Mətbuat icmalı: Tehranla Bakının əməkdaşlığı regiondakı "problemləri həll edə bilər"

Çap edildi

"Azərbaycan": İran XİN-in müavini: " Rəsmi Tehranla Bakı arasında hərtərəfli əməkdaşlıq regiondakı problemləri həll edə bilər"

İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini, İran Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpur AZƏRTAC-a müsahibəsində deyib ki, Azərbaycan ilə İran arasında əməkdaşlıq vacibdir və hər iki ölkənin xeyrinədir "İ.Rəhimpur bildirib ki, Azərbaycan və İran prezidentlərinin önəmli qarşılıqlı rəsmi səfərlərindən sonra iki ölkə arasında bir çox məsələlər öz həllini tapıb. ...Nazirlər səviyyəsində yaxşı əməkdaşlığa başlanılıb və bu əməkdaşlıq bir çox yeni sahələrdə aparılır. Nazir müavini nəzərə çatdırıb ki, regiondakı vəziyyət və baş verən bəzi mənfi proseslər Azərbaycan-İran əməkdaşlığını zəruri edib. Rəsmi Tehran ilə Bakı arasında hərtərəfli əməkdaşlıq regiondakı problemləri həll edə bilər.

...Diplomat İran ilə Azərbaycan arasındakı əlaqələrin perspektivini yaxşı gördüyünü qeyd edib."

"Azərbaycan": İranın nüfuzlu din xadimi Azərbaycana gəlir

"İran İslam Respublikasının nüfuzlu din xadimi Ayətullah Hüseyn Nuri Həmədani Azərbaycana səfər edəcək. Ayətullahın dəftərxanasından verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin dəvəti ilə avqustun 31-dən sentyabrın 4-dək davam edəcək səfər çərçivəsində Bakı, Şamaxı və Gəncə şəhərlərinin din xadimləri ilə görüşlər keçiriləcək. Bundan başqa, Ayətullah Hüseyn Nuri Həmədani Şəhidlər xiyabanını ziyarət edəcək, Heydər və Bibi-Heybət məscidlərində olacaq, Təzəpir məscidində isə namaz qılacaq. Səfər çərçivəsində, həmçinin Şamaxı Cümə məscidinin, Gəncədə Nizaminin məqbərəsinin və Şah Abbas İmamzadə Kompleksinin ziyarət ediləcəyi də nəzərdə tutulub."

"Azadlıq": "Mətbuat azadlığı və insan haqlarına qarşı bu cür təqib, hətta Azərbaycan kimi avtoritar ölkələr üçün də görünməmiş bir haldır."

Dövlət ittihamçısının “Azadlıq” radiosunun araşdırmaçı jurnalisti Xədicə Ismayıl həbsi bir çox beynəlxalq təşkilatların tənqidləri ilə üzləşir. "Bu təşkilatlardan biri də Jurnalistləri Müdafiə Komitəsidir. Qurumun Avropa və Orta Asiya Proqramı üzrə koordinator Nina Oqnianova “Amerikanın Səs”inə Skype müsahibəsində Azərbaycanda həbsdə olan jurnalistlərin qeyd-şərtsiz sərbəst buraxılmasına çağırıb. Qəzet xanım Oqnianovanın müsahibəsini oxuculara təqdim edib. Müsahibədə deyilir:

"Biz dəfələrlə demişik ki,bu məhkəmə prosesi ədalətin tam məsxərəsidir. Biz bunu ədalətli məhkəmə prosesi və istintaqı kimi qəbul etmirik və Xədicə Ismayılın qeyd-şərtsiz, dərhal azad olunmasına çağırırıq. Xədicə Ismayılın peşəkar jurnalist kimi fəaliyyəti, korrupsiya araşdırması, eləcə də Azərbaycandakı digər siyasi məhbuslarla bağlı fəallığına görə həbs edilməsi təkcə Jurnalistləri Müdafiə Komitəsi deyil, beynəlxalq insan haqları ictimaiyyətinin qəbul etdiyi bir faktdır. Daha öncə də dediyim kimi, o, dərhal qeyd-şərtsiz azad olunmalıdır və ona qarşı irəli sürülən bütün ittihamlar ləğv edilməlidir. İfadə, mətbuat azadlığı və ümumiyyətlə, insan haqlarına qarşı bu cür təqib, hətta Azərbaycan kimi avtoritar ölkələr üçün də görünməmiş bir haldır. Azərbaycanda mətbuat azadlığı heç bir zaman mükəmməl olmayıb, amma son bir neçə ildə ifadə azadlığına qarşı təqib misli görünməmiş bir səviyyəyə çatıb. Təbii ki, rəsmi Azərbaycanın həm Vaşinqton, həm də Brüsseldə güclü lobbisi var. Ancaq hətta beynəlxalq insan haqları təşkilatları bu təqiblərə qarşı yekdil çıxış etməsinə baxmayaraq, həm ABŞ, həm də Avropada rəsmi liderlər və siyasətçilər Əliyev hökumətinə təzyiqləri artırmalıdır. Onlar rəsmi Bakı ilə ikitərəfli danışıqlarda siyasi məhbusların, əsasən də hazırda Azərbaycanda həbsdə olan jurnalistlərin azad olunma məsələsini prioritet məsələ etməlidirlər. Onlar Bakıya güclü mesaj göndərməlidirlər ki, əgər bu jurnalistlər azad olunmasa, Azərbaycanla ənənəvi münasibətlər kəsiləcək. Son bir neçə ildə Azərbaycanda fəaliyyət göstərən müstəqil QHT və media qurumlarının tam məhvi baş verib. Burada ciddi repressiyalar var. Beynəlxalq icma yekdil olaraq səylərini Azərbaycanda ifadə və media azadlığının vəziyyətinin normallaşdırılmasına yönəltməlidir."

