Ermənistan son anda NATO hərbi təlimlərində iştirakdan imtina edib

Agile Spirit 2015
Şəklin alt yazısı, Ermənistan nümayəndələri Agile Spirit 2015 təlimlərində müşahidəçi qismində iştirak etmişdi
Çap edildi

Ermənistan son anda NATO-nun Gürcüstanda keçirdiyi "Agile Spirit 2017" ("Çevik ruh 2017") hərbi təlim məşqlərində iştirak etməkdən imtina edib, Gürcüstan Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə səlahiyyətli nümayəndəsi Giorgi Kaçaravaya istinadən Ermənistan mediası xəbər verir.

Ermənistan Müdafiə Nazirliyi qabaqcadan razılıq verdiyi NATO hərbi təlimində iştirak etməmək qərarını şərh etməkdən də imtina edib.

Görünür, Ermənistanın bu qərarı son anda qəbul olunub və gözlənilməz olub ki, Ermənistan bayrağı hərbi təlimin rəsmi nişanı üzərindən götürülməyib, BBC Azərbaycancanın Yerevan müxbiri Alexey Manvelyan xəbər verir.

Ermənistan bayrağı ilə yanaşı "Agile Spirit 2017" nişanı üzərində təlimdə iştirak edən Gürcüstan, ABŞ, Rumıniya, Ukrayna, Latviya və Azərbaycanın bayraqları da təsvir olunur.

line
line

"Ermənistan Müdafiə Nazirliyi Gürcüstanda keçiriləcək "Agile Spirit 2017" hərbi təlimlərində iştirak edəcəyini bəyan etmişdi. Lakin, təəssüf ki, qonşumuz son anda iştirakdan imtina etdi", - cənab Kaçarava deyib.

O, Ermənistandan təlimlərdə cəmi 3 hərbi həkimin iştirak edəcəyinin nəzərdə tutulduğunu deyib və onların iştirak etməməsinin təlimlərə heç bir təsiri olmayacağını qeyd edib.

Bundan əvvəl Ermənistan 2009-cu ildə son anda NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində keçirilən təlimlərdə iştirak etməkdən imtina etmişdi.

Müşahidəçilərin fikrincə, erməni tərəfinin son anda təlimlərdə iştirak etməmək qərarları Moskvanın təzyiqlərinin nəticəsi kimi anlanıla bilər.

"Ermənistan hərbi təlimdə iştirak etməyəcəyini qabaqcadan bəyan etsəydi, bütün tərəflər bu qərara normal yanaşardı. Bu halda isə, müxtəlif fikirlər yaranır. Bu, Rusiya tərəfindən təzyiq kimi yozula bilər", - Lester Universiteti kəşfiyyat, təhlükəsizlik və strateji tədqiqatlar departamentinin elmi işçisi Eduard Abramyan "tert.am" internet nəşrinə müsahibəsində deyib.

Eyni zamanda, təhlilçi hesab edir ki, erməni tərəfinin NATO tədbirlərində "həddən böyük" fəallığı Rusiya ilə gərginliyə səbəb ola bilər, çünki, onun sözlərinə görə, Moskva özünü NATO və blokun yaxın müttəfiqləri (Ukrayna və Gürcüstanla) ilə qarşıya qoyur və hətta sırf sülhməramlı və müdafiə xarakterli tədbirlər belə Moskva tərəfindən öz regional maraqlarına təhlükə kimi qəbul olunur.

Lakin bu gün jurnalistlərlə görüşü zamanı Ermənistan müdafiə nazirinin müavini Artak Zakaryan deyib ki, Ermənistan "Agile Spirit 2017" hərbi təlimlərində iştirak edəcəyini "təsdiq etməyibmiş". "Deyə bilmərəm, nə üçün Ermənistan iştirakçıların siyahısına salınıb. Ermənistan Silahlı Qüvvələri növbəti hərbi təlimdə iştirak edəcəyini bildirməyib. Bizim planlarımızda müəyyən dəyişikliklər baş verib", - Zakaryan bəyan edib.

O həmçinin Ermənistanın "Agile Spirit 2017" təlimlərindən imtina etməsində "hər hansı başqa tərəfin" təsiri olmadığını bildirib.

"NATO bizim tərəfdaşımız olaraq qalır. Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüyük və bizim əsas təhlükəsizlik "çətirimiz" KTMT sistemidir. Digər əməkdaşlıq problemlərimizi isə biz daima ağa və qaraya ayırmağa çalışırıq", - deyə Zakaryan Ermənistanın uzun illərdir istər siyasi, istər demokratik təsisatlarının inkişafı və sülhməramlı proqramlar çərçivəsində NATO ilə "geniş əməkdaşlıq" etdiyini xatırladıb.

"Agile Spirit 2017" hərbi təlimləri sentyabrın 3-də saat 12:00-da Gürcüstanın Axalsixe bölgəsində yerləşən poliqonda başlayıb və sentyabrın 11-dək davam edəcək. Rəsmi açılış mərasimində Gürcüstan prezidenti Qriqori Marqvelaşvili və müdafiə naziri Levan İzoriya iştirak ediblər.

"Agile Spirit 2017" hərbi məşqlərinin məqsədi böhranlı və başqa vəziyyətlər zamanı NATO sürətli reaksiya qüvvələrinin birgə iştirakının hazırlıq səviyyəsini qaldırmaqdır.

Daha əvvəl kütləvi informasiya vasitələri Axalsixedəki poliqona bir neçə "Abrams" ABŞ tankı və 5 yüzə yaxın hərbçi gəldiyini bildirmişdilər.

2011-ci ildən bəri Gürcüstanda keçirilən "Agile Spirit" hərbi təlimləri Gürcüstan-NATO tədbirlər paketi çərçivəsində işlənib hazırlanmışdır.