Mətbuat icmalı: Rusiyanın hərbi gəmiləri Bakıya niyə gəlib?

Çap edildi

“Azadlıq”: Xədicə İsmayıl: “Heç olmasa, etiraf eləməyin, ayıbdır, gerb var, bayraq var, dövlətçilik var...”

Araşdırmaçı jurnalist Xədicə İsmayılın işi üzrə artıq məhkəmə istintaqı yekunlaşmaqdadır.

Avqustun 13-də keçirilən məhkəmə iclası zamanı Xədicə İsmayılın vəkilləri bir sıra vəsatətlər qaldırıblar. “Müdafiəçilərdən Fariz Namazlı Tural Mustafayevin keçmiş nişanlısı Rövşanə Rəhimlinin rəfiqəsi, vəkil Şəhla Hümbətovanın məhkəmədə əlavə şahid qismində dindirilməsini istəyib. Fariz Hamazlı bildirib ki, Turalla bağlı məsələlər, o cümlədən onun polisə verilməsi haqda Şəhla Hümbətova kifayət qədər məlumatlıdır. Məhkəmə vəsatəti təmin etməyib.”

Fariz Namazlının ikinci vəsatəti “Tural Mustafayevin işdən çıxarılmasının səbəblərilə bağlı "Meydan TV"nin rəhbəri Emin Millinin vəkil sorğusuna verdiyi cavabın, həmçinin Xədicə İsmayılın həbsinin ertəsi gün - dekabrın 6-da "Azadlıq" radiosu və "Meydan TV"nin yaydığı bəyanatların sübutlar siyahısına daxil edilməsi haqda olub. İddia olunur ki, Xədicə İsmayılın təzyiqilə Tural Mustafayev işdən çıxarılıb. Lakin həm "Meydan TV", həm də radio rəhbərliyi bu barədə iddiaların həqiqətə uyğun olmadığını bəyan edib.

İş üzrə dövlət ittihamını müdafiə edən prokuror Ramazan Hadıyev vəsatətin əleyhinə çıxıb və mövqeyini belə əsaslandırıb ki, hər iki qurumun rəhbərliyinin bu cinayət işinə, Xədicə İsmayılın özünə münasibəti bəlli olduğundan, onların rəyi mötəbər sübut sayıla bilməz. Xədicə İsmayıl prokurorun bu arqumentinə belə cavab verib: "Prokurorluğun mənə münasibəti də bəllidir. Çünki mən hələ həbsimdən əvvəl prokurorluğun üç müstəntiqinin adının "Maqnitski siyahısı"na salınması üçün müraciət etmişdim. Bəs niyə həmin müstəntiqlər mənim işimdən uzaqlaşdırılmadı? Tərəflərin bərabərliyi prinsipinə hörmətlə yanaşın. Tural Mustafayevin işdən çıxarılmasının onun intihar cəhdinə səbəb olduğunu iddia edirsiz, amma bu işə birbaşa aidiyyəti olan adamları dindirməkdən imtina edirsiz. Bəri başdan deyin ki, heç nəyi görmək istəmirsiz". Bu vəsatət də təmin olunmayıb.”

Müdafiə tərəfinin qaldırdığı daha dörd vəsatət də təmin olunmayıb. Vəsatətlərin birində Tural Mustafayevin "facebook" yazışmalarının sübutlar siyahısından xaric olunması məsələsi də qaldırılıb.

“"Tural Mustafayev ifadəsində göstərdi ki, "facebook" yazışmalarını istintaqa o, könüllü şəkildə təqdim etməyib. Özü verməyibsə, deməli, onların götürülməsi üçün məhkəmə qərarı olmalıydı. İşin içində belə bir qərar yoxdur. Deməli, zorla götürülüb. Zorla əldə olunan sübut isə mötəbər sayılmır və siyahıdan çıxarılmalıdır", - deyə vəkil Fariz Hamazlı bildirib.” Lakin məhkəmə bu vəsatəti də təmin etməyib.