"Azadlıq": “Planlı şəkildə qurulmuş kleptokratiyalar bu gün bir çox avtokratiyaların həm bel sütunu, həm də Axilles dabanıdır”

"ABŞ Georgetown Universitetinin əməkdaşı, Azad Avropa/Azadlıq Radiolarının keçmiş rəhbəri Jeffrey Gedmin və Amerika Sahibkarlıq İnstitutunun (American Enterprise Institute) araşdırmaçısı Gary Schmitt CNN telekanalının internet saytında Azərbaycan jurnalisti Xədicə İsmayılovanın həbsi ətrafında yaranan vəziyyəti şərh ediblər."

Bildirilib ki, "Jurnalistlərin Beynəlxalq Müdafiəsi Komitəsi CPJ-in məlumatına görə, ötən il bütün dünyada 220 jurnalist həbs edilib və bu, bir il əvvəlkindən 10 faiz artıqdır. Lakin İsmayılovanın işi bunların arasında xüsusi diqqətə layiqdir, çünki müasir avrtoritarlar barədə bir sıra həqiqətləri açır".

Müəlliflər yazırlar ki, "2010-cu ildən bəri Azərbaycanda hökumət korrupsiyası səhəsində təhqiqat aparan jurnalist İsmayılova prezidentin və onun ailəsinin də bu korrupsiya ilə bağlı olduğunu üzə çıxarıb. Bu faktların arasında Əliyevin 11 yaşlı oğlunun Birləşmiş Ərəb Əmirliklərində 44 milyon dollarlıq mülkiyyətinin olması barədə iddialar, Əliyevin qızlarının adına qeydiyyatdan keçmiş ofşor şirkətlər barədə məlumatlar da vardı. Xədicə İsmayılovanın araşdırmalarından bəlli olurdu ki, Əliyevlər ailəsinin üzvləri Azərbaycanda 2,5 milyard dollarlıq qızıl çıxarılması ilə məşğul üç Panama şirkətinin menecerləridirlər."

Məqalədə deyilir: “İsmayılovanın məqalələri ölkənin “birinci ailəsinin” sinirlərinə toxunmuşdu”.

"Hudzondakı Kleptokratiya Təşəbbüsləri İnstitutunun təsisçisi və direktoru Charles Davidson qeyd edir ki, “Planlı şəkildə qurulmuş kleptokratiyalar (oğrular və fırıldaqçıların hökumətləri) bu gün bir çox avtokratiyaların həm bel sütunu, həm də Axilles dabanıdırlar”.

“Bu səbəbdən də jurnalisti bunları ifşa etdiyinə görə ittiham etmək diqqəti ailənin maliyyə əməliyyatlarına daha çox çəkə bilərdi, - yazırlar müəlliflər, - Buna görə də onlar Xədicəyə qarşı “həmkarını intihara məcbur etmək” kimi cəfəng bir ittiham irəli sürüblər…”

Məqalədə deyilir ki, “intihar etməyə məcbur edilən şəxs”in özü bu ittihamı yalanladıqdan sonra, jurnalistə qarşı vergidən yayınma və mənimsəmə ittihamları də əlavə edilib. ...Məqalədə vurğulanır ki, bu gün Amerika Birləşmiş Ştatları planet boyunca avtoritar rejimlərlə əlaqələr qurarkən öz maraqlarını və dəyərlərini daha diqqətlə ölçüb-biçməlidir. Müəlliflərin fikrincə, Amerika belə edərsə, avtoritarlar da başa düşərlər ki, ABŞ-ın bir marağını o biri marağına qurban verib oynamaq olmaz. Bu həm də çox baha qiymətə demokratiya yolunu seçmiş ölkələri də ruhlandırar, qlobal ictimaiyyət isə Vaşinqtonun simasında riyakarlıq yox, elan edilmiş prinsiplərə sadiqlik görər.

Məqalənin sonunda Azadlıq Radisounun ABŞ Konqresi tərəfindən maliyyələşdirildiyinə işarə edən müəlliflər yazırlar ki, bu mənada Xədicə İsmayılova Amerika vergiödəyəninin etimadını doğruldub.

“İndi növbə bizimdir ki, ABŞ öz işini görüb onun azad edilməsinə nail olmalıdır”"