Xəzəryanı ölkələrin sammitində beştərəfli əməkdaşlığın prinsipləri razılaşdırılıb

Çap edildi
Oxuma vaxtı: 2 dəq

Xəzər dənizində tərəflərin silahlı qüvvələrinin mövcudluğu və hərbi fəaliyyət bütün Xəzəryanı ölkələr üçün bərabər təhlükəsizliyin təmin edilməsi prinsipi əsasında həyata keçirilməlidir.

"Rossiya 24" telekanalının məlumatına görə, bunu prezident İlham Əliyev Həştərxanda keçirilən Xəzəryanı ölkələrin IV sammitində çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycan Xəzərdəki qonşuları ilə hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verir.

"Xəzər dənizi gələcəkdə də sülh, dostluq, əməkdaşlıq və mehriban qonşuluq zonası kimi qalmalıdır", prezident qeyd edib.

Sammitdən sonra çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib ki, Xəzəryanı ölkələrin dövlət başçıları ik dəfə beştərəfli əməkdaşlığın əsas prinsiplərinin qeyd olunduğu siyasi bəyanatı razılaşdırıblar.

"Xəzəryanı ölkələrin prezidentləri arasında məhdud tərkibdə fikir mübadiləsi qarşılıqlı anlaşma və bir-birilərinin maraqlarının nəzərə alınması əsasında baş tutub. Əldə olunan razılaşmalar bütün tərəflərin uzunmüddətli maraqlarına cavab verir", Rusiya lideri bildirib.

O həmçinin Qazaxıstanda keçiriləcək Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammitində Xəzərin hüquqi statusu haqqında konvensiyanın qəbul olunacağına ümid etdiyini deyib.

"Əminəm ki, biz hələ razılaşdırılmamış müddəalar üzrə razılığa gəlmək və növbəti sammitdə konvensiyanı qəbul etmək əzmindəyik", İTAR-TASS Putindən sitat gətirir.

Bu gün Həştərxanda Xəzəryanı ölkələrin liderlərinin iştirakı ilə IV sammit başlayıb.

BBC Azərbaycancaya danışan bəzi politoloqlar Xəzərin hüquqi statusun müəyyən olunması ilə bağlı qərarın qəbul edilməsi məsələsinə ümumilikdə "pozitiv" yanaşsa da, digərləri Rusiyanın özünün sərhədlərin delimitasiyası ilə bağlı istənilən qərarın "əleyhinə" olduğunu düşünür.

"Çətin durumda"

Politoloq Ərəstun Oruclu sammitdə Xəzərin statusu ilə bağlı "pozitiv irəliləyiş" olacağını gözləmədiyini deyir.

"Rusiya-Qərb münasibətləri fonunda, Rusiyanın Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqı səylərinin faktiki olaraq hələlik uğursuzluğa düçar olması fonunda bu sammitin məqsədi Xəzəryani dövlətlərə təzyiq eləməkdir. Çünki sammit haqda məlumat son bir neçə gündə üzə çıxdı", Oruclu BBC Azərbaycancana bildirib.

Onun sözlərinə, Rusiya "çətin durumda"dır və Xəzəryanı ölkələrə "təzyiqin effetktiv olacağına" inanmır.

"Rusiyanın İranla da müstərək maraqlar dairəsi daralıb, çünki İran Avropanın enerji təhlükəsizliyi məsələsində Rusiyaya alternativ olmağı nəzərdən keçirir. Digər tərəfdən Qazaxıstan Rusiya münasibətləri qarşılıqlı bəyanatlar səbəbindən soyudu. Azərbaycan isə əsasən enrji partnyoru olaraq Qərblə əməkdaşlıq edir", politoloq qeyd edib.

Rusiyanın Xəzər dənizini milli sektorlara bölünməsinə qarşı çıxmasını şərh edən Oruclu deyib ki, Putinin bu istəyi də "baş tutmayacaq".

"Çünki bu, digər dövlətlərin maraqlarına ziddir. Türkmənistan Azərbaycan vasitəsilə öz qazını Qərbə nəql etmək fikrindədir, İran buna qoşula bilər. Digər tərəfdən sərhədlərin delimitasiyası ilə bağlı bəzi dövlətlər arasında ikitərəfli anlaşmalar var. Rusiya təklənmiş durumdadır", politoloq əlavə edib.

İqtidaryönümlü deputat, politoloq Rasim Musabəyov sammit öncəsi dövlətlərin məsul şəxslərinin "yaxşı proqnozlar verdiyini" deyir və bu səbəbdən sammitin keçirilməsini "pozitiv" dəyərləndirir.

"Xəzərin hüququ statusu ilə bağlı razılaşmanı əldə etmək üçün addımbaaddım müəyyən məsələlərdə razılaşma əldə olunur. O cümlədən də, bu sammitdə kifayət qədər razılaşmalar əldə olunacaq".

Cənab Musabəyov deyir ki, hər ölkəyə 25 mil dəniz ərazisi düşəcək və bu da hər bir dövlətin yanaşması kimi təmin olunacaq.

Bununla belə, cənab Musabəyov Xəzərin hüquqi statusu ilə bağlı razılaşmanın Qazaxıstanda keçiriləcək sammitdə əldə oluna biləcəyini düşünür.