Xədicə İsmayıl və müdafiəçiləri məhkəmənin çox sürətlə keçirilməsinə etiraz ediblər: "Ekspress məhkəmə keçirirsiz. Başa düşürəm, ittiham aktını hökmə köçürüb işi yekunlaşdırmaq istəyirsiniz. Görünür ki, çox tələsirsiz. Bəlkə də istirahətə getmək istəyirsiz. Bir halda ki, dediyiniz kimi, məni 15 il həbs cəzası gözləyir, o zaman imkan verin, o müddətin cüzi hissəsini məhkəmədə keçirək, işi araşdıraq. İstənilən halda, bu bizim haqqımızdır. Sizə sifariş verilib ki, işi tez başa çatdırasız. Ola bilsin, mənim üzümü hər gün gəlib burada görmək də sizə xoş deyil. Bəlkə vicdan əzabı da var... Hər halda, bunu ehtimal edirəm. Amma istənilən halda, hakim olaraq, bizim işi araşdırmaq cəhdimizin qarşısını almamalısınız. Mən vəkillərimlə görüşməliyəm, buna imkan verilmir. Heç olmasa, iki iş günü ayırın ki, mən vəkillərimin üçü ilə də görüşüb məsləhətləşə bilim".

Vəkil Cavad Cavadov da məhkəmənin sürətlə aparılmasına etiraz edib: "Siz prosesi elə sürətlə aparırsınız ki... Axı vəkillərin başqa işləri də var. Əvvəlcədən təyin olunmuş başqa işlə əlaqədar yarım gün bu məhkəməyə gələ bilmədim, az qala, bütün hər yer ayağa qalxmışdı. Adam iyrənir artıq bu cür söhbətlərdən. Əgər belədirsə, elə birdəfəlik hökmü oxuyun, çıxıb gedək".

Etirazlara baxmayaraq, məhkəmə avqustun 14-ü davam edəcək.

“Yeni Müsavat”: 13-cü kolondan jurnalistin ölümü ilə bağlı başsağlığı

Vicdan məhbusu Tofiq Yaqublunun qızı Nigar Yaqublu xəbər verib ki, “13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan siyasi dustaqlar qətlə yetirilən jurnalist Rasim Əliyevin yaxınlarına dərin hüznlə başsağlığı verirlər. …O, deyib ki, atası telefon vasitəsi ilə əlaqə saxlayaraq, aşağıdakı siyasi dustaqların başsağlıqlarını mərhum jurnalistin ailəsinə çatdırmağı xahiş ediblər: Tofiq Yaqublu, Fərəc Kərimov, İlkin Rüstəmzadə, Əbdül Əbilov, Anar Məmmədli, Pərviz Həşimov.” Bildirilir ki, “sabiq səhiyyə naziri hazırda 13 saylı zonda olmadığı üçün onun adı qeyd olunmur.”

“Azadlıq”: Leyla Yunus: “Ədalətsiz dövlət quldur dəstəsidir”

“Sülh və Demokratiya Institutunun direktoru, tanınmış hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı, tarixçi alim Arif Yunusun məhkəməsi yekunlaşıb.

Vəkillərin çıxışı zamanı Arif Yunusun vəziyyəti pisləşib. Məhkəmədə fasilə verilib və həmin müddətdə ona tibbi yardım göstərilib. Daha sonra hüquq müdafiəçisi və həyat yoldaşı məhkəmədə son sözlərini deyiblər. Leyla Yunus çıxışına vəkillərinə minnətdarlıq etməklə başlayıb:

“Vəkillərimizə ”çox sağ ol" demək istəyirəm. Çünki Azərbaycanda siyasi məhbusları müdafiə etmək böyük cəsarət tələb edir. Arifin vəkili Xalid Bağırov idi. Onu ümumiyyətlə, Vəkillər Kollegiyasından uzaqlaşdırdılar. Mənim vəkilim Əlayif Həsənov idi. Başqa qadın dustaqlardan fərqli olaraq, yalnız məni kişi nəzarətçilərin aparması, kamera yoldaşımın, mayor Yaqubovun məni döyməsi barədə mətbuata açıqlamalar verdiyinə görə onu da cəzalandırdılar. Mənimlə eyni kamerada saxlanılan, dəfələrlə məhkum olunmuş şəxs onu məhkəməyə verdi və əlbəttə ki, məhkəmə də onun iddiasını təmin etdi. Əlayif Həsənov, hətta Vəkillər Kollegiyasından da çıxarıldı. XIX əsrdə Puşkinin müəllimi olmuş Derjavin yazırdı ki, qərəzli məhkəmə quldurlardan daha qorxuludur. Hazırda burada baş verənlər XIX əsrdə baş verənlərdən daha dəhşətlidir.

Digər vəkilim Cavad Cavadovu işdən kənarlaşdırmaq üçün guya, şahid kimi dindirdilər. Lakin o dindirmə iş materiallarında öz əksini tapmayıb.

Daha bir müdafiəçim Fariz Namazlı gənc vəkildi. Mən başa düşdüm ki, ona da təzyiqlər var. Onu Vəkillər Kollegiyasından uzaqlaşdırmasınlar deyə, özüm ondan imtina ərizəsi yazdım. Istintaq davam etdiyi bir il ərzində 4 vəkilimizi uzaqlaşdırdılar. Ona görə deyirəm ki, vəkillərimiz böyük cəsarət göstərirlər.

Bu gün Azərbaycan eynilə keçmiş SSRI-nin, qırmızı faşizmin yolunu davam etdirir. Bu gün diktaturayla mübarizə aparanlara qarşı repressiyalar həyata keçirilir. Keçmiş SSRI-də Cinayət Məcəlləsində məşhur 57-ci maddə vardı, bütün siyasi məhbusları bu maddə ilə ittiham edirdilər. Bu maddə ilə həbsxanada olanlar bilinirdi ki, siyasi motivlərlə həbs olunublar. Indi Azərbaycan, Özbəkistan kimi ölkələrdə 57-ci maddə yoxdu, ancaq siyasi məhbusları, vicdan məhbuslarını ittiham etmək üçün dövlətə xəyanətdən tutmuş, narkotikə, iqtisadi cinayətlərə qədər Cinayət Məcəlləsindəki bütün maddələrdən istifadə edirlər. Amma verilən cəza müddətləri SSRI-də olduğu kimi qalır. Prokurorun bizim üçün istədiyi cəzanın müddəti məni təəccübləndirmədi. Çünki SSRI təcrübəsini gözəl bilirdim,

20 ildir də Azərbaycandakı repressiyaları müşahidə edirəm. Vəkillərimiz ətraflı şəkildə izah etdilər ki, bizim əməlimizdə cinayət tərkibi yoxdur. Prokuror çıxışında ittiham aktını təkrarladı, lakin bir-iki səhvə yol verdi. Əslində səhvlər çox idi, mən 1-2-sini deyəcəm. Burada ifadə verən bank əməkdaşları dedilər ki, biz öz hesablarımızdan istifadə edərkən heç bir qanunsuz hərəkətə yol verməmişik. Amma prokuror deyir ki, Arif Yunus öz hesabından həyat yoldaşının hesabına pul köçürməklə dələduzluq edib. Hökumət mətbuatı isə yazır ki, ümumiyyətlə, başqa şəxsin hesabına köçürüb. Bizim Ariflə ümumi hesabımız vardı. Yəni Arif öz hesabından öz hesabına pul köçürüb. Prokurorluğun ağlı kəsməyib ki, bunu araşdırsın. Çünki xarici ölkədə ailənin bir neçə üzvünün eyni hesabı ola bilər. Arifin əməlində dələduzluq nə məhkəmədə, nə də istintaqda sübut olunub. Mənə qarşı dələduzluq ittihamı ilə bağlı da heç bir sübut yoxdur. Bilirəm ki, bu məhkəmə quldurluqdan da pisdir. Amma ümid edirəm ki, heç olmasa, burada səslənən şahid ifadələri protokollarda öz əksini tapacaq.

