Mətbuat icmalı: "Təbrizdə qadınların küçə süpürməsinə rast gəlinməz"

Çap edildi

“Azərbaycan”: Donald Tuskun şərəfinə rəsmi qarovul

Qəzet iyulun 22-də Azərbaycana rəsmi səfərə gələn Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun rəsmi qarşılanma mərasimi barədə qısa, lakin ətraflı məlumat dərc edib.

“Azərbaycanın və Avropa İttifaqının bayraqlarının dalğalandığı meydanda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tusku qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Avropa İttifaqı Şurasının prezidentinə raport verdi. Avropa İttifaqının və Azərbaycanın himnləri səsləndi. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Avropa İttifaqı Şurasının prezidenti Azərbaycan əsgərlərini salamladı. Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Donald Tuska, Avropa İttifaqı nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.”

“Xalq qəzeti”: Donald Tusk Gürcüstanın Avropa İttifaqından vizasız rejim əldə edə bilməsi üçün vacib olan şərtləri səsləndirib

O deyib: “Aİ-dən vizasız rejim əldə etmək üçün Gürcüstan hələ bir neçə əlavə islahatlar həyata keçirməlidir. Söhbət Gürcüstanın korrupsiya, narkotiklərin yayılması və insan alveri ilə mübarizə sahəsində səylərinin artırılmasından gedir. Şəxsən mən Gürcüstana vizasız rejimin tətbiq edilməsini çox arzulayıram, lakin mənim diləyim zəmanət verə bilməz, islahatları davam etdirmək lazımdır”.

“Azadlıq”: İlham Əliyev: “Xəbərləri media və saytlar vasitəsilə izləyirəm”

Prezident İlham Əliyev milli mətbuatın yaranmasının 140 illiyi münasibətilə Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə keçirdiyi görüşdə deyib ki, xəbərləri internet üzərindən bilavasitə özü oxuyur: “Mənim köməkçilərim bəzi məlumatları məndən gizlətməyə çalışırlar, amma onlar görürlər ki, mənim xəbərim var. Çünki mən media və saytlar vasitəsilə o məlumatları izləyirəm, oxuyuram. Bu baxımdan əməkdaşlığımızın davam etməsində maraqlıyam”. “Ölkə başçısı həmçinin bildirib ki, idarəetmədə islahatlara ehtiyac var. İlham Əliyev bu məsələdə medianın dəstəyinə və köməyinə ehtiyac olduğunu bildirib.”

Qəzet bu məqamı ölkə başçısının əslində komandasına nəzarət edə bilməməsinin etirafı kimi qiymətləndirib. Qəzet yazır ki, “Ilham Əliyev Azadlıq prospektində 15 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı yaradılmış komissiyanın iclasında da ona baş verənlər barədə ziddiyyətli məlumatlar verildiyini bəyan etmişdi.”

“Azadlıq”: Demokratiya arxa plana salınmayıb. Əksinə, Qərb indi daha çox demokratiya məsələsinə önəm verir

“Bir neçə gündür ki, hakimiyyət mətbuatı ABŞ-ın Azərbaycanla əlaqələri bərpa etməyə can atdığının təbliğatını aparır. …Müraciət olunan tezislər və gətirilən arqumentlər reallıqdan uzaqdır. Hətta məsələ o yerə çatdırılır ki, ABŞ-ın Azərbaycandan çəkindiyi belə vurğulanır.” Məsələn, “Yeni Müsavat” qəzetinin dünənki manşet yazısında vurğulanır ki, “ABŞ Azərbaycanın onu fakt qarşısında qoymasından çəkinib. Azərbaycanın Əfqanıstanla bağlı hərbi əməkdaşlığa son qoymaq hədəsi və ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatına üzv qəbul oluna biləcəyi Vaşinqtonu “geri addım atmağa” vadar edib.

Bu cür tezislər ABŞ-ın Azərbaycandakı səfiri Sekutanın açıqlamalarına rəğmən tirajlanır. Baxmayaraq ki, həm Sekuta, həm də keçmiş səfir Kozlariç ABŞ-ın Azərbaycandan demokratiya ilə bağlı tələblərinin gündəmdə qaldığını bəyan edir.”

Səfir Sekuta “dövlət katibinin köməkçisi Viktoriya Nulandın bəyan etdiyi Azərbaycan-Amerika birgə komissiyasının yaradılması məsələsinin hələ aktual olduğunu bildirib: “Əslində biz demokratiya sahəsində yaradılacaq komissiya barəsində danışırıq. Hazırda bu məsələnin icrası gedir. Bu məsələ çözülmək istiqamətindədir, danışıqlar gedir.”

Bu məqam göstərir ki, ABŞ Azərbaycan hakimiyyətilə danışıqlarda, iddia edildiyi kimi, demokratiya məsələsini arxa plana salmayıb. Əksinə, Qərb indi daha çox demokratiya məsələsinə önəm verir. Bundan başqa, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç Qərblə Azərbaycan hakimiyyəti arasında anlaşma olduğu barədə YAP iqtidarının nəzarətində olan media orqanlarında dərc edilmiş materialı “Facebook” səhifəsində paylaşaraq bütün bunların uydurmadan başqa bir şey olmadığını bildirib.”

