Qarabağda Azərbaycan Ordusunun zabiti öldürülüb

Səbuhi Əzizov
Şəklin alt yazısı, Müdafiə Nazirliyi məlumat verir ki, bazar ertəsi leytenant Səbuhi Əzizov düşmən gülləsinə tuş gəlib
Çap edildi

Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, yanvarın 27-də Ağdam istiqamətində Azərbaycan Ordusunun zabiti, leytenant Səbuhi Əzizov düşmən gülləsinə tuş gəlib.

Bazar ertəsi saat 12.30-da erməni qüvvələri atəşkəs rejimini pozublar və nəticədə leytenant Əzizov "döyüş tapşırığını yerinə yetirərkən" düşmən tərəfindən açılan snayper atəşindən həlak olub, MN məlumatında deyilir.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda leytenant Əzizov "şəxsi şücaət göstərdiyinə görə" ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Ermənistan Müdafiə Nazirliyi yanvarın 27-də atəşkəs rejiminin pozulması haqqında məlumat verməyib və hadisəni şərh etməyib.

Səbuhi Əzizov Şirvan şəhərindən həqiqi hərbi xidmətə çağırılıb, APA məlumat verir.

Son bir həftə ərzində Azərbaycan və Ermənistan sərhəd bölgəsində və Dağlıq Qarabağda hərbi qüvvələrin təmas xətti boyunca atəşkəs rejiminin pozulduğu barədə məlumatlar yayılırdı.

Azərbaycan Müdafiə Nazirliyi tək yanvarın 25-26-da atəşkəs rejiminin erməni tərəfindən 150 dəfə pozulduğunu bildirib.

Nəticədə hər iki tərəfdən həlak olan və yaralanan olduğu xəbər verilir.