Cəmil Həsənli: "Azad et!" mitinqindəki İslam Dövləti bayraqları "təxribatdır"

Məhsul Stadionu
Şəklin alt yazısı, Məlumata görə, aksiyada 500-dən çox iştirakçı var
Çap edildi

Bakıda, Məhsul Stadionunda keçirilən müxalifət mitinqində "Azad et!" şüarlı mitinq başa çatıb. Mitinq iştirakçıları və aparıcıları siyasi məhbusların azadlığını tələb edib.

Milli Şuranın sədri Cəmil Həsənli çıxışında deyib: "Mən tarixçi olaraq deyə bilərəm ki, indi Azərbaycanda baş verənlər 37-ci ildən baş verməyib, qəddar adlandırdığımız Sovet belə həbslərə getmirdi, yol vermirdi".

"Əgər bir il qabaq 10-15 siyasi məhbus var idisə, onların sayı 105-110-a çatıb", tribunadan çıxış edən siyasətçi deyib.

Azərbaycan hökuməti ölkədə siyasi məhbusların olması barədə ittihamları rədd edir.

Hadisə yerində olan jurnalist Əziz Kərimovun BBC Azərbaycancaya verdiyi məlumata görə, İslam Dövləti qruplaşmasının bayrağını stadiona gətirən altı nəfər var. Polis həmin şəxsləri saxlayıb, jurnalist məlumat verir.

Jurnalist Seymur Kazımovun verdiyi məlumata görə, əlində İŞİD bayraqları ilə meydana daxil olanlar etirazçılar tərəfindən saxlanılaraq polislərə təhvil veriliblər.

"Təxribat"

Cəmil Həsənli bu hadisəni "təxribat" adlandırıb. "Keçmişimiz də, bugünümüz də, gələcəyimiz də Azərbaycan bayrağı ilə bağlıdır. [Stadionda] Bir neçə yerdə Avropa İttifaqının bayrağını görmək olar, bu isə təsadüf deyil. Hədəflərimiz demokratiyadır, gələcəyimiz Avropa demokratiyası ilə bağlıdır".

Məhsul Stadionu
Şəklin alt yazısı, "Siyasi repressiyaları dayandırın!" - bir mitinq iştirakçısının şüarı

AXCP üzvü Natiq Hüseynov həmçinin bu hadisəni "təxribat" kimi dəyərləndirib. "Onları kənarlaşdıranlardan biri mən idim, bir neçə dəqiqədən sonra gördüm ki, eyni adam yenidən əlində İŞİD bayrağı stadiona daxil oldu. Bunun adı təxribatdır".

Müsavat Partiyasının sabiq və indiki rəhbərliyi mitinqdə çıxış etməsələr də, etirazçıların arasında idilər, Seymur Kazımov məlumat verir.

Əziz Kərimov təxmin edir ki, mitinqə 500-dən çox adam qatılıb. AXCP sədr müavini Fuad Qəhrəmanlı isə 7000-ə yaxın adamın aksiyaya qoşulduğunu bildirib.

"Bu gün bizim bu meydana toplaşmağa həyat özü məcbur etdi", AXCP sədri Əli Kərimli mitinq iştirakçılarına ünvanlanan çıxışında deyib.

"Bizim bura gəlməməyə haqqımız yox idi. Hazırda biz ən böyük sınaqlarından birini yaşayırıq".

Aksiyada iştirak edənlər "AB ilə Assosiasiya Sazişi imzalansın", "Siyasi məhbuslara azadlıq" kimi plakatlar tutub. Bəziləri mitinqə hazırda həbsdə olan fəalların fotoları ilə gəliblər.

Cəmil Həsənli
Şəklin alt yazısı, Mitinq Milli Şuranın təşəbbüsü ilə keçirilir. Bundan əvvəl Milli Şuranın son mitinqi prezident seçkilərindən az sonra keçirilib. (Foto arxivdəndir)

Aksiya Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmışdı. Polislərlə etirazçılar arasında insident olmayıb.