Mətbuat icmalı: Xədicə “Yeni Müsavat”ı nədə ittiham edir?

Şəklin mənbəyi, Getty
“Azadlıq”: Xədicə İsmayıl: “Məni ifadələrlə tutmayıblar, İlham Əliyev məndən yazılarıma görə intiqam alır.”
Həbsdəki araşdırmaçı jurnalist Xədicə İsmayıl cəmiyyətə yeni mesaj yollayıb. Bu barədə jurnalist Natiq Cavadlı özünün facebook səhifəsində məlumat paylaşıb. N.Cavadlı bildirir ki, X.İsmayıl həbsə düşəndən bəri ilk dəfə ona zəng edib. Söhbət zamanı X.İsmayıl ondan bəzi fikirlərinin ictimailəşməsini istəyib.
“Həbsə düşəndən sonra ilk dəfə Xədicə İsmayılla danışdım. Sevincimin həddi yoxdur. Hamıya salamlar söylədi. ... Xədicə xanım xahiş etdi ki, cəmiyyətə çatdıraq: “Yeni Müsavat” qəzetinin dərc etdiyi ifadələr deyil, bu, prokurorluğun yazdığı ittiham aktıdır və orada onlara sərf edən yalanlar yazılıb, hətta ifadələr saxtalaşdırılıb, guya ifadələrdə belə söylənilir deyə ona saxta ittiham düzəldilib. Adamların ifadələrdə demədiyi sözlərə istinad olunub, yalan şərhlər və çıxarışlar edilib. Nəinki başqalarının, hətta onun öz ifadəsi orada yanlış və prokurorluğa lazım olan kimi qələmə verilir. Bu, saxta və uydurma bir sənəddir”, - deyə N.Cavadlı yazıb.
X.İsmayıl deyib ki, hətta prokuror ona iş istəyərkən də məhkəmədəki ifadələri saxtalaşdırıb və yalandan çıxarışlar edib. Ekspertlər də yalan danışıblar.
“Amma hətta qorxu və şantajla aldıqları ifadələr də doğrulmadı, “zərərçəkən” belə məhkəmədə ifadəsindən imtina etdi, onu hansı basqı altında verdiyini söylədi. Başqa cür ola da bilməzdi, çünki ortada heç bir cinayət yoxdur” - deyə X.İsmayıl bildirib. X.İsmayıl sonda onun həbsinin gerçək səbəbindən diqqəti yayındırmaq cəhdlərina qarşı mövqeyini ifadə edib: “Heç kim mahiyyəti çaşdırmağa çalışmasın, məni ifadələrlə tutmayıblar, İlham Əliyev məndən yazılarıma görə intiqam alır. “Yeni Müsavat”a gəlincə, mən artıq ona “Səs” qəzeti kimi yanaşıram”.
Qəzet bundan başqa yazır: “bir neçə gün qabaq “Yeni Müsavat” qəzeti X.İsmayıla qarşı quraşdırılmış ittiham aktını dərc edib. Əlbəttə ki, ittiham aktı X.İsmayılı “cinayətkar” çıxarmaq üzərində qurulub və işin mahiyyəti baxımından orada maraq doğuracaq bir detal, sirr yoxdur. Prokurorluğun hazırladığı ittiham aktını qəzet hansı maraqla tirajlayıb, təbii ki, dəqiqi redaksiyanın özünə bəllidir. Lakin bu qəzetin buna qədər də bir neçə dəfə siyasi məhbuslarla bağlı işin həlledici məqamında hakimiyyətin arqumentlərini tirajlaması ortada müəyyən qəsdin olduğunu deməyə əsas verir.”
“Yeni Müsavat”: “Xədicə İsmayıla qarşı ittiham aktının çapını müvəqqəti dayandırmışıq”
Qəzet Xədicə İsmayılın mətbuatda yayılmış müraciətinə reaksiya verib: “İlk gündən bu sənədləri yayımlamaqda yeganə məqsədi olub: X.İsmayılın cinayət işində cəmiyyətdən gizli qalan məqamları üzə çıxarmaq, jurnalistə qarşı “mətbəx”də hazırlanan əməliyyatın detallarını ictimaiyyətə təqdim etmək. Çox dar bir çevrənin - 10-15 nəfərdən söhbət gedir - bu detalları bilməsi isə bütün oxucuların ondan xəbərdar olması anlamına gəlmir.”
“Yeni Müsavat” olaraq bir daha bəyan edirik ki, ilk gündən X.İsmayıl işindəki bütün detalları üzə çıxarmaqda maraqlı olmuşuq. Silsilə məhkəmə reportajları, vəkillər, işdəki “açar fiqurlar”la səs-küy doğuran eksklüziv müsahibələr, hətta onların ən önəmsiz kimi görünən, amma işin gedişinə ciddi təsir edən statuslarının işıqlandırılması... bunun təsdiqidir.
…İttiham aktı bütünlüklə əlimizdə olsa da, cəmiyyətin kiçik bir kəsimində yaranan narazılığı nəzərə alıb, onun çapını müvəqqəti dayandırdıq. Hazırda onun çapının davamı ilə bağlı media ekspertləri ilə də məsləhətləşmələr gedir. Təbii ki, işin içində adı keçən şəxslər, bu işlə bağlı bu və ya digər formada ifadə verənlər onun çapının davamında maraqlı deyil və bu, anlaşılandır.”
“Yeni Müsavat”: PKK Bakı-Tiflis-Qars-Ərzurum kəmərini partladıb
Qəzet "İhlas" agentliyinə istinadən bildirir ki, “PKK terrorçuları Qarsın Sarıqamış qəsəbəsindən keçən Bakı-Tiflis-Qars-Ərzurum kəmərini partladıblar. …Partlayışdan sonra alov yüzlərlə metr yüksəlib, qaz nəqli dayandırılıb. Təhlükəsizlik qüvvələrinin tədbirləri gücləndirdiyi bölgəyə giriş qadağan edilib.”
“Azərbaycan”: Milli Kitabxanada "Fikrət Qoca-80" adlı kitab sərgisi
“Avqustun 24-də M.F.Axundzadə adina Milli Kitabxanada çağdaş Azərbaycan poeziyasının istedadlı nümayəndələrindən biri, xalq şairi Fikrət Qocanın anadan olmasının 80 illiyi münasibətilə "Fikrət Qoca-80" adlı kitab sərgisi açılıb. …Sərgidə şairin Azərbaycan və xarici dillərdə çap olunmuş kitabları, haqqında yazılmış, "Ön söz" yazdığı, redaktə etdiyi kitablar nümayiş olunub.”
























