"1 nəfərə 1 manat" kampaniyası yekunlaşmaq üzrədir

Aksiyadan sonra cərimələnən gənclər üçün "1 nəfərə 1 manat" dəstək aksiyası.
Şəklin alt yazısı, Aksiyadan sonra cərimələnən gənclər üçün "1 nəfərə 1 manat" dəstək aksiyası.
Çap edildi

N!DA-çılara hökm oxunduqdan sonra keçirilən aksiyada cərimələnən fəallara dəstək üçün 1100 manat pul yığılıb, dəstək aksiyasının fəalı İsmi Şahzadə deyir.

İyunun 6-da "Facebook"-da cərimələnən gənclərə dəstək olaraq səhifə yaradılıb və "1 nəfərə 1 manat" adlanan kampaniyasına start verilib. Səhifədə deyilir ki, 50-500 manat arasında müəyyənləşən cərimələrin ümumi məbləği 3900 manatdır və bu aksiya bütün məbləğ yığılana qədər davam edəcək.

Dəqiq rəqəmin beynəlxalq pul köçürmələri ilə birgə bu həftənin sonunda açıqlanacağını deyən Şahzadə kompaniyada minə yaxın şəxsin iştirak etdiyini deyir.

Kampaniya

"Kampaniya 6 gün sonra bitsə də, lazım olan məbləğ toplanmadığı halda ianələri qəbul edəcəyik. İstəyirik ki, aksiyaya çıxmayan insanlar cərimə olunmaqdan qorxmasınlar və görsünlər ki, iştirak etsələr onlara dəstək verən insanlar var".

16 mindən çox internet istifadəçisinin dəvət olunduğu Facebook səhifəsini 850-dən çox insan bəyənib. İanələrin toplanması üçün Müsavat Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və REAL Hərəkatının ofisində xüsusi qoyulmuş qutular yerləşdirilib. Eyni zamanda könüllülərdən ibarət qrup ianə toplamaq üçün öz telefon nömrələrini səhifədə yerləşdirib.

Gənc fəal Tural İbrahimli BBC Azərbaycancaya deyib ki, cəriməni "məcburiyyət qarşısında ödəyəcək".

"Cərimənin qanunsuz olduğunu düşünürəm. Amma Türkiyəyə gedəndə sərhəddə problem olur. Mənim dekabr ayından da 3 yüz manat cəriməm qalmışdı, 900 manat borcum var. Amma məcburiyyət qarşısında qalıb ödəyirəm".

"Birlik mesajı"

Kampaniyanı önəmli olduğunu deyən fəalın sözlərinə görə, "1 nəfərə 1 manat" kampaniyası həm də cəmiyyətə "birlik mesajı verir".

NİDA Vətəndaş Hərəkatının üzvü Rəhman Məmmədli BBC Azərbaycancaya deyib ki, dəstək aksiyasında fəal iştirak edir.

"Beş gün bundan əvvəl bəzi yoldaşlara zəng gəlib ki, 10 gün cəriməni könüllü ödəmək üçün vaxt veririk. Mənə belə zəng gəlməsə də cəriməmi ödəyəcəm".

Dəstək aksiyasının təşkilatçıları Müsavat Gənclər Təşkilatı, Respublikaçı Alternativ Hərəkatı, N!DA Vətəndaş Hərəkatı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Təşkilatı və Azad Gənclik təşkilatıdır.

Mayın 6-da kütləvi iğtişaşların təşkili və narkotik maddə ittihamı ilə həbs edilən səkkiz N!DA fəalı barədə 6-8 il arası həbs cəzası barədə hökm verilib.

Bundan sonra, fəalları dəstəkləyənlər "azad et" şüarları səsləndirməyə başlayıb və polislə gənclər arasında qarşıdurma yaranıb.

Nəticədə 16-ya yaxın gənc fəal həbs olunub, o cümlədən bir neçə jurnalist saxlanılıb. Mayın 7-də saxlanılan fəallardan üçü 400-600 manat cərimə olunub, beş gənc fəal inzibati həbs cəzası verilib, üç nəfərə xəbərdarlıq olunub.