Slovyanskda "bir çox üsyançı ölüb" - Turçinov

Çap edildi
Oxuma vaxtı: 2 dəq

Ukraynanın şərqindəki Slovyansk şəhərində "anti-terror" əməliyyatının başlanmasından sonra bir çox rusiyapərəst üsyançı öldürülüb, xəsarət alıb və həbs olunub, müvəqqəti Prezident Oleksandr Turçinov deyib.

Amma bəyanatında o deyib ki, üsyançıların idarə etdiyi şəhərdəki əməliyyat istədiyi qədər çevik şəkildə həyata keçirilmir.

Daha əvvəl üsyançılar Ukrayna ordusunun iki helikopterini vuraraq bir pilotu və bir xidmətçini öldürüb.

Rusiya BMT Təhlükəsizlik Şurasında təcili görüşə çağırış edib.

Moskva deyir ki, Ukrayna ordusunun öz xalqına qarşı istifadə edilməsi "Ukraynanı faciəyə aparır".

Slovyanskdakı vəziyyət hələ ki, aydın deyil: Kiyev daha əvvəl demişdi ki, şəhərin yarısı Ukrayna ordusunun "nəzarəti altındadır".

Üsyançıların üç nəzarət-buraxılış məntəqəsində BBC müxbirinə deyiblər ki, onların nəzarət etdiyi sahədə döyüşlər aparılmayıb.

Slovyansk şəhəri şərqi Ukraynada nəzarətini getdikcə artıran ruspərəst separatçı qüvvələrin əsas istehkamlarından biridir.

Məlumata görə Ukrayna hökümətinin əsgərləri 10 nəzarət-buraxılış məntəqəsini zəbt edib
Şəklin alt yazısı, Məlumata görə Ukrayna hökümətinin əsgərləri 10 nəzarət-buraxılış məntəqəsini zəbt edib
Slovyansk yaxınlığında Ukrayna helikopteri uçur

Bu arada Odessada mərkəzi hökuməti dəstəkləyənlərlə rusiyapərəst qüvvələr arasında baş vermiş toqquşmada ən azı bir adam həyatını itirib, BBC Ukrayna xidməti bildirib.

Ukrayna jurnalistləri şəhərin mərkəzi meydanında baş verən qarşıdurma vaxtı atışma səslərinin eşidildiyini qeyd edirlər.

Digər xəbərlərdə:

  • Naməlum hücumçular Donetsk şəhəri yaxınlığında yerli dəmiryolunu nəzarətə alıb və qatarların hərəkəti pozulub
  • Məlumata görə, Moskva Vladimir Lukinlə əlaqəni bərpa edir. Lukin Rusiya elçisidir və Moskva onunla əlaqə saxlaya bilmədiyini deyirdi.
  • Rusiyapərəst üsyançılar Luqanskda prokurluğun ofisini və televiziya mərkəzini tərk edib

Daxili işlər naziri Arsen Avakov Slovyanskda "xüsusi əməliyyatın" fəal mərhələyə keçdiyini deyərək şəhərin mühasirəyə alındığıni bildirib.

Rusiya deyir ki, Kiyevin hərəkətləri ötən il Cenevrədə əldə edilmiş və böhranın sakitləşdirilməsinə yönəlmiş razılaşma ilə bağlı "son ümidləri" öldürür.

Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov Ukraynanın apardığı əməliyyatları "cəzalandırıcı" adlandırıb.

Cənab Peskov həmçinin deyib ki, Ukraynanın cənub-şərqinə göndərilən Rusiya elçisi Vladimir Lukin ilə əlaqə kəsilib.

Rusiyanın xarici işlər naziri daha öncə bəyan edib ki, Ukrayna qoşunlarının regionda hər hansı əməliyyatının "faciəli nəticələri" ola bilər. Bu bəyanat Rusiyanın bölgəni işğalına dair qorxuları artırıb.

Bu arada Slovyanskda bir neçə xarici jurnalistin tutulmasına dair məlumatlar gəlməkdədir.

"Tam döyüş hazırlığı"

Cümə axşamı verdiyi bəyanatında Ukrayna daxili işlər naziri Arsen Avakov deyib ki, əməliyyatın "aktiv fazası" yerli vaxtla 04:30-da başlayıb.

O deyib ki, daxili qoşunlar və Milli Qvardiya Slovyanks-Kramatorsk regionunda əməliyyatlara qoşulub.

"Terrorçular Ukrayna xüsusi birləşmələrinə qarşı ağır silahlardan atəş açdı".

"Professional muzdlularla real döyüş gedir", - cənab Avakov deyib və əlavə edib ki, separatçılar yaşayış binlarında dinc insanların evlərində gizlənmək taktikasından istifadə edir.

Rusiyanın dövlət telekanalı Rossiya 24 TV şəhərin "güllləbaran" edildiyini xəbər verir.