətbuat konfransında deyib.

Dekabrın 13-də Səbayıl Rayon Məhkəməsində jurnalistin Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı iddiaya baxılıb. Məhkəməyə gətirilən cənab Həşimli jurnalistlərə “Mənə işgəncə verirlər” deyə qışqırıb.

Jurnalistin saxlanma şəraiti ilə bağlı prezidentə, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərinə müraciət etdiyini deyən cənab Həşimovun sözlərinə görə, “Pərvizi Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında girov saxlayırlar”.

MTN İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev jurnalistə işgəncə verilməsi ilə bağlı iddiaların “əsassız və yalan” olduğunu deyib.

“İstintaq Təcridxanasında hər hansı işgəncə, yaxud qeyri-insani rəftara yol verilməsi barədə heç bir fakt qeydə alınmayıb. Bu, ümumiyyətlə, qeyri-mümkündür”, cənab Babayev qeyd edib.

"İstintaqa təzyiq"

MTN sözçüsü bu cür məlumatların yayılmasını “müəyyən mənada istintaqa təzyiq vasitəsi” olduğunu söyləyib.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və köməkçisi Elçin Şirinov çərşənbə günü MTN-nin İstintaq Təcridxanasında jurnalistlə görüşüb.

“Pərvizlə və digər siyasi məhbuslarla girov kimi rəftar edilir və o, məhz siyasi fəaliyyətinə görə həbsdədir. Amma çox yaxşı haldır ki, Pərviz nə özünə, nə başqasına böhtan atmağa razı olmur”, tədbirdə çıxış edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Əli Kərimli deyib.

“Bizim apardığımız mübarizə bir sıra hallarda fəallarımızın böyük məhrumiyyətlərə qatlaşmağına gətirib çıxarır”, o əlavə edib.

Partiya sədri jurnalistdən ona qarşı ifadələrin alınması ilə bağlı iddiaları şərh edərkən deyib ki, “Azərbaycan hökümətinin mənə nifrəti o qədərdir ki, indi cəhbəçiləri yox, nazirləri də mənə görə tutdurmaq istəyir”.

Təcridxana

Jurnalistin vəkili Yalçın İmanov BBC Azərbaycancaya deyib ki, qanunun tələbinə görə cənab Həşimli istintaq təcridxanasına köçürülməlidir.

“Mən dünən onunla görüşdüm. İstintaqın sürətli aparılmamasından şikayət etdi”, vəkil bildirib.

Cənab İmanovun sözlərinə görə, jurnalistə müxalifyönümlü qəzetlər verilmir və onun ailəsi ilə danışmaq imkanı yoxdur.

“Pərviz ilk dəfə həbs olunanda özünə qəsd etməyə cəhd edib. Çünki onu döyüblər və istintaqla səmimi olmasını istəyiblər. Həbs olunandan bu günə kimi heç bir istintaq hərəkəti aparılmayıb”, o əlavə edib.

Jurnalistin atası Həşimov da bugünki tədbirdə onun özünə qəsd etmək istədiyini deyib.

“Amma bu, saxlanma kamerasında baş verməyib, Pərvizə qarşı təhqiramiz ifadələr işlədiblər və o, əlinə qayçını götürüb ki özümə qəsd edəcəm”.

"Normal şərait"

Cənab Behbudov APA deyib ki, cənab Həşimli təcridxanada şəraitin "normal" olduğunu bildirib.

“Dekabrın 17-də ailəsi ilə telefon əlaqəsi yaradıb. Bir dəfə isə həyat yoldaşı ilə görüşə icazə verilib. O, telefon danışıqlarının mütəmadi olmasını istəyir. Mənə dedilər ki, buna şərait yaradılacaq”, o qeyd edib.

Saxlanma yerinin dəyişdirilməsi ilə bağlı cənab Beybudov deyib ki, MTN rəhbərliyi jurnalistin məhkəmə qərarı ilə burada saxlanıldığını deyib və bunla bağlı məsələnin məhkəmədə həll oluna biləcəyini vurğulayıb.

“Bizim Yol” qəzetinin jurnalisti və moderator.az saytının direktoru Pərviz Həşimli sentyabrın 17-də həbs olunub.

Ona və Təvəkkül Qurbanova qarşı "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı" və "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma" maddələri ilə cinayət işi açılıb və haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

"Məlum olmuşdur ki, Pərviz Həşimov və Təvəkkül Qurbanov ilə Rza adlı İran vətəndaşı arasında qabaqcadan əldə edilmiş razılığa əsasən, sonuncu həmin odlu silahları və döyüş sursatını satış məqsədilə İranda qanunsuz olaraq əldə edib", MTN-nin açıqlamasında deyilir.

Hər iki şəxs İran İslam Respublikasının Rza və Hüseyn adlı vətəndaşları ilə əlbir olaraq satış məqsədilə odlu silahları və döyüş sursatını qaçaqmalçılıq yolu ilə, yəni gömrük nəzarətindən kənar keçirərək, İrandan Azərbaycana "gətiriblər", rəsmi məlumatda bildirilir.

Noyabrın 8-də jurnalistin həbs müddəti daha 3 ay <link type="page"><caption> artırılıb</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/11/131108_perviz_hashimli.shtml" platform="highweb"/></link>.

Jurnalistin yaxınları ona qarşı irəli sürülən ittihamların "əsassız" olduğunu və onun peşə fəaliyyətinə görə təqib olunduğunu düşünürlər.