“Azadlıq”: İran uzağı bir ilə neft hasilatını əvvəlki səviyyəyə çatdıra bilər

Iranın Neft naziri Bican Zanganeh, Tehranda Almaniyanın Baş nazirinin müavini Sigmar Qabriel ilə keçirdiyi birgə mətbuat konfransında deyib ki, gündəlik neft hasilatını mümkün olan ən qısa müddətdə 4.7 milyon barrelə çıxarmağı planlaşdırırlar. O həmçinin qaz hasilatının bu il gündəlik 120 milyon kub metr artırıldığını da bildirib.

“Zanganeh deyib ki, Iranın yeni neft kontraktları dekabr ayında Londonda keçiriləcək konfransda müzakirə ediləcək. Iran iyun ayında gündəlik 2.85 milyon barrel neft hasil edib. Analitiklər və treyderlər, Tehranın sanksiyalar aradan qalxdıqdan sonra 2012-ci ildən əvvəlki hasilat səviyyələrinə çatmaq üçün ən azı bir ilə ehtiyacı olmasında həmfikirdilər. Amma bəzi faktlar Iranın istehsalı daha tez müddətdə əvvəlki səviyyəyə qaytara biləcəyinə işarə edir. OPEC üzvləri Liviya və Venesuelanın gözləniləndən daha sürətli şəkildə neft hasilatını bərpa etməsi Irana nümunə ola bilər.”

“Yeni Müsavat”: Təbrizdən xəbər var

Qəzetin əməkdaşı Xalidə Gərayın Cənubi Azərbaycandan reportajları davam edir. Qəzet bugünkü sayında Təbriz reportajının birinci hissəsini dərc edib.

“Qədim şəhərin küçə və xiyabanları hər zaman təmiz və səliqəli olar. Burda küçələri yalnız kişilər süpürüb təmizləyər. Qadınların küçə süpürməsinə qətiyyən rast gəlinməz. Təbrizlilər qadınların küçə süpürməsini böyük qəbahət hesab edərlər. Burda xanımlara kifayət qədər hörmətlə yanaşılır. Kişilər məişətdə, ev işlərində xanımlara yaxından kömək edərlər. Şəhərin küçələrində çox az sayda xarici markarlı avtomobilləri görmək olar. Əsasən İran istehsalı olan “Peykan” avtomobillərindən istifadə edilir. Xarici markalı avtomobillərin ölkəyə gətirilməsi çox baha başa gəlir. Bu da bir siyasətdir, İran höküməti hər vəcdlə çalışır ki, əhali daha çox ölkənin istehsal etdiyi avtomobilləri alsın.

Təbrizin yol infrasturukturu yüksək səviyyədə qurulub. Burda xeyli avtomagistrallar var. Taksi və avtobuslar üçün xüsusi zolaq ayrılıb ki, nəticədə avtobuslar nəyliyyatda rahatca hərəkət edə bilir. Avtobuslarda qətiyyən sərnişin sıxlığı olmur. Adətən kişi sərnişinlər avtobusun ön tərəfində, qadınlar isə arxa tərəfində əyləşir. İri, zövqlü avtobusların əksəriyyətində kondisionerlər var. Bir sözlə avtobusla şəhərin bu başından o biri başına gedənəcən insanın ruhu da incimir. Avtobuslarda ödəniş əsasən kart sistemi ilə aparılır. Nəqliyyatda motosiklet və velosipeddən də geniş istifadə edilir.

Təbrizdə qadın sürücülərinin sayı heç də kişilərdən geri qalmır. Az sayda velosiped sürən qadınlara da rast gəlmək olur. Şəhərdə olduğumuz zaman heç vaxt tıxac vəziyyəti ilə qarşılaşmadıq.

Təbrizdə Azərbaycandan gələn hər kəsi “bakılı” adlandırırlar. “Bakılı”lar bura daha çox müalicə almaq üçün gələrlər. Bunun sayəsində həkimlərin, otel işçilərinin iqtisadi durumu xeyli yüksəlib. Taksi sürücüləri də bu işdə fəallıq göstərirlər. Onlar bura gələn turistlərə müvafiq otellərə yerləşməkdə, savadlı həkimləri tapmaqda köməklik göstərirlər. Özlərini də dediyi kimi bu işdən faizlə gəlir əldə edirlər. Bu bir növ biznes halını alıb…

Yazıda “Traxtur”un qadın azarkeşlərinin maçları yaxınlıqdakı təpələrə çıxaraq izlədiklərinə görə cərimələnməsi, azarkeşlərin səsləndirdiyi şüarlar, Təbrizin “virtual asılılıqdan uzaq gəncliyi”, Təbriz əhlinin gündəlik həyatı, əyləncələri, səngəh çörəyi, Təbriz süfrəsinin təamları, yaşıllıq üzərində açılan süfrələr, əhalinin sağlam həyat keçirməsi, təbrizlilərin ləhcəsində olan, biz şimallılara qəribə görünən ifadələrdən bəziləri barədə çox maraqlı məlumatlar var.