Yalanların üstünün açılmasından qorxduqları üçün donor təşkilatların nümayəndələrinin dindirilməsinə imkan vermədilər. Qrant vəsaitləri gəlir vergisinə cəlb olunmur. Burada Bakı şəhər Icra Hakimiyyətinin əməkdaşı Zülfəli Ismayılov ifadə verdi. O, yalan danışdı. Çünki ittiham tərəfin şahidləri bilir ki, yalan ifadə versələr də, onları məsuliyyətə cəlb edən olmayacaq. O bildirdi ki, guya, Şəmsi Bədəlbəyli küçəsindəki evimiz sökülərkən bütün əmlak oradan çıxarılıb. Yalandır. Bütün əmlakımız, sənədlər, hətta atamın cəbhədən göndərdiyi məktublar da orada məhv edildi. Bu, Bakı Apellyasiya Məhkəməsinin, Ali Məhkəmənin qərarlarında da öz əksini tapıb ki, ev içindəki əmlakla birlikdə sökülüb.

Qanunsuz sahibkarlıq ittihamı isə ümumiyyətlə, fantastikadır. Biz alınan qrant vəsaitlərinə seminarlar, konfranslar keçirmişik, o vəsaitə nə isə istehsal eləməmişik, tərəvəz əkib satmamışıq.

Bu hökumət hər gün Qarabağdan danışır. Bəs niyə biz Qarabağla bağlı təbliğat müharibəsində ermənilərə uduzuruq? Arif beynəlxalq konfranslarda ermənilərin mövqeyini darmadağın edən ən parlaq simalardan biridir. Onun kitabları dünyanın bir çox ölkələrindəki kitabxanalarda var - Londonda “Chatham House”da, ABŞ Konqresində... Biz bu gün təbliğatda ermənilərə qalib gələn adamların üzərində məhkəmə qurulub. Ermənistanda isə Azərbaycana qarşı mübarizə aparan adamları həbs etməyi heç ağıllarına gətirmirlər. Bu hökumət işğalçılara qarşı mübarizə aparanları məhv edir.

Bu hakimiyyət nədən qorxur? Sözdən. Bu məhkəmə göstərdi ki, siz hamınız sözdən qorxursuz. Ona görə də məhkəməni qapalı keçirdiniz, jurnalistləri, müstəqil şəxsləri düz sözü eşitməsinlər deyə, prosesə buraxmadınız. Çünki burada baş verənlər sübut etdi ki, bizi müstəqil Azərbaycan, demokratiya uğrunda mübarizəmizə görə tutmusuz. V əsrdə Avqustin yazırdı ki, ədalətsiz dövlət quldur dəstəsidir. Bu gün Azərbaycan da faşizmin varisi, quldur dəstəsidir... Hakim bu yerdə Leyla Yunusun çıxışını kəsib:

- Biz sizi leksiya deməyə dəvət etməmişik.

Leyla Yunus:

- Ən çətini odur ki, siz bu gün bizə qarşı ölüm hökmü çıxaracaqsınız. Çünki nə mənim, nə də Arifin səhhəti uzun müddət həbsdə qalmağa imkan vermir. Lakin bu, tarixi məhkəmədir - Saxarovun, Soljenitsının məhkəməsi kimi... Bu gün Xədicə Ismayıla, Intiqam Əliyevə, Anar Məmmədliyə və digərlərinə qarşı da repressiyalar davam edir. 1938-ci ildə kalonda yazırdı: “Biz bu gün susqun və ölüyük. Ancaq ölü vəziyyətdə də bizdən qorxursuz”. Hakim:

- Leyla Yunusova, qurtardınız?

- Hə, cəllad, qurtardım, siz öz işinizi görə bilərsiz...

Ardınca Arif Yunus məhkəmədə son sözünü deyib. O, çıxışında ilk növbədə həyat yoldaşı Leyla Yunusa minnətdarlığını bildirib: “Insan həyata bir dəfə gəlir. Bu baxımdan kiminlə yaşayırsa, onunla həmfikir olması çox vacibdir. Biz azərbaycanlılar ”həyat yoldaşı" ifadəsini işlədirik. Bu yolda çətinliklər də olur, xoş günlər də. Mən çox şadam ki, həyat yoldaşım məhz Leyladır. Yenidən gənclik dövrünə qayıtsaydım, yenə də həyat yoldaşı olaraq Leylanı seçərdim.

