Mətbuat icmalı: Dollar əmanətləri üzrə faiz dərəcələri niyə aşağı salınır?

Şəklin mənbəyi, Getty
“Azadlıq”: Xədicə İsmayıl: “Nizamnamədən kənara çıxıb neyləmişik, kartof satmışıq?”
Araşdırmaçı jurnalist. Xədicə İsmayılın işi üzrə məhkəmə prosesinin başa çatması üçün yalnız bir mərhələ qalıb - onun son sözünü deməsi. Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək növbəti iclasda Xədicə İsmayıl son sözünü deyəcək və ardınca da Ramella Allahverdiyevanın sədrlik etdiyi hakimlər heyəti məhkəmənin hökmünü elan edəcək.
Vəkil Fariz Namazlı öz çıxışına “Ekspress məhkəmə prosesi bitdi” cümləsi ilə başlayıb və belə yekunlaşdırıb: “Xahiş edirəm, elə hökm çıxarın ki, sonra gülüş doğurmasın. Çünki bu hökm Avropa Məhkəməsinə gedəcək, orada işlə tanış olanda bizə gülməsinlər. Müdriklərin belə bir fikri var, ədalət topaldır, gec-gec gedir, amma mütləq gedəcəyi ünvana çatır”.
Digər vəkil Fəxrəddin Mehdiyev də çıxışında vurğulayıb ki, ittihamların qanunsuz və əsassızlığı məhkəmədə tam sübuta yetirilib: “Prokuror iki saat ittiham nitqilə çıxış etdi, heç bir normativ akta istinad eləmədi. Halbuki, hüquqşünas danışan qanundur. Xədicə İsmayılovaya verilən hazırkı ittiham konstitusiya ilə təminat verilən təqsirsizlik prezumpsiyasına qarşı üzüqara ittihamdır. Cinayət Prosessual Məcəlləsinin sübutlar tələbinə qarşı xəcalətli ittihamdır.
Prokuror sadəcə, bir əfsanə danışdı burada, özü də bu əfsanənin ssenarisi çox pis yazılmışdı.
Cinayət Prosessual Məcəlləsinin tələbinə görə, şəxsin təqsirini sübut etmək ittiham tərəfinin vəzifəsidir. İttiham tərəfi nəyi sübut etdi? Tural Mustafayevin Xədicə İsmayılovadan maddi və ya xidməti asılılığını sübut edə bildimi? Qətiyyən yox. ...Bu ittihamın əsasını Tural Mustafayevin ərizəsi təşkil edib. Daha sonra o, sosial şəbəkələrdə məlumat yaydı ki, həmin ərizəni təzyiq altında yazmağa məcbur edilib. Ardınca da baş prokuror Zakir Qaralova məktub yazaraq, ərizəsini geri götürdüyünü açıqladı. Tural Mustafayev məhkəmə qarşısında da çox önəmli ifadə verərək bildirdi ki, intihara cəhd etməsinin Xədicə İsmayılovaya heç bir aidiyyəti yoxdu. Bu barədə istintaq ifadələrinə gəlincə, etiraf etdi ki, Xədicəyə böhtan atıb, intihar cəhdi də psixi durumu ilə bağlı olub. Əlavə etdi ki, özünü zərərçəkmiş hesab eləmir. Qəribədir ki, bundan sonra Tural Mustafayev özü məhkəmədə iştirak etmədi. Onun nümayəndəsi qismində iştirak edən şəxs isə sanki prokurorun köməkçisi idi. Heç bir sübut olmadan təkcə bu ittiham üzrə Xədicə İsmayılovaya 5 il həbs cəzası istəmək prokuror tərəfindən səlahiyyət həddini aşmaqdır.
İttiham tərəfi məhkəmədə nəinki sübut təqdim edə bilmədi, heç sübuta yaxın da durmadı. İttihamlar faktiki ifşa olundu. Ancaq daha böyük miqyasda ifşa oluna bilər. Təəssüf ki, məhkəmə fövqəladə rejimdə keçirilməklə buna mane oldu. Bizim 35-ə qədər vəsatətimiz oldu, heç biri təmin edilmədi. Halbuki, onların hər biri işin obyektiv, hərtərəfli araşdırılması baxımından çox vacib idi. Amma bütün bunlara baxmayaraq, yenə də ittihamlar darmadağın oldu. İttiham tərəfi stəkanda fırtına yaratmaq istədi, amma o stəkan boş idi. Ittihamçı Cinayət Məcəlləsinin 41-ci maddəsinə istinad edərək, Xədicə İsmayılın islah olunması üçün ona həbs cəzası verilməsini istədi. Amma o, həmin maddəyə yarımçıq istinad elədi. Çünki orada sosial ədalətdən də söhbət gedir. Ədalət təkcə hüquqa aid deyil, planetar məsələdir. Hər bir ədalətsizlik cəmiyyətdə kataklizmlər yarada bilir. Roma hüququndan gələn aforizm var: “Ədalət məhkəməsi dövlətin əsasıdır”. Mən deyərdim ki, ədalət məhkəməsi ümumiyyətlə, həyatın əsasıdır. Bir şəxsə qarşı ədalətsizlik hamı üçün təhlükədir".
Fəxrəddin Mehdiyev çıxışını belə yekunlaşdırıb: “Hörmətli məhkəmə, bu gün sizin üçün sınaq dövrüdür. Elə bir qərar verin ki, tarix baxımından vacib olan bu sınaqdan çıxasınız. Bunu da yalnız bəraət hökmü çıxarmaqla eləmək mümkündür”.
Prokuror öz replikasında bildirib ki, təqsirləndirilən şəxsin vəkilləri ittiham tərəfinin sübutlarını təkzib edə bilmədi.
