Rəsul Cəfərov "ev dustaqlığına" buraxılmayıb

Çap edildi

Qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə məhkəməyə qədər həbs olunan hüquq müdafiəçisi Rəsul Cəfərov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilməyib.

“Nəsimi Rayon Məhkəməsi qarşısında Rəsulun ev dustaqlığına buraxılması haqda vəsatət qaldırmışdıq. Amma vəsatətimiz təmin olunmadı”, vəkil Fariz Namazlı BBC Azərbaycancaya deyib.

Onun sözlərinə görə, hüquq müdafiəçisi məhkəmə çıxışında istintaqın çağırışına vaxtlı-vaxtında getdiyini və onun obyektiv aparılmasına yardım edəcəyini bildirsə də, hakim vəsatəti qəbul etməyib.

İnsan Haqları Klubu təşkilatının rəhbəri, hüquq müdafiəçisi Rəsul Cəfərov avqustun 2-də həbs olunub.

Oktyabrın 23-də məhkəmə onun həbs müddətinin daha 3 az uzadılması haqda qərar çıxarıb. Ondan bir həftə əvəl hüquq müdafiəçisi haqqında seçilmiş üç aylıq həbs qətimkan tədbirinin yekunlaşması ilə əlaqədar Cəfərov Baş prokuror Zakir Qaralova da müraciət ünvanlayaraq xahiş edib ki, o, ən azından ev dustaqlığına buraxılsın.

Eyni zamanda Cəfərov həbsdən azadlığa buraxılması üçün prezident İlham Əliyevə müraciət edib.

Anar Məmmədlinin şikayəti təmin olunmayıb

Eyni gündə qanunsuz sahibkarlıq, seçki saxtakarlığı və vergidən yayınma maddələri ilə 5 il müddətinə həbs olunan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin kassasiya şikayətinə baxılıb.

Vəkil Fariz Namazlı məhkəmənin istintaqsız keçdiyini və ilkin instansiya məhkəməsinin qərarının qüvvədə saxlanıldığını bildirib.

“Bundan sonra Ali Məhkəməyə müraciət edəcəyik. Bununla artıq ikinci dəfədir ki, kassasiya şikayəti istintaq olmadan keçirilir və qərar verilir”, o BBC Azərbaycancaya bildirib.

Anar Məmmədli ötən il dekabrın 17-də həbs olunub. Mərkəzin eyni maddələrlə ittiham olunan digər iki əməkdaşı, Bəşir Süleymanlı və Elnur Məmmədlidən ölkəni tərk etməmək haqda ittiham alınıb.

Mayın 26-da Anar Məmmədli 3 il ərzində dövlət, özəl və ictimai qurumlarda vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 6 ay, Bəşir Süleymanlı isə 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 aylıq həbs cəzasına məhkum edilib.