Biz cavan deyilik. Yanvarda MTN-də 60 illiyim oldu. Görəsən kimsə 60 illik yubileyini MTN-in təcridxanasında, təkadamlıq kamerada qeyd edibmi? Biz bu 60 ilin 37 ilini Leyla ilə birlikdəyik. 37 rəqəmi Azərbaycan üçün mistik rəqəmdi. Bizim məhkəməmiz də 37-ci ilin məhkəməsinə oxşayır, o üsullarla keçirilir. Birlikdə olduğumuz 37-ci ildə həbs olunduq. Babək deyirdi ki, 40 il qul kimi yaşamaqdansa, 1 gün azad yaşamaq daha üstündür. Biz tarixçiyik, Babəkin bu sözü bizim üçün devizdi. Sovet dövründə camaat partiya bileti daşıyanda biz Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparırdıq. Azərbaycan müstəqil olandan sonra da biz mübarizəmizin ikinci mərhələsinə başladıq, ölkənin demokratikləşməsi uğrunda vuruşduq. Bu yol çətin idi, bizə təzyiqlər, basqınlar oldu. Hələ 88-ci ildə Ermənistana qarşı mübarizədə Azəbaycanla bağlı həqiqətləri üzə çıxaranda mənə “ekstremist” damğası vurub, prokurorluğa çağırırdılar. Xocalı soyqırımının qurbanlarının siyahısını təqdim edəndə yenə prokurorluğa çağırdılar.

Biz bütün bu yollarda Leyla ilə birlikdə olmuşuq. Bizim gözəl bir qızımız da var. Bizim valideynlərimiz rus dilini bilməyiblər. Sovet dövründə rus dilini bilməyən adamlar üçün karyera qurmaq mümkün olmadığına görə bizi məktəbə rus bölməsinə göndərmişdilər. Biz isə qızımızı Azərbaycan bölməsində oxutdurmuşuq. Azərbaycan, rus, türk və ingilis dillərini gözəl bilir. Amma əfsuslar olsun ki, o, bizim qızımız idi. Bizə qarşı təzyiqlər nəticə verməyəndə qızımıza keçdilər. Hüquq-mühafizə orqanlarındakı bəzi namuslu adamların sayəsində biz bu barədə xəbər tutduq və onu ölkədən çıxartdıq. Qızımız hazırda Hollandiyadadır. Mənim 23 yaşlı qızım Vətən haqqında şeiri oxuyanda ağlayır. Çox istədi ki, biz də onunla orada qalaq. Ancaq biz qalmadıq, demokratiya uğrunda mübarizə aparmağı, burada ölməyi seçdik. Bizə qarşı məhkəmələr də olub, 2011-ci ildə Ramil Usubov Leylanı məhkəməyə vermişdi. Təzyiqlərlə əlaqədar bir müddət Almaniyada yaşamalı olduq, amma yenə qayıtdıq. Çünki bura bizim vətənimizdir, ölsək də, burada öləcəyik. Indi qızım orada tək qalıb, burada valideynlərinin ikisi də həbsdədir. Amma tək olsa da, özünü itirməyib. Bir ata kimi, bununla fəxr edirəm. Mən həbsimdən sonra okyabr ayına qədər ümumiyyətlə, yata bilmirdim. Oktyabrdan bəri hər gün yuxu dərmanı qəbul etmədən yatmıram. Bu məhkəmədə baş verənlərin 90 faizini başa düşmürdüm. Çünki hər gün bura gəlməzdən öncə mənə 2 iynə vurulur. Bu nə məhkəmədir ki, təqsirləndirilən şəxs gətirilib zombi kimi oturdulur, heç nə başa düşmür. Birinci gün vəziyyətim pisləşəndə bura həkim kimi çağırdığınız adamın peşəsi nə idi, bilmirəm, ancaq hər kimdirsə, mənə vurduğu iynədən sonra 3 gün əlim şişdi. Mən MTN-də olan o həkimə minnətdarlıq etmək istəyirəm. O insanlara hörmət edirəm ki, həm peşəkardır, həm də insanlığı var. O həkim olmasaydı, bəlkə də indi mən burada yox idim. Bəzən mən məhkəməyə gəlməmiş iki yox, hətta dörd iynə vururdu. Vəkillərin işi isə həkimlərdən də çətindi. Mən ilk gündən bilirdim ki, bizim işimiz adi cinayət işi deyil. Ona görə də əvvəlcədən vəkillərlə də bu haqda danışmışdım. Bizi tutmaq istəyirdilər, nə çox maddə, tutacaqlar. Prokurorluqda mənə dedilər ki, hörmətimiz var sizə, amma bizi də başa düşün, ailəmiz var.

