Yunanıstan: növbədənkənar parlament seçkiləri keçirilir

Şəklin mənbəyi, Reuters
Yunanıstanda bazar günü keçirilən növbədənkənar parlament seçkiləri çərçivəsində səsvermə məntəqələri yerli vaxtla səhər saat 07:00-dən açılıb.
Son günlərdə keçirilmiş rəy sorğularına görə, əsas mübarizənin hakim Syriza partiyası ilə mühafizəkar "Yeni demokratiya" partiyası arasında aparılacağı gözlənilir.
Yunanıstanda son 6 il ərzində artıq sayca 5-ci dəfədir ki növbədənkənar parlament seçkiləri keçirlir.
Bu dəfəki növbədənkənar seçkinin keçirilməsi barədə qərar bu ilin avqust ayında verilmişdi.
O zaman, beynəlxalq kreditorların yeni maliyyə yardımı şərtlərinə razılıq vermiş Syriza partiyasının lideri, baş nazir Alexis Tsiprasın populyarlığı kəskin dərəcədə aşağı düşdüyündən, o, vəzifəsindən istefa vermişdi.
Yunanıstana beynəlxalq maliyyə yardımının şərtləri ölkə büdcəsində sərt qənaət tədbirlərini nəzərdə tutur.
Syriza partiyası bu ilin əvvəlində hakimiyyətə gələrkən həmin şərtləri sərt tənqid edirdi.
Yunanıstan dərin maliyyə böhranında olduğundan seçkilərin qalibi sərt iqtisadi islahatlar keçirmək məcburiyyəti qarşısında qalacaq.
Yunanıstanda bugünkü səsvermə yerli vaxtla saat 19:00-da başa çatacaq.



























