Britaniya mətbuatı: Almaniyada müsəlmanlara qarşı “donuz aksiyaları”

Çap edildi

“The Express” qəzeti yazır ki, Almaniyada kansler Angela Merkelin ofisinin qapısına üzərinə “təhqiramiz” mesaj yapışdırılmış donuz başı qoyulub.

Polis kağızda yazılanların “təhqiramiz” olduğunu təsdiqləsə də, təhqirin dəqiq məzmununu açmaqdan imtina edib.

“The Express” yazır ki, Almaniyada ictimai rəy “Merkel ananın” miqrantlara açıq qapı siyasətinə qarşı dəyişəndən bəri ölkədə “donuz etirazları” geniş vüsət alıb.

Məqalədə xatırladılır ki, təkcə ötən il ərzində ölkəyə bir milyona yaxın iqtisadi miqrant gəlib.

Son rəy sorğuları göstərir ki, almanların üçdə ikisi 2017-ci il seçkisində Merkelin hakimiyyətdən getməsini istəyir.

Qəzet yazır ki, İslamda murdar heyvan sayılan donuz Almaniyada mühacirət siyasətinə qarşı etirazların rəmzinə çevrilib.

Bu ayın əvvəllərində müsəlman miqrantların toplaşdığı kafenin qarşısına iki donuz başı atılıb.

Mart ayında isə polis Gelsenkirchen şəhərindəki məscidin qapısında donuz sür-sümüyü tapmışdı.

Ötən fevral ayında Şərqi Almaniyadakı Leypsiqdə məscid tikintisi üçün nəzərdə tutulmuş yerə bütöv donuz cəmdəyi tullanmışdı.

Cəmdəyin üstünə yapışdırlan namə də kanslerə ünvanlanmışdı: “Mutti Merkel” (Merkel ana).

Davutoğludan sonra Türkiyənin islahatları dayanıb

“The Financial Times” yazır ki, baş nazir Ahmet Davutoğlunun postunu tərk etməsi ilə Türkiyədə iqtisadi islahatlar tamamilə dayanıb, çünki prezident Recep Tayyip Erdoğan yalnız öz hakimiyyətini möhkəmləndirmək qayığları ilə yaşayır.

Məqalədə deyilir ki, sözü gedən islahatlara Türkiyənin əmək bazarı, adamların hökumət zəmanətli pensiyaları və Türkiyə şirkətlərinin kapital qazanmasını təmin edəcək qiymətli kağızlar bazarı kimi mühüm sahələr daxildir.

Qəzet yazır ki, cənab Erdoğan ötən həftə Ahmet Davutoğlunu istefaya məcbur etdikdən sonra keçmiş baş nazirin Türkiyəni inkişaf etdirəcək və Avropa İttifaqına yaxınlaşdıracaq islahatları da tamamilə dayandırılıb.

İnvestisiyalar azalıb

Məqalədə deyilir ki, Davutoğlunun gedişindən sonra digər islahatçıların, məsələn maliyyə naziri Naci Ağbalın və baş nazir müavini Mehmet Şimşekin taleləri də havadan asılı qalıb.

Standard & Poor’s firmasından Frank Gill bildirib ki, son hadisələr Türkiyə hökumətinin yalnız konstitusiya islahatları üzərində düşündüyünü göstərir.

Analitik deyib ki, hazırda Türkiyədə pul əmanətləri üçün faizlər son dərəcə aşağı həddə enib.

Ölkənin əməkçı bazarı aşağı ixtisaslı olaraq qalmaqda davam edir. Ölkəyə xarici investisiyaların daxil olması 2006-cı ildən bəri ən zəif həddə düşüb.

Faktiki olaraq tikinti və bank sahələrindən başqa indi Türkiyədə heç bir sahəyə investisiya yatırılmır.

Qəzet yazır ki, maliyyə nazirliyindəki texnokratlar şəxsi söhbətlərində belə bir vəziyyətdən gileylənsələr də, hazırda ölkə iqtisadiyyatı kifayət qədər yaxşı durumda olduğundan islahatların axsadığı hiss olunmur. 2015-ci ilin son rübündə iqtisadi artım 5, 7 faiz olub. Bu, 2011-ci ildən bəri ən yaxşı göstəricidir.

“The Financial Times” yazır ki, cənab Erdoğan keçmişlərdə iqtisadi islahatları dəstəkləsə də, indi onun diqqəti öz hakimiyyətinin möhkəmləndirilməsinə yönəlib.

Bu məqsədlə prezident jurnalist və ziyalılardan qaynaqlanan narazılığa nəzarət etməyə çalışır, onun prezidentlik səlahiyyətlərini artıracaq referenduma nail olunması üçün dəstək toplayır.

Prezidentin kürəkəni

Məqalədə deyilir ki, Türkiyənin islahatlardan imtina etməsi ölkəni istehlak əsaslı artımdan daha da asılı edəcək. Nəticədə hazırda 11 faiz təşkil edən işsizliyin ixtisarı daha da çətinləşəcək.

Keçmiş maliyyə naziri cənab Şimşek bu ilin əvvəllərində investorları arxayın etməyə çalışaraq vəd etmişdi ki, islahatlar tezliklə həyata keçiriləcək.

Hakim Ədalət və İnkişaf (AKP) partiyasından iki anonim mənbə “The Financial Times” qəzetinə bildirib ki, hazırda baş nazir müavini Şimşekin prezidentin kürəkəni Berat Albayrakla əvəzlənməsi hazırlanır. Cənab Şimşek bu xəbəri şərh etməkdən boyun qaçırıb.

Qəzet yazır ki, hətta cənab Şimşek vəzifəsində qalsa belə onun, qeyri-populyar və maliyyə baxımından bahalı islahatları AKP-dən keçirə biləcəyi şübhə doğurur.

Global Source Partners konsaltinq firmasından Murat Ucer deyib ki, əslində Şimşek investorların başını qatmaqla vaxt qazanmağa çalışır.

Lakin onun çətinliyi həmişə eyni olub: vəd etdiyi islahatlar və onların siyasi baxımdan qeyri-mümkünlüyü.

O hətta vəzifəsində qalsa belə, mövqeləri xeyli zəifləmiş olacaq – çünki hazırda gündəliyin baş məsələsi prezident üsul-idarəsidir.

Yeni siqaret qadağanları

“The İndependent” xəbər verir ki, Britaniya parlamenti siqaret qutularına aid qanuna dəyişiklik edib.

Məsələn innən belə içində 10 ədəd siqaret olan yarımqutular qadağan olunacaq.

Mayın 20-dən qüvvəyə minəcək dəyişikliklərə əsasən siqaret qutuları eyni rəngdə olmalı və eyni cür açılıb-bağlanmalıdır.

Siqaret qutusu səthinin altmış faizini siqaret çəkməyin sağlamlığa ziyanına dair yazı və şəkillər təşkil etməlidir.

Tütün şirkətlərinə mayın 20-dən başlayaraq bir il müddətində köhnə tipli siqaret istehsalının dayandırılmasına vaxt verilir.

Yeni düzəlişlər mentollu və ətirli siqaretlərin istehsalını da qadağan edir.

Siqaret şirkətlərinə tapşırılır ki, qutuların üstündə “təmiz”, “təbii” və “yüngül” kimi aldanışlı sözlər olmamalıdır.

Siqaret şirkətlərinin bu qaydalarla əlaqədar Avropa Məhkəməsinə şikayəti heç bir nəticə verməyib.