Zala baxanda bəzi jurnalistləri görürəm. Mənə hər gün “Azərbaycan”, “Yeni Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” qəzetləri verir. Şəkillər, yazılar eyni olur, başqa imzalarla verilir. Biz sanki sovet dövrünə qayıdırıq. Amma az da olsa, istisna təşkil edən bəzi jurnalistlər var. Amma bilirəm ki, onların da taleyi ya bizim kimi, bura düşmək olacaq, ya da ölkədən getməyə məcbur olacaqlar. Mən səfirliklərə də minnətdarlığımı bildirmək istəyirəm.

Hakimiyyətə də minnətdaram. Çünki biz deyəndə ki, Azərbaycanda demokratiya yoxdur, cavabında bildirirdilər ki, demokratiya olmasaydı, siz indi bunları danışmazdınız, həbsdə olardınız. Hakimiyyət bu arqumenti yox elədi. ABŞ, Britaniya və başqa ölkələrin rəhbərləri bizdən danışır, dünyanın nüfuzlu qəzetləri bizdən yazır. Bundan yaxşı reklam olar? Hakimiyyət həbsimizlə bizim adımızı Azərbaycanın tarixinə yazdı. Mən peşman deyiləm. Əsas odur ki, insanın vicdanı olsun, vicdanla yaşasın. Prokurorluq iddia edir ki, biz ölkədən qaçmaq istəmişik. Bizi çox ölkədən dəvət ediblər. Amma imtina eləmişik. Çünki bura bizim vətənimizdir və burada ölməliyik..."

Arif Yunus çıxışının sonunda “Çağırın cəlladı, oxuyun hökmünüzü...” deyərək, əli ilə başını tutub, Leyla Yunusla birlikdə salındıqları şüşə kabinənin içindəki skamyanın üstünə yıxılıb. Dərhal məhkəmədə olan həkimlər ona yardım göstərib. Təxminən iki saat sonra hökm elan olunub. Hökmə əsasən, Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib. Eyni zamanda, Yunusların əmlakının müsadirəsi, o cümlədən bank hesablarındakı vəsaitin dövlət nəfinə keçirilməsi də hökmdə öz əksini tapıb.

Leyla Yunusun vəkili Elçin Qəmbərov bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.

“Azadlıq”: Beynəlxalq təşkilatlardan Leyla və Arif Yunuslara oxunmuş hökmə ilk və sərt reaksiyalar ABŞ-ın nüfuzlu senatorlarından biri, Senatın Xarici Əlaqələr Komitəsi sədrinin müavini, Senatın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki komisiyası) həmsədri Ben Kardin Azərbaycanda vətəndaş cəmiyyəti fəalları Leyla və Arif Yunus barədə çıxarılmış məhkəmə hökmü ilə bağlı bəyanat verib.

ATƏT Parlament Assambleyasının Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin sədri Isabel Santos da çıxarılan hökmdən məyus olduğunu deyib: "Mən Azərbaycanın ən tanınmış və cəsarətli hüquq müdafiəçiləri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus barədə hökm xəbərindən məyus oldum. Azərbaycan hakimiyyəti açıq-aşkar ATƏT-in ən sadə statdartlarını pozmaqda utanc görmür.”

