EgyptAir təyyarəsinin döndüyü "müşahidə olunmayıb"

Çap edildi

Misir aviasiya rəsmilərinə əsasən, qəzaya uğrayaraq Aralıq dənizinə düşməzdən əvvəl EgyptAir təyyarəsinin istiqamətindən döndüyü müşahidə olunmayıb.

Parisdən Qahirəyə yollanan Airbus A320 layneri ötən cümə axşamı radarlardan yoxa çıxıb. Onun göyərtəsində 56 sərnişin, 7 ekipaj üzvü və 3 təhlükəsizlik əməkdaşı olub.

Bundan əvvəl Yunanıstan Müdafiə Nazirliyi bildirib ki, dənizə düşməkdən öncə təyyarə 90 və daha sonra 360 dərəcəyə dönüş manevrini edib.

EgyptAir və Mülki Aviasiya Nazirliyi təyyarənin son manevrləri barədə xəbərləri şərh etməyib.

Yunanıstan və Misirin məlumatlarındakı ziddiyyətin səbəbləri naməlum qalır.

Misir dövlət aviasiya dispetçer xidmətinin rəhbərinə əsasən, yoxa çıxmazdan əvvəl təyyarə normal sayılan 11,280 metr yüksəklikdə uçub.

Sağa və sola dönüş olmayıb, və təyyarə Misir uçuş məkanına daxil olarkən “hər şey qaydasında olub”, - Ehab Azmy AP agentliyinə bildirib.

Rəsmi bundan sonra bir və iki dəqiqəyə təyyarənin radarlardan yoxa çıxdığını deyib.

Şənbə günü hadisəni araşdıran eskpertlər qəzaya uğramazdan əvvəl A320 laynerindəki tüstü detektorlarının işə düsdüyünü bildiriblər.

Misirin Müdafiə Nazirliyi EgyptAir şirkətinə məxsus təyyarənin dənizdən tapılan qalıqlarını nümayiş etdirib.