Mətbuat icmalı: Gürcüstan azərbaycanlılara öz dillərində oxumaq üçün "şərait yaradacaq"

Şəklin mənbəyi, Getty
“Azərbaycan”: Bakıda “World Summit Award” (WSA) və “Grand Jury” forumu işə başlayıb
“Sentyabrın 18-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi və “ADA” Universitetinin təşkilatçılığı ilə “World Summit Award” (WSA) və “Grand Jury” forumu işə başlayıb.
WSA-nın sədri Piter Bruk forumun məqsədinin BMT-nin İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinin (WSIS) gündəminə əsasən yerli informasiya cəmiyyətinin kreativliyini və müxtəlifliyini nümayiş etdirmək, cəmiyyətdə güclü təsiri olacaq rəqəmsal həll yollarını tapmaq olduğunu deyib.”
…Bildirirlir ki,” iki hissədən ibarət tədbirin birinci hissəsində ictimaiyyət üçün açıq forum təşkil edilib. Forumda sahibkarlarla xarici ekspertlərin bir araya gələrək innovasiya, sahibkarlıq, informasiya cəmiyyəti barədə öz fikirlərini bölüşməsi üçün imkan yaradılıb.
İkinci hissədə isə dünyanın hər bir yerindən göndərilmiş 400-dək tətbiq arasından 40 qalib seçilməsi üçün “Grand Jury” sessiyası olacaq. İyirmi bir beynəlxalq ekspert BMT-nin üzvü olan hər bir dövlət tərəfindən “World Summit Award”a göndərilən tətbiqləri dəyərləndiriləcək.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin direktoru Kamran Ağası bildirib ki, tədbirin əsas məqsədi dünyadakı mövcud innovasiyaların təcrübəsini öyrənmək, onları müzakirə etmək və Azərbaycanda tətbiqinə nail olmaqdır.”
…Forumun sentyabrın 20-dək davam edəcəyi bildirilir.
“Azərbaycan”: Gürcüstan hökuməti bu ölkədə yaşayan azərbaycanlıların öz dillərində təhsil almaları üçün hər cür şərait yaradacaq
Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili jurnalistlərə açıqlamasında deyib ki, Gürcüstan hökuməti bu ölkədə yaşayan azərbaycanlıların öz dillərində təhsil almaları üçün hər cür şərait yaradacaq. “Azərbaycan dilində olan məktəblərin bağlanması ilə bağlı fikirlərin və yayılan xəbərlərin heç bir əsası yoxdur.
Nazir deyib: “Gürcüstan demokratik dövlətdir və bu ölkədə hər bir insan öz fikrini azad şəkildə ifadə edə bilər. Gürcüstanda milli azlıqların dilində tədris sahəsində heç bir məhdudiyyət yoxdur. Əksinə, düşünürük ki, hər bir vətəndaş öz ana dilinin varlığını hiss etməlidir. Sonra isə o, dövlət dilini və mədəniyyətini öyrənmək üçün özündə cəsarət tapmalıdır”.”
“Azadlıq”: Avronest-in həmprezidenti: “Ortaq dəyərlər olmadan iqtisadi əməkdaşlıq olmasın”
Avronest Parlament Assambleyasının həmprezidenti, Avropa Parlamentinin Finlandiyadan olan üzvü Heidi Hautala Azərbaycanla yaranan gərgin münasibətlər barədə “Azadlıq” radiosunun suallarını cavablandırıb.
O deyib: “Milli Məclisin Avropa Parlamentinin qətnaməsinə cavab məktubunu oxuyanda heyrətləndim. Məncə, Azərbaycan üçün çox vacib bir məsələ yanlış anlaşılıb. Ümid edirəm ki, bizi doğru anlayacaqlar. Məktubda deyilirdi ki, Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsini tamamilə gözardı edib. Bu, doğru deyil. Əslində Avropa Parlamenti Avropa İnsan Haqları Məhkəməsinin 16 iyun 2015-ci il qərarına əsaslanır. Parlamentdə Azərbaycana simpatiyası olan qruplar var. Məsələn, Mən “Yaşıllar Partiyası”ından gəlirəm və bu partiya Dağlıq Qarabağla bağlı həmişə Azərbaycanla həmrəylik nümayiş etdirib və biz bu məsələni davamlı şəkildə erməni həmkarlarımız qarşısında qaldırırıq. Ümid edirik ki, tezliklə işğal sülhlə əvəzlənəcək. Avropa Parlamenti Dağlıq Qarabağın işğalını inkar etmir. Seçkidən sonra Avronest heyəti Bakıya getmək və müzakirələri davam etdirmək istəyir. Dərindən məyusam ki, Milli Məclis Avronesti tərk etmək qərarına gəlib. Bu cür platformanı tərk etmək Azərbaycan xalqının marağında deyil.”
Xanım Hautala jurnalistin hökumət əməkdaşlığa getməsə, rəsmilərə səyahət qadağasının qoyula, hətta iqtisadi sanksiyaların nəzərdən keçirilə biləcəyi barədə sualına belə cavab verib:
“Qətnamənin müzakirəsi vaxtı mən Belarusdakı vəziyyəti önə çəkdim. Bu ölkədə artıq siyasi məhbus qalmadığı halda üzərində sanksiyalar qalmaqdadır. Bəzi ölkələr də var ki, burda siyasi məhbuslar var, amma sanksiya tətbiq olunmur. Əbəttə ki, sanksiya və viza qadağası Avropa Birliyi liderlərinin verə biləcəyi qərardır. Mənim deyəcəyim odur ki, bizdə ikili standartlar tətbiq olunur və ölkələrlə davranış siyasəti sistematik deyil. Ümumilikdə isə Azərbaycanla bağlı belə məhdudiyyətlərin qoyulmasının gündəmə gəlməsi göstərir ki, ölkədə vəziyyət çox kəskinləşib. Məncə, beynəlxalq sistemdə ölkələrə təsir imkanları zəifdir. Hal-hazırda belə məhdudiyyətlərin qoyulub-qoyulmayacağını demək tezdir. Ümid edirəm ki, ölkədə insan haqlarının durumu tezliklə yaxşılaşacaq və bunu etməyə ehtiyac qalmayacaq. Bunlar təkcə mənim fikirlərim deyil, Avropa Parlamentində çoxluq mənim fikrimi paylaşır.”
“Azadlıq”: Hakimiyyətin repressiyaları Avropanın diqqətindən düşmür
“Strasburqda AŞPA prezidenti Enn Brassör, Avropa Parlamentinin rəhbəri Martin Şults və AI-nin Genişlənmə üzrə Komissarı Yohannes Hanın görüşü keçirilib. Dünən keçirilən görüşdə hər iki parlament qurumunun siyasi qrup liderləri iştirak ediblər.
...Enn Brassör görüşün yekunlarına dair “hökumətlər öz öhdəliklərinə görə cavab verməlidirlər”, – deyə bildirib.
Azərbaycanda son bir il ərzində aparılan repressiyalar Qərb dünyasında çox ciddi narahatlığa səbəb olub. Bütün bu müddət ərzində Azərbaycan hakimiyyətini repressiyaları dayandırmağa və siyasi məhbusları azad etməyə olan çağırışlar heç bir nəticə vermədi. Yaranmış vəziyyət Avropa strukturlarını Azərbaycandakı problemlərə daha ciddi münasibət göstərməyə vadar etdi. Avropa Şurasının Parlament Assambleyasında iyun ayında Azərbaycan hakimiyyətini ciddi şəkildə tənqid edən qətnamə qəbul edildi. Bu qətnamə belə Azərbaycan hakimiyyətini mövqeyini dəyişməyə vadar edə bilmədi. Avropa Ittifaqının qətnaməsi Azərbaycan hakimiyyətinə qarşı qəbul olunmuş ən sərt xarakterli sənəd kimi qiymətləndirilməlidir. Qətnamənin qəbulundan sonra Azərbaycan hakimiyyətinin davranışı göstərir ki, hakim komanda ilə Avropa Birliyi ilə qarşıdurma kursu seçir. Avropa liderlərinin qətnamə qəbulundan sonrakı vəziyyəti müzakirə etməsi onların problemi ən ciddi şəkildə saxlamalarının göstəricisidir. Son günlər baş vermiş hadisələr göstərir ki, Avropa Ittifaqı bundan sonra da Azərbaycandakı repressiyalarla bağlı qətiyyətli mövqedə dayanmaqda davam edəcək.”
“Yeni Müsavat”: Rasim Əliyevin atası: “Cavid Hüseynovun ailəsi ilə barışıq mümkün deyil”
Jurnalist Rasim Əliyevin atası Məmmədəli Əliyev bildirib ki,” “Qəbələ” futbol klubunun hazırda həbsdə olana kapitanı Cavid Hüseynovun ailə üzvləri onlarla barışmaq istəyib: “Cavid Hüseynovun ailəsindən birbaşa bizimlə danışan olmayıb. Cəbrayıldan olan qohumlar, yaxınlar vasitəsi ilə bizə belə bir xəbər çatıb ki, barışmaq istəyirlər. Amma biz qəbul etməmişik. Barışıq mümkün olmayacaq bir şeydir”.
Rasim Əliyevin atası günahkarların cəzalandırılmasını tələb etdilkərini qeyd etdi.
Həkimlərlə bağlı heç bir tədbir görülmədiyini də deyən M.Əliyev həkimlərin işini araşdırmaq üçün Səhiyyə Nazirliyi tərəfindən komissiyanın yaradıldığını bildirdi: “İşi araşdıran müstəntiq bizə bildirdi ki, baş prokuror tərəfindən Səhiyyə Nazirliyinə müraciət olunub. Səhiyyə Nazirliyində xüsusi komissiya yaradılıb, həkimlər haqda rəy verilməlidir. Bundan sonra həkimlərin günahının olub-olmaması araşdırlacaq və tədbir görüləcək”.
Qeyd edək ki, Rasim Əliyev avqustun 8-i bir qrup şəxs tərəfindən vəhşicəsinə döyülmüş, 1 gün sonra xəstəxanada vəfat etmişdi. Qətl hadisəsi ilə bağlı saxlanılan 6 nəfər arasında futbolçu Cavid Hüseynov da var.”

