“Xədicə İsmayıl prokurorun bu replikasını cavabsız qoymayıb:
- Çünki sübut yox idi...
Prokuror:
- Nizamnamədən kənar işlərlə məşğul olublar.
Xədicə İsmayıl:
- Hansı işlərlə? Neyləmişik? Kartof satmışıq?
Bundan sonra Xədicə İsmayıla son sözünü hazırlamaq üçün məhkəmədən bir həftə vaxt istəyib.
Məhkəmə prosesi avqustun 31-nə qədər təxirə salınıb. Həmin gün saat 14.00-da davam edəcək məhkəmə iclasında Xədicə İsmayıl son sözünü deyəcək.
Xədicə İsmayılının anası Elmira İsmayılova bildirib ki, qızı məhkəməni gülərək izləyib: “Vəkillər çox yaxşı çıxış elədilər. Amma mənə elə gəlir ki, bunların mənası yoxdur. O baxımdan ki, yuxarıdan tapşırıblar. Xədicə də gülür, deyir ki, bilirdim belə olacaq. İlham Əliyev nə tapşırıbsa, onu da yerinə yetirirlər”.”
“Azadlıq”: Banklar ölkədə dollarlaşmanı aşağı salmağa səy göstərir
“Azərbaycanın bəzi kommersiya bankları ikinci dəfə dollar əmanətləri üzrə faiz dərəcələrini aşağı salmağa başlayıblar. Bankların saytlarının verdiyi məlumatına görə, artıq AccessBank, Azərbaycan Beynəlxalq Bankı, Unibank, Bank of Baku, Bank VTB Azərbaycan dollar əmanətləri üzrə faiz dərəcələrini xeyli endiriblər.
Dollar əmanəti üzrə minimum faizi dərəcəsini (əsasən 1 illik), AccessBank 1-2%-ə, Azərbaycan Beynəlxlaq Bankı 2.25 faizə, Unibank 0,5-1 faizə, Bank of Baku 0,5 faizə, Bank VTB Azərbaycan 1,7 faizə endirib.
KapitalBank, ümumiyyətlə, 11 ayadək müddətinə dollar əmanətlərini qəbul etmir. Müddətli dollar əmanətləri minimum 12-24 aylıq yerləşdirilməlidir. Bu halda 3 faiz gəlir təklif olunur. Müddətsiz dollar əmanətləri üzrə isə faiz dərəcəsi minimum 1 faizdir.
Azərbaycan Beynəlxalq Bankı isə 9 ayadək müddətə dollarada əmanət qəbul etmir.
Bir sıra banklar isə 4-6 ayadək dollarda əmanətlər götürmürlər.
Ümumiyyətlə, adı çəkilən banklarda ən yüksək əmanət qəbulu müddətləri olan 36-60 aylıq dollar əmanətləri üzrə faizlər 5,5 faizi keçmir.
Ekspertlər bildirirlər ki, bankların belə qərar qəbul etməkdə məqsədləri dollarlaşmanı aşağı salmaqdır.”
Bundan başqa bildirilir ki, “Mərkəzi Bank daxili valyuta bazarında dollara artan tələbatı qarşılamaq və cari məzənnənin sabitliyini qorumaq məqsədi ilə son bir həftə ərzində bazara valyuta müdaxiləsini kəskin artırıb.
“Report” saytı xəbər verib ki, son 4 iş günü ərzində(avqustun 20-21-də və 24-25-də) AMB banklararası valyuta bazarında kommersiya banklarına toplam olaraq 893 mln. dollar həcmində valyuta kütləsi satıb. Bu, kommersiya banklarının ABŞ dollarına olan gündəlik tələbatının artması ilə bağlıdır.”
“Эхо”: Milli çay istehsalı niyə zəifdir?
Çay Azərbaycanda ən populyar içkidir. Ölkəmiz adambaşına düşən çay istehlakının həcminə görə dünyanın lider ölkələri sırasındadır. Həm də bu səbəbdən bu içkini ixrac edən ölkələr müntəzəm olaraq əməkdaşlığa maraqlarını ifadə edirlər. Belə ki, son günlərdə Hindistan istehsalçıları Azərbaycanın çay bazarında öz “mövqelərini” tapmaq istəklərini ifadə ediblər.
Davamlı İnkişaf Tədqiqat Mərkəzinin rəhbəri Nəriman Ağayev qəzetə bildirib ki, “Hindistan çayını xam şəkildə İranın cənubundan keçərək Azərbaycana gətirirlər. Bundan sonra onu bizim fabriklərdə emal edərək həm ölkəmizdə, həm də Gürcüstan və Türkiyədə satışa çıxarırlar. Sözsüz ki, Hindistanla birbaşa əməkdaşlıq yalnız müsbət bəhrələr verər.”
Hindlilərin bizim ərazimizdə çay istehsalının müasir metodlarını tətbiq edəcəyi istisna olunmur. Bizim üçün bu həm istehsalat, həm də maliyyə baxımından faydalı təcrübə olacaq. Yerli çayın istehsalına gəldikdə isə problem tələbatın olmamasından daha çox hazırlanma prosesindədir. Çay kollarının yetişdirilməsi uzun vaxt tələb edir. Lakin həm də məhsulu uzun müddət ərzində toplamaq olur. Çay kolunun ortalama ömrü 60-80 ildir. Məsələ burasındadır ki, Azərbaycanın iqlimi və resursları çay istehsalının həcmini artırmağa imkan vermir. Ona görə də yetişdirmənin və məhsul toplanmasının gücünün azalması müşahidə olunur. Bizim üçün 2-3 sortun istehsalı kifayət edir.
Ekspert bundan başqa çayın emalı və milli brendlərin promouşnu məsələlərindən də danışıb.
