"Azərbaycan hakimiyyəti müstəqil vətəndaş cəmiyyətini susdurmaq üçün hər şeyə əl atır. Bu məhkəmə hökmü buna bir nümunədir. Bu sadəcə olaraq dəhşətdir" - deyə, İnsan Haqları Evi Fondunun (Human Rights House Foundation) Şərqi Avropa və Qafqaz regionu üzrə rəhbəri Ane Tusvik Bonde bildirib.

O, Leyla və Arif Yunusların məhkəməsinin müstəqil müşahadiçələrin, məhkəmələri monitorinq edənlərin üzünə qapalı olmasını da pisləyib: "Məhkəmə faktiki olaraq, bağlı qapılar arxasında keçirilib. Məhkəmə əməkdaşları zalın dolu olduğunu əsas gətirsə də, əslində zal işə aidiyyatı olmayan şəxslərlə doldurulub".

"Freedom Now" təşkilatı da hakimiyyəti Leyla və Arif Yunusları dərhal azadlığa buraxmağa çağırıb. Təşkilatın icraçı direktoru Maran Turner məhkəmə hökmünü şokedici və utancverici adlandırıb: "Onların səhhətləri və tibbi xidmətin keyfiyyəti nəzərə alınarsa, məhkəmənin hökmü edama bərabərdir".

“Xalq qəzeti”: Rusiyanın hərbi gəmiləri Bakıya niyə gəlib?

Müdafiə Nazirliyindən xəbər veriblər ki, “avqustun 13-də Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının “Mahaçqala” və “Volqodonsk” kiçik artilleriya gəmilərinin, həmçinin “Anatoliy Qujvin” kiçik hidroqrafiya gəmisinin Bakıya rəsmi səfəri başlayıb.” Bildirilir ki, hərbi gəmiləri Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin və Rusiyanın ölkəmizdəki səfirliyinin nümayəndələri qarşılayıblar.

“Əvvəlcə qonaqlar ulu öndər Heydər Əliyevin Hərbi Dəniz Qüvvələrinin həyətində ucaldılmış abidəsi önünə gül dəstələri qoyublar. Nümayəndə heyəti, həmçinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı, Səbail Rayon İcra Hakimiyyəti və Bakı Dəniz Limanının rəhbərliyi ilə görüşlər keçirəcək, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində tədris prosesi ilə tanış olacaq.” Səfərin avqustun 16-dək davam edəcəyi bildirilir.

“Xalq qəzeti”: Almaniyalı diplomat beynəlxalq hüquqa əsasən Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu deyib

Almaniyanın Türkiyədəki səfiri və NATO-dakı keçmiş daimi nümayəndəsi Martin Erdman dpa informasiya agentliyinə müsahibəsində “regiondakı münaqişələrdən danışarkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Səfir beynəlxalq hüquqa əsasən Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu, lakin hazırda bu regiona Ermənistan tərəfindən nəzarət edildiyini vurğulayıb.”

“Xalq qəzeti”: Alman qəzeti Azərbaycan Prezidentinin jurnalistin vəfatı ilə bağlı məsələnin araşdırılmasını şəxsi nəzarətinə götürməsindən yazır

“Almaniyanın “Bild” qəzetində Ann.az saytının əməkdaşı Rasim Əliyevin vəfatı ilə əlaqədar başlanılan cinayət işi barədə məlumat yayılıb.

Məlumatda hadisə ilə bağlı şübhəli şəxs qismində altı nəfərin saxlanıldığı bildirilir. Müəllif Azərbaycan Prezidenti İlham Əliyevin jurnalistin vəfatı ilə bağlı məsələnin araşdırılmasını şəxsi nəzarətinə götürdüyünü oxucuların diqqətinə çatdırır.

Qəzetdə, həmçinin Azərbaycan Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğunun mətbuat xidmətlərinin məsələ ilə bağlı birgə məlumatına istinad